Siyasət 20:44 02.12.2013

İbrahimbəyov istefa ərizəsini zor gücünə yazıb? - ŞOK İDDİA


Biz Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən getməsinə razılıq verməməliyik, sessiya onun istefa ərizəsini qəbul etməməlidir”.
EL hərəkatının üzvü, Milli Şuranın din və milli azlıqlarla iş üzrə komissiyasının sədri Eldəniz Quliyev “Media forum” saytına belə deyib.

O qeyd edib ki, Milli Şura adlı əsərin müəllifi Rüstəm İbrahimbəyovdur və müəllifin öz əsərindən imtinası qəbuledilməzdir: “Milli Şuranın dekabrın 3-də keçiriləcək sessiyası Rüstəm İbrahimbəyovun istefa ərizəsini geniş müzakirə etməlidir. Rüstəm İbrahimbəyovun bəyanat verməsi hələ onun sədrlikdən getməsi anlamına gəlmir, sessiya buna münasibət bildirməlidir. Mən təklif edəcəm ki, Rüstəm İbrahimbəyovun təklifi qəbul edilməsin. Çünki indiki mərhələdə onun istefa verməsi doğru addım deyil. Amma bu o demək deyil ki, biz Cəmil Həsənlinin sədr olmasının əleyhinəyik. Biz Cəmil bəylə birlikdə Ziyalılar Forumunda təmsil olunuruq. O, Azərbaycanın ləyaqət simvollarından biridir”.

Eldəniz Quliyev deyib ki, EL hərəkatı Milli Şurada həmsədrliyin yaradılmasını, Rüstəm İbrahimbəyov və Cəmil Həsənlinin həmsədr olmalarını təklif edir: “İndi də hesab edirik ki, həmsədrliyin yaradılması daha düzgün variantdır. Rüstəm İbrahimbəyov sədrlikdən niyə getməlidir? Onun getməsini istəyənlər heç bir arqument gətirə bilmirlər. Sadəcə olaraq bəziləri siyasi şıltaqlıq etdilər və Rüstəm İbrahimbəyovun istefasını gündəmə çıxardılar. Rüstəm İbrahimbəyovun Azərbaycanda olub-olmamasının nə fərqi var? O, burada olmaya-olmaya Milli Şura yarandı, şura prezident seçkisində iştirak etdi, uğur qazandı. Nəyə görə biz hər hansı partiyanın korporativ maraqları qarşısında geri çəkilməliyik? Rüstəm İbrahimbəyov istefa ərizəsini təzyiq altında yazıb. Onun verdiyi izahat öz yerində, amma təzyiqlə üzləşib. Müsavat Partiyasının bəzi funksionerləri korporativ maraqları milli maraqlardan üstün tutdular və Rüstəm İbrahimbəyova təzyiq etdilər”.

Eldəniz Quliyev bildirib ki, EL hərəkatını Milli Şurada təmsil edən bütün şəxslər sessiyada iştirak edəcəklər. Onun sözlərinə görə, EL hərəkatının Milli Şuradan getməsi gündəmdə deyil və bunun üçün əsas da yoxdur: “Kimlərsə planlı şəkildə dezinformasiya yayır. EL hərəkatı Milli Şuranın yaranmasında aparıcı rol oynayıb və qurumda fəaliyyətini davam etdirəcək”.

Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyov ötən həftə Milli Şura üzvlərinə müraciət edib. Müraciətində o, sədr vəzifəsindən azad edilməsini istəyib. Rüstəm İbrahimbəyov Milli Şuranın sədri postuna professor Cəmil Həsənlinin seçilməsini də təklif edib. Cəmil Həsənli 2013-cü ilin prezident seçkisində Milli Şuranın namizədi olub.

Milli Şuranın dekabrın 3-də Bakıda, AXCP-nin mərkəzi qərargahında keçiriləcək sessiyasının gündəliyinə Rüstəm İbrahimbəyovun müraciətinin və şuranın gələcək fəaliyyət proqramının müzakirəsi daxildir.

Qaynar.info