İcra başçısı əkin sahələrini şumlatdırdı, kənd sakinləri ayağa qalxdı (FOTO/VİDEO)
Şabran rayon icra hakimiyyəti başçısı Novruz Novruzov Çolquşçu kənd sakinlərini ayağa qaldırıb.
Qaynarinfo xəbər verir ki, kənd sakinlərinin unikal.org-a verdikləri məlumata görə, onların kiçik və xırda buynuzlu heyvanlarının otlatdıqları örüş və əkin sahələrini icra başçısı Novruz Novruzov başqa adamlara satıb. İddia edirlər ki, satılan torpaqlar şumlanıb:
"Rayondan 18 kilometr aralıqda yerləşən kəndimizin minə yaxın əhalisi var. Əhalinin çox hissəsi fermer təsərrüfatı ilə dolanır. Amma icra başçısı min bir əziyyət hesabına başa gələn bu dolanışığımızı da bizə çox görür”.
Çolquşçu kənd sakinləri məsələ ilə bağlı ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya kömək üçün müraciət də ünvanlayıblar:
"Cənab prezident, Hörmətli Mehriban xanım Sizdən xahiş edirik ki, icra başçısı Novruz Novruzovun bu qanunsuz əməllərinə görə bizə yaxından öz köməkliyinizi göstərəsiz. Onun əli ilə bizim dolanışıq yerimiz olan torpaqlarımız qeyri-qanuni yolla satılıb. Heyvanlarımızı otlatmaq üçün yer tapa bilmirik. Bəz kənd sakinlərinin də əkib-becərdikləri ərazi qanuni sənəd ola-ola əllərindən alınaraq şumlanıb. Məsələ ilə bağlı bir çox dövlət qurumlarına müraciət etməmizə baxmayaraq bizə heç bir köməklik edilmir. Bununla belə icra başçısı bizi həbs etdirməklə hədələyir. Sizdən xahiş edirik ki, bizə yaxından öz köməkliyinizi göstərəsiz. Göydə Allaha, Vətənimizdə isə yeganə ümid yerimiz Sizsiniz".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər