Ölkə 01:03 12.01.2014

İcra başçısının oğlu atasının xidməti maşını ilə qəza törətdi

Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlu qəza törədib. 

Rayondakı mənbədən “Axar.az” daxil olan məlumata görə, hadisə Pambıq zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobilini idarə edən kiçik İsmayılov birdən-birə iki “VAZ 2106” markalı avtomobili əzib. Maşınlardan biri yararsız hala düşüb. Zədələnən “Jiquli”lərdə həmin vaxt adam olmayıb. Onlar yaxınlıqdakı aptekdə imiş. 

Rayon icra başçısı Nazim İsmayılovun hazırda məzuniyyətdə olduğu bildirilir. Qeyd olunur ki, keçən il olduğu kimi, bu il də N.İsmayılov məzuniyyətini ölkə xaricində keçirir. Mənbənin dediyinə görə, polis hadisə yerinə gələrək başçının xidməti avtomibilini hadisə yerindən aparıb. Hazırda icra başçısının “Prado” markalı maşınının polis idarəsinin həyətində olduğu da bildirlir. 

Sabirabad Rayon Polis İdarəsinin növbətçisi Ramil Kərimov bildirib ki, belə bir qəza ilə bağlı polisə heç bir məlumat daxil olmayıb. 

Qaynar.info