Ölkə 12:27 16.05.2018

İcra başçısı Bayılda uçulan evlərdən danışdı (AÇIQLAMA)

Bayılda, Buxta küçəsində dağılmış, təhlükəli vəziyyətlə üzləşmiş evlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin və Nazirlər Kabinetinin mütəxəssisləri tərəfindən araşdırma aparılaraq müvafiq qərar qəbul ediləcək.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bunu sürüşmə zonasında olan Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O, evlərin sovet vaxtı tikildiyini bildirib: "Burada özbaşına tikili yoxdur, evlərin sənədləri var. İlkin ehtimala görə, evlərin resursu bitib. Bir bina bir ildir qəzalı vəziyyətinə düşdüyü üçün Nazirlər Kabinetinin qərarı ilə sakinləri köçürülüb, onlar kompensasiya alıb".

İcra başçısı qeyd edib ki, dağılan, təhlükəli ərazidəki evlərlə bağlı Nazirlər Kabineti tərəfindən qiymətləndirmə aparılaraq müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Buxta küçəsindəki təhlükə yaranmış ərazidən ümumilikdə 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.