Ölkə 14:44 10.07.2020

İcra Hakimiyyəti: "Mirikənd sakinlərinin su probelmi bu gün həllini tapacaq"

Şamaxı rayon Mirikənd kəndində su problemi yaranıb.

Bu barədə Qaynarinfo-ya sakinlər məlumat verib.

Kənd sakinlərinin yazdığına görə, bir ailə ay ərzində maşını 12-15 manatdan 5 dəfə su alır:

"Kəndlinin əkini yayın istisində yanıb kül olur. İnsanlar su deyə haray çəkir. Həyətlərə içməli su gəlmir. Dağlardan gələn içməli su nazirlərin, oliqarxların villalarına gedir. Bir ailə ay ərzində maşını 12-15 manatdan 5 dəfə su alır. Bir maşın suyu isə 5 gün gedir. Bunun üçün hardasa 60-75 manat lazımıdr. Həmin su təkcə qab yumaq, paltar yumaq üçündür. İçməli suyu ayrıca gətirməlidir. Ona 20-30 manat pul lazımdır. Bir ailə orta hesabla suya hər ay 100 azn lazımdır. Bu ağır pandemiya günlərində işsiz insanlar 100 manatı hardan alıb suya versin? Hələ bağ-bostana lazım olan suyu demirik. Bağ-bostanı suvarmağa da su alınsa 300-400 manat pul lazım olur. Azərbaycanda orta hesabla nə qədər maaş alınır ki, onun da 300-400 manatı suya verilsin? Həyətlərdə imkanı olanlar quyu qazdırıb. Yenə də xeyri yoxdur. Həmin quyular da su deyib haray çəkir".

Şamaxı rayon İcra Hakimiyyətinin birinci müavini Hikmət Şikarovun köməkçisi Samir İbadov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Mirikənd sakinlərinin su probelmi bu gün həllini tapacaq:

"Hazırda İcra Hakimiyyətində bununla bağlı iclas keçirilib. Toplantıda kənd icra nümayəndəsi, bələdiyyə sədri də iştirak edirdi. Onların su ilə bağlı problemi yaranmışdı, kəndə su getmirdi. Hazırda su idarəsnin nümayəndəsini gözləyirik. Hikmət müəllim onunla birlikdə kəndə gedəcək. Bu gün məsələ həllini tapacaq".

Bahar Rüstəmli