Foto 17:08 02.09.2019

"I Üzüm və Şərab Festivalı" nə ilə yadda qaldı? (FOTO/VİDEO)

30-31 avqust tarixlərində Şamaxı rayonunun Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalı reallaşıb. 

Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, "Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.
 
Məhsul bayramı bolluğun, bərəkətin, firavanlığın nümayişidir. Elə Azərbaycanda keçirilən Birinci Üzüm və Şərab festivalının da avqustun 30-u 31-nə təyin olunması təsadüfi olmamışdı. Bu festival ölkəmizdə üzüm mövsümünün startı, il ərzində yetişdirilən məhsulun nümayişi üçün bir platforma idi. 

Festival ilk dəfə keçirilməsinə baxmayaraq iştirakçılardan "dünyada görünməmiş festival Azərbaycanda” əks-sədasını ala bildi. 

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasına yönəlmişdi. 

Bu festival əslində Azərbaycanda son illərdə üzümçülüyün inkişafına yönəlik dövlət siyasətinə istehsalçılar, əhali tərəfindən dəstəyin bir növ nümayişi idi. 

Festivalın ərazisinin tərtibatı və dizaynı, üzüm və şərab mövzusunda maraqlı kompozisiyalar və məhz bu festival üçün hazırlanmış musiqi nömrələri iştirakılara sonsuz müsbət emosiyalar yaşatdı: hava şarı, tarlalardan dərilmiş məhsulla dolu retro avtomobillər, üzümçülük və şərabla bağlı maraqlı personajlar, kuklalar, Ömər Xəyyam, Seyid Əzim Şirvani qəzəlləri və s. Bütün bu proqramların bəzəyi isə əlbəttə ki yenə də təbiətdən gəldi-festival günlərində Şamaxıda yağan yağış məhsullun bolluğuna bir işarə kimi məhsul bayramına öz naxışını vurdu.

İştirakçılar isə artıq səbirsizliklə növbəti üzüm mövsümünü gözləməkdədir.

Mənbə: 7NEWS.az