Elçin Əliyev: "Saqqala toxuna bilmərəm, Allah-təalanın əmridir"Uzun saqqal saxladığına görə millidən kənarlaşdırılan güləşçi Elçin Əliyev yığmaya qayıdıb.
Bu barədə Azadlıq Radiosuna Avropa çempionu Elçin Əliyev özü məlumat danışıb. O, 2 gündür yenidən milli komandada olduğunu söyləyib. İdmançı “bəzi səbəblərə görə” komandadan uzaqlaşdığını, Güləş Federasiyası ilə heç bir problem yaşamadığını da sözlərinə əlavə edib.
Bir neçə gün əvvəl Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov Elçin Əliyevlə bağlı açıqlama verib: “Elçin Əliyev həddindən artıq uzun saqqal saxlayır. Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən, həddindən artıq uzun saqqal saxlamaq gigiyena baxımından düzgün deyil. Bunu biz yox, beynəlxalq qaydalar deyir. Mən özüm də bir vaxtlar Elçinə xəbərdarlıq etmişəm ki, saqqalını qısalt. Ona deyən yoxdur ki, tamamilə saqqalını təmizlə. Mən özüm də namaz qılanam. Bizim Federasiyada dini və irqi baxımdan idmançılara fərq qoyulmur. Belə olsaydı, yığmamızda olan və xristian dininə qulluq edən güləşçiləri gərək zala buraxmayaydıq”
Əjdər Cəfərov Elçin Əliyevi federasiyaya dəvət edərək yenidən onunla danışacağını da demişdi.
Artıq yenidən yığma komandada olan Əliyev saqqalına toxunmadığını söyləyir: “Saqqala toxuna bilmərəm. Allah-təalanın əmridir. Saqqal hər yerdə problemdir, təkcə yığma komandada deyil. Kimisə mənə oxşadırlarsa, mənim problemim deyil. O, mənlik deyil, yaxud mən onlardan deyiləm. Ancaq federasiyada elə bir təzyiq olmayıb mənə. Saqqalla bağlı nəsə deyilib, deyilməlidir də. İndi qayıtmışam. Gələcəkdə Allah bilir nə olacaq”
Qaynar.info
Şərhlər