Ekonomiks 23:23 27.01.2020

"İdeal" "Sabina"nı aldı

"Sabina" mağazalar şəbəkəsi satılıb. "Sabina" mağazaları "İdeal" Parfumery and Cosmetics tərəfindən alınıb.

Qaynarinfo banker.az-a istinadən xəbər verir ki, sövdələşmənin qiyməti hələlik məlum olmasa da, strukturun yenilənməsi xəbəri artıq əməkdaşlara da bəllidir. Bununla bağlı artıq struktur və birləşdirmə işlərinə start verilib.

Qeyd edək ki, bazar günü parfüm mağazaları üçün önəmli satış günü olmasına baxmayaraq, həmin gün Nizami küçəsində yerləşən mağazası da işləməyib.

Ümumilikdə "Sabina" mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası fəaliyyət göstərir və bu şəbəkə "İdeal" brendindən daha əvvəl fəaliyyətə başlamışdı. "İdeal" mağazalar şəbəkəsi isə hazırda Bakı və Sumqayıtda fəaliyyət göstərən 15 mağazaya malikdir.

Əldə edilən məlumata görə, hazırda "İdeal" mağazalar şəbəkəsi hüquqi cəhətdən "ADORE KOMPANİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Şirkət 2007-ci ildə yaradılıb və nizamnamə kapitalı 3 milyon 200 min manat təşkil edir.

"ADORE KOMPANİ"nin qanuni təmsilçisi isə Samir Yalçın oğlu Əliyevdir.