İdman 16:40 06.11.2019

"Rəşad Sadıqovun səbr kasası daşdı nə daşdı..." (Xatirələr)

Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.

1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Əlamətdar günü nəzərə alaraq televiziya sayəsində çalışan dəyərli idman jurnalistlərini təbrik edib, fikirlərini öyrəndik. Onlar televiziya sayəsində debüt illəri, arxada qalan illər ərzində unudulmaz məqamlar, şərhləri, gələcək üçün arzuları barədə Sport7.az-a danışıblar. 

Rəşad Rafiqoğlu ("İdman Azərbaycan" kanalı): "Jurnalistikaya uşaqlıqdan marağım olub, elə ona görə də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışam. Universitetdə II kurs tələbəsi ikən ANS kanalında işə başladım. Uşaqlarla tanışlığım vardı, dəvət etdilər və getdim. Elə oradan başlayan yol indiyə kimi gedir. Yadda qalan şərhlər çox olub. Xüsusilə də Azərbaycan - Türkiyə oyununda şərhim maraq doğurmuşdu, mənim üçün də ən yadda qalan şərhim olmuşdu. Maraqlı da, maraqsız da oyunlar çox olub. Həmkarım Fərid Ramazanovla birgə şərh etdiyim Azərbaycan - Şimali İrlandiya və tək şərh etdiyim Azərbaycan - Qazaxıstan oyununu maraqlı olan matçlar sırasında qeyd etmək istərdim. Məğlub olduğumuz halda, Qazaxıstanla oyunda dönüş edib qalib gəlmişdik. 
 

Arxada qalan illər ərzində bir neçə kanalda işləmişəm. Artıq 14-cü ildir ki, AzTV-də işləyirəm və fəxr edirəm ki, Azərbaycanın ana televiziyasının bir üzvüyəm. Son illərdə gedən dəyişikliklər də göz önünədir. Doğrudan da, AzTV ana televiziya olaraq özünü yüksək səviyyədə göstərir, "İdman Azərbaycan" kanalı da bu dəyişikliklərin bir tərkib hissəsidir. Yeni-yeni layihələr ilə futbolsevərləri daha çox sevindirəcəyik".

İlkin Xəlilov (ATV kanalı): "Televiziyaya gəlişim 2002-ci ilin 24 sentyabr tarixinə təsadüf edir. O zamanlar "525-ci qəzet"də çalışırdım. ATV kanalı isə cəmin 1 il idi yaranmışdı. Ancaq Xəbərlər Departamenti hələ fəaliyyət göstərmirdi. Kanalda sadəcə kliplər, filmlər nümayiş olunurdu. Həmin vaxtlarda müsabiqə elan olunmuşdu və xəbərlər üçün kollektiv yığılırdı. "525-ci qəzet"dən bir çox həmkarlarım həmin müsabiqədə iştirak edirdilər. Kamran Həsənov vardı, artıq mətbuatda çalışmır, mənə dedi ki, idman müxbiri axtarılır, özünü orada sınaya bilərsən. Qəzetdə də Aydın Bağırovla bir yerdə çalışırdıq. Aydın mənə dedi ki, səndə alınacaq, əmin ol buna. Bizim dəyərli həmkarımız Altay Əliyev də ATV-də yayımlanan "Futbol+qol" verilişinin rəhbəri idi, idman bölməsində yalnız o çalışırdı. Həmkar kimi tanış idik, amma yaxından tanışlığımız yox idi. Aydın Altaya dedi ki, müsabiqədə iştirak etmək istəyir. "Futbol+" qəzetində işlədiyim vaxtdan məni tanıyırdı deyə etiraz etmədi, dedi, gəlib özünü sinasın. Getdim və sınaqdan uğurla keçdim. ATV-də Xəbərlər Departamenti fəaliyyətə başlamamış, artıq "Futbol+qol" verilişinə süjetlər hazırlayırdım. Oktyabrın 1-də "Futbol+qol" verilişində 3 süjetim efirə getmişdi. 2003-cü ilin fevral ayında isə Xəbərlər Departamenti fəaliyyətə başladı. Ondan sonra "Son xəbərlər" İnformasiya Proqramında idman aparıcısı və redaktor kimi işə başladım. Təbii ki, kollektiv də böyük rol oynadı. Həmin vaxtlar televiziya sahəsində kifayət qədər tanınan insanların əhatəsinə düşdüm, sağlam kollektiv oldu. Onlardan xüsusən məni sınayan, qəbul edən Rüstəm Əbülfətoglu və dəyərli həmkarım Altay Əliyevi xüsusi qeyd etmək istərdim. 

 
Arxada qalan bu 20 ildə yadda qalan hadisələr çox olub. Ən yadda qalanı da yayda olan hadisədir. "Sağolsun" AFFA rəhbərliyi, bəlkə də 17 il ərzində qazanmadığım şöhrəti 3 gündə qazandırdı mənə... (gülür)... Aydın məsələdir ki, həqiqət, düz söz insana başağrısı gətirir. Əvvəllər də belə şeylər olub. Futbolçulardan Emin Quliyevlə ciddi problem yaşanıb. Millimiz Serbiyaya 1:6 hesabı ilə uduzmuşdu. Oyundan sonra bütün komanda tənqid olunmuşdu, xüsusilə də zəif oynadığına görə Emin Quliyev...
Boksçu Vüqar Əkbərov Afina-2004 olimpiadasında biabırçı çıxışına görə tənqid olunmuşdu. Onunla da münasibətimiz bitdi. Artıq 15 ildir salam-sağ ol da yoxdur. Düzdür, daha çox qanqaraldıcı xatirələrdir, acaq mən heç birinə görə utanmamışam. Çünki həmişə obyektiv olmağa, həqiqəti deməyə çalışmışam. Və bu, kiminsə xoşuna gəlmirsə, mənim problemim deyil, günahı özündə axtarmalıdır. Boksçu, futbolçu olmasın, güləşci olsun, uğurlu çıxış edəndə tərif ediriksə, tənqidə də dözmək lazımdır. Media ancaq tərif demək üçün deyil ki, tərifi də deyəcəyik, tənqidi də. Əgər bu işi seçiblərsə, psixoloji olaraq buna hazır olmaq lazımdır. Hər zaman uğur qazanmaq olmur, bütün sahələrdə olduğu kimi, idmanda da enişlər-yoxuşlar olur. Jurnalistikada da belədir, yaxşı yazdığın anlar da olur və ya uğursuz hazırladığın. Yəni bunlar təbii bir şeydir. 

Gələcəyə gəlincə isə işlə bağlı qlobal bir planım yoxdur. Hələ ki, bu günü yaşayırıq, gələcək planlar da vəziyyətdən asılıdır. Son olaraq da saytınız vasitəsi ilə bütün həmkarlarımı təbrik edirəm". 

Tural Xudiyev ("Space" kanalı): "Bu seçim təbii ki, jurnalistikaya, daha dəqiq desəm, idman jurnalistikasına olan sevgidən qaynaqlanır. Televiziyaya yolum isə radiodan keçib. 4-cü kursda oxuyanda, Azərbaycan ədəbiyyatı müəllimimiz, rəhmətlik Dəmir Gədəbəylinin vasitəsi ilə, mən də daxil olmaqla 4-5 tələbə, "Lider" radiosunun xəbərlər xidmətinə seçimə yollandıq və hər şey də bundan sonra başlandı. Bir müddət sonra, "Lider" televiziyası fəaliyyətə başladı. İşlər qaydasında gedirdi. Amma günlərin bir günü, bizim komandanın kapitanına "qırmızı vərəqə göstərildi”. Yeni "taktiki sxemdə” özümü görmədiyimə və idman jurnalistikasına olan böyük həvəsə görə, oradan uzaqlaşmağa qərar verdim. Nə yaxşı ki, bu yeni kapitanın da ürəyincə oldu. (gülür)... 2000-ci ilin sonlarında dostlardan biri Space TV-də seçimə qatılmağı məsləhət gördü. O vaxt Space TV-nin İdman Proqramları Şöbəsinin müdiri, böyük fəxarətlə özümə ustad saydığım Aydın Əliyevlə tanışlıq xarakterli qısa söhbətdən sonra, televiziya idman jurnalistikasında fəaliyyətə başladım. İlk tapşırığım Çempionlar Liqasının həftəlik icmalı idi. Təxminən 15 dəqiqəlik icmalda istifadə etdiyim söz oyunları Aydın müəllimin xoşuna gəlmişdi. Təbrik elədi, "Sən, jurnalist olacaqsan”, - dedi. Sonradan bildim ki, sovet jurnalistikasının şinelindən çıxmış, müəyyən mənada mühafizəkar, hər sözün, cümlənin üstündə əsən Aydın Əliyevdən bu qiyməti almaq elə də asan məsələ deyilmiş. 
 

Aydın müəllimin rəhbərliyi ilə, dostlarım Elnur Kələntərov və Elnur Camalxanovun da aparıcısı olduğu, o vaxtın ən populyar idman verilişlərindən sayılan -  "Sport Line”nın hazırlıq proseslərində, maraqlı hadisələr çox yaşanıb. İlk efirim isə heç yadımdan çıxmaz. Qonağımız Asim Xudiyev idi. Hansısa beynəlxalq oyundan qayıtmışdı. "Space"in köhnə binasında studiyalar çox kiçik idi. Rəhmətlik rejissorumuz Oqtay müəllimin qurduğu plana uyğun olaraq, qonaqla təxminən 15-20 dəqiqəlik müsahibədən sonra boynumun ağrısı bir həftə çəkilmədi. Baxış bucağı elə idi ki, boynumu az qala 180 dərəcə döndərməli olmuşdum. (gülür)...

"Qol” verilişinin çəkilişlərində də maraqlı anlar yaşanıb. Bir dəfə, "Qarabağ”ın kapitanı Rəşad Sadıqovla tanınmış azarkeşlərdən olan İlqar Həmzəyev qonaq idi. Veriliş boyu, İlqar həmişəki kimi, futbolçuları o ki var tənqid eləyib, ürəyini boşaltdı. Buna rəğmən, bütün efir boyu özünü kifayət qədər təmkinli aparan Rəşadın "səbr kasası” sona bir-iki dəqiqə qalmış daşdı, nə daşdı.  Çempionlar Liqasının 1999-cu ildəki məşhur finalındakı kimi, hesabda geridə olan tərəf əlavə dəqiqələrdə vurduğu qollarla qalib gəldi. Rejissor qulağıma bir neçə dəfə səsləndi ki, vaxtımız bitib. O qədər maraqlı mübahisə gedirdi ki, verilişin vaxtını təxminən 5-6 dəqidə uzatmışdım. Rəşad taktikanı düzgün seçmişdi. İlqarın hesabı bərabərləşdirməsinə vaxt qalmadı... Maraqlı hadisələr çox olub, danışmaqla bitməz...

Plan qurmağı sevən biri deyiləm. Buna nə həvəsim, nə də hövsələm var. Həyatı öz axarından çıxarmağa dəyməz. Arzulara gəldikdə isə, bu gün peşə bayramını qeyd edən bütün həmkarlarıma uğurlar arzulayıram! Arzu edərdim ki, öz peşələrinə sadiq olsunlar. Ümid eləyirəm, anlayışla qarşılayarlar. Mən televiziyadan, jurnalistikadan tramplin kimi istifadə etməyi, nə vaxtsa ağlıma belə gətirməmişəm. Düşünürəm ki, xoşbəxtliyin açarlarından biri də sevimli peşə ilə məşğul olmaqdır".

Tural Dadaşov ("İctimai" kanal): "2005-ci "İctimai" kanal haqqında eşitdim. O zamanlar Bakı Dövlət Universitetində magistratura təhsili alırdım. Orada seçim turlarının keçirilməsi ilə bağlı elan vardı. Mən isə o vaxta kimi heç yerdə işləməmişdim. Sadəcə telekanallarla müxtəlif layihələrdə intellektual oyunlarla bağlı əməkdaşlıqlarım olmuşdu. Ancaq özüm televiziyada işləməmişdim. Getdim, sənədlərimi təqdim etdim. Bir-bir işçiləri yoxlayırdılar. İntellektual layihə ilə gəlmişdim, idmanla bağlı deyildi. Özüm də intellektual oyunlarda iştirak edirdim, elə layihələrim də onunla bağlı idi. Təqdim etdiyim layihəni bəyəndilər və seçim turunu keçdim. Ancaq kanal yeni yarandığına görə hələ ki studiyalar hazır deyildi. Ona görə mənə dedilər ki, hələ ki intellektual oyun həyata keçirə bilməyəcəyik. Öncə xəbərlər, daha vacib verilişlər, səhər proqramları və s. Ona görə mən bir qədər gözləməli oldum. Sonra mənə təklif etdilər ki, bəlkə səni idmanda yoxlayaq?! Sınaq çəkilişləri oldu. Xeyli adam vardı. Elə oldu ki, kanalın ilk efir günündə idman xəbərlərinə mən çıxdım. Səhv etmirəmsə, avqustun 29-u ilk efir günü oldu, idman xəbərləri isə 30-u yayımlandı. Elə o vaxtdan idmanda işləyirəm. Bir neçə ildən sonra "Xəmsə" layihəsi yarandı. 2009-cu ildən artıq idman verilişləri, idman şərhləri, həmçinin intellektual oyunları paralel olaraq aparmağa başlamışam.
 

Yaddaqalan şərhlər çox olub... Məsələn, 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunlarında final şərhləri... Çünki onda ilk dəfə Azərbaycan televiziya tarixində olimpiya oyunları keçirildiyi məkandan şərh olunurdu. Onu "İctimai" televiziya reallaşdırdı. Biz oyunları Londondan şərh edirdik. Artıq olimpiyadanın sonuna bir gün qalmış qızılımız yox idi. Son bir gün qalmış iki saatın içində Toğrul və Şərif Şərifovdan iki qızıl medal gəldi. Ən yaddaqalan şərhim olaraq həmin məqamı deyərdim. 

Futbol şərhlərim də olub. Misal üçün, Azərbaycan millisinin Norveç üzərində qələbəsində də mən şərhçi olmuşam. Həmin oyun yaxşı yadımdadır. İtaliya ilə matçlarda uduzsaq da, maraqlı oyunlar olub. Son Dünya çempionatında Fransa - Xorvatiya arasında keçirilən final oyununu da qeyd edərdim. Avro-2016-nın Portuqaliya - Fransa final görüşünü də deyim, bu görüşü şərh etmişdim. Şərhçilər üçün mən deyərdim, ən çətin və məsuliyyətli tapşırıq olimpiya oyunlarının açılış mərasimidir. 2012-ci il London, 2014-cü il Soçi qış oyunları və 2016-cı il Rio Olimpiya oyunlarının açılış mərasimlərinin şərhçisi olmuşam. Açılış mərasimlərinin şərh eləmək çox çətindir. Çünki adətən bir tərəfə - idmana köklənirik, idmanla bağlı müəyyən biliklərimiz olur. Ancaq açılış mərasimi tamam başqa bir şeydir. Orada həm təşkilatçı ölkənin idmanı ilə bərabər mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti, coğrafiyası əhatə olunur. Şərhçidən çox böyük bir hazırlıq tələb olunur. Ki, həmin açılış mərasimi zamanı ortaya normal bir şey qoya bilsin. Yadımdadır, həmin açılış mərasimlərinə hardasa 2-3 həftəyə yaxın sadəcə mərasim üçün hazırlıq keçirdim, özüm hazırlaşırdım. Olimpiya oyunlarında da açılışla bağlı hər şey gizli saxlanılır. Orada nə olacağını bilmirsən. Ona görə dövlət imatahanına hazırlaşırmış kimi hazırlaşırsan. 

Düzü, idman şərhçiliyində yay-qış olimpiyadalarında işləmişəm, DÇ-2014-də Almaniya - Argentina oyununda "Marakana" stadionunda finalda iş başında olmuşam. Düzdür, şərh oradan yox, Bakıdan olub, ancaq mən özüm orada akreditə olunub işləyirdim. Dünyanın nüfuzlu yarışlarını, yay-qış olimpiya oyunları, futbol çempionatlarında, ən yuxarı, arzu olunan yerdə çalışmışam. Amma adam istəyir ki, yenə də növbəti yarışlarda da olsun. Arzularımdan biri də odur ki, Azərbaycan millisi nə vaxtsa Dünya və Avropa çempionatlarının final mərhələsinə vəsiqə qazansın, həmin oyunlarda mən də şərhçilərdən biri olum. Başqa nə arzu eləmək olar... Digər idman növlərində - güləş, karate, boks, cüdoda maksimum nəticələri qazanmışıq. Qaldı yalnız futbol, arzumuz bununla bağlıdır. Çempion olmasa da, heç olmasa qitəmiqyaslı yarışlarda iştirak edək, mən də orda şərhçilik edim".

Röya Kərimli