Ekonomiks 12:03 03.09.2020

İctimai nəqliyyatda gediş haqqı artırılır? - Rəsmi cavab

"Avtobuslarda gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin sözcüsü Mais Ağayev ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı rəyləri cavablandırarkən deyib. 

Qurum rəsmisi bildirib ki, ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Tarif Şurasıdır:



"Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil. Bu gün gündəmdə duran əsas məsələ əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq, rahat və təhlükəsiz sərnişindaşımaların təşkilinə nail olmaqdır”. 

"Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, metronun qiymətinin bahalaşması ilə məsələ gündəmdə deyil:


 
"Bizim üçün ən aktual məsələ metronun açılmasıdır”.

Qeyd edək ki, iqtisadi ekspertlər çıxışlarında ictimai nəqliyyatda gediş haqlarının artırılacağını bildiriblər. Ekspertlər ictimai nəqliyyatda qiymətlərin 30 qəpikdən 50 qəpiyə qaldırılacağını deyib.

Bahar Rüstəmli