Foto 10:46 07.09.2020

İcra başçısı naməlum şəhid məzarlarını ziyarət etdi, tapşırıq verdi (FOTO)

Füzuli rayon İcra Hakimiyyətinin başçısı naməlum 14 şəhidin məzarının üstünün götürülməsi barədə tapşırıq verib.

Bu barədə məlumat Qaynarinfo-ya Füzuli rayon İcra Hakimiyyətindən verilib. Qurumdan verilən məlumata görə, icra başçısı Alı Alıyev ötən gün 14 şəhidin dəfn olunduğu Bala Bəhmənli kənd qəbiristanlığında olub:

"Bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Füzuli rayonunda vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ötən gün Bala Bəhmənli kənd qəbiristanlığında olub, 1994-cü ildə Horadiz əməliyyatı zamanı şəhid olan naməlum 14 şəhidin məzarının üstünün götürülməsi ilə bağlı müvafiq tapşırıqlarını aidiyyatı üzrə verib və görüləcək işlərin ən qısa zamanda və yüksək səviyyədə yekunlaşmasını tələb edib”.

İcra Hakimiyyətindən verilən məlumata görə, 1994-cü ildə Horadiz əməliyyatı zamanı şəhid olan, naməlum 14 şəhidin nəşi, məhz o zaman Alı Alıyevin təşkilatçılığı ilə Bala Bəhmənli kənd qəbiristanlığında dəfn edilib:

"Məzarların üstünün o zaman tam götürülməməsinin səbəbi isə şəhidlərin naməlum olması və lazım olarsa ekspertiza üçün analizlərin götürülməsi olub”.

Qeyd edək ki, Füzuli rayonunda 14 şəhidin məzarının baxımsız vəziyyətdə olması ilə bağlı məlumat verilib. 14 şəhid Horadiz əməliyyatı zamanı gedən döyüşlərdə şəhid olublar. Onlar  rayonun Bala Bəhmənli kənd qəbiristanlığında dəfn edilib. 

Bahar Rüstəmli