Siyasət 18:33 02.04.2013

İctimai Palata aksiyalara başlaya bilər

“Aksiyalar haqqında konkret qərar verməmişik”.

Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib. AXCP funksionerinin sözlərin görə, qarşıdan seçki ayları gəlir və bu aylar ərzində seçicilərlə görüşə və siyasi aksiyalara start veriləcək: “Ancaq istisna etmirəm ki, gənclərin həbsi ilə əlaqədar, ictimai-siyasi proseslərin ertələnməsi elə bir vəziyyət yarada bilər ki, İctimai Palata vaxtından əvvəl aksiyalara qərar verə bilər. Bu gün üçün aksiyalarla bağlı konkret qərar yoxdur”.

H.Kərimov Demokratiyaya Yardım Fondunun fəaliyyətinə də toxunub: “İctimaiyyətdən də, ayrı-ayrı siyasi qüvvələrdən də dəstək var. Bu proses cərimələri ödəyənə qədər, ümumiyyətlə, gələcəkdə demokratiyanın inkişafına dəstək üçün bu proses davam edəcək”.

AXCP Ali Məclisinin sədri qeyd edib ki, gənclərin həbsi insanları aksiyaya gəlməkdən çəkindirməyəcək: “Həm sosial şəbəkələrdə, həm də mətbuatda açıqlamalar göstərir ki, gənclər mübarizə aparırlar.Həmin açıqlamalarda deyilir ki, bir nəfəri tutsalar, 10 nəfər qalxacaq. Yəni gənclərdə qorxu hissi yoxdur. Hakimiyyətin atdığı bu addım gəncləri qorxutmağa xidmət edən bir addımdı. NİDA-çıların, Cəbhəçilərin cibindən narkotika çıxması böhtandan başqa bir şey deyil. Hakimiyyətin etdikləri xalqın, xüsusilə də gənclərin gözünü qorxutmaqdır”.

İlkin
Qaynar.info