Aydın Canıyev
Ona deməyəcəm Efirimizin Prinsessası!
Ona Ekranımızın Ülyahəzrəti də deməyəcəm!
Ona TV Primadonnası da deməyəcəm!
Deməyəcəm də!!!
Bütün bu və digər epitetləri və təşbehləri deməyəcəm ki, haçansa kiməsə demişəm və Ona da desəm, kimlərləsə assosiasiya olunacaq!
İstəmirəm... onun haqqında yazım oxunanda göz qabağına, ağıla, ürəyə ayrısı gəlsin!
Ona efirimizin-ekranımızın vicdanı deyirəm!
İndiki vicdansız, prinsipsiz, dəyərsiz tv planetimizdə təkcə ona deyirəm... hərçənd unutmuram ki, bizim tv-lərdə hələ də Məleykələr, Ustadlar da var!
Sevinirəm ki, O, tək deyil, O da bir Ümiddir-İşıqdır bu zülmət planetin Ulduzları içində, öz adıyla! Məleykələrimlə, Ustadlarımla...
... Dədəmin mənim sevgi kriteriyalarıma etimadı, dəyəri həddən artıq yüksək idi! Məsələn, mən çəkinmədən ona kimi sevdiyimi deyə bilirdim - hərçənd mənim atam haqqında yazdıqlarımı oxuyanlar bilir ki, çox qəddar, hətta idbarcasına qəddar olub mənimlə.
Atama deyirdim ki, mən Ofeliya Sənanini sevirəm! Gedib ekrandan onu öpürdüm! Bu 1978-ci ildə olub. Mənim 10 yaşım olanda! Atam - Rəşid Behbudova, SSRİ xalq artistinə baxmağa, dinləməyə qoymayan kişi, Ofeliya Sənaniyə məhəbbəti izhar etməyimə özünəməxsus "mizernıy" bığaltı təbəssümüylə başını yelləyirdi. Hətta arada eşitdirirdi də: Ofeliyaya "sevirəm" də demək olar, "öpürəm" də demək olar, amma bunların arxasında heç bir günah yoxdur! Kübar qadındır! O, sevgiyə, hörmətə layiqdir!
1988-ci ildə teleteatrda Tofiq Bayramın, Əkrəm Əylislinin dəvət olunduğu verilişdə "əlçalanlar" planını doldurmaq üçün dəvət olunanda, Ofeliya Sənanini üzbəüz görəndə... dünyanın xoşbəxtiydim!
Uzun müddət bu sevgi və hörməti kiməsə göstərmək üçün ünvan olmadı!
O qədər həyasız mətbuatla, o qədər komplo iyrəncləriylə üz-üzə qaldıq ki, hətta arada oxudum ki, guya Ofeliya xanım uşaqlarla çəkilişdə kobud davranır! Doğrusu, telekanallar özləri iyrəndirirdi, mətbuatdan özüm iyrəndim!
Bu qızı da... xüsusi sevib-seçib sonalamamışam. Bu fb-də o qədər əleyhinə yazdılar ki, statuslarda, ay imkan vermir müsahibi danışsın, ay özündənrazıdır, ay nə bilim...
ANS-dən üzübəri verilişlərinə takıldım!
Və məhz bu Xanıma görə özümə söz vermişəm: bir daha kiminsə rəyinə inanmaram. Nəinki adamlar haqqında, hətta ədəbi əsərlərə aid rəylərə, təqdimatlara da.
İzlədim, hər izlədikcə də əmin oldum ki, çox rahatlıqla bu qıza "sevirəm, öpürəm" demək olar. Demək olar və... heç bir günah olmaz!
Bu Xanım həm də yadıma ayrı bir epizodu salıb həyatımda. Bir dəfə Respublika Sarayıyla üzbəüz addımlayırdım, məndən qabaqda bir cavan, cüssəsiz, çəlimsiz oğlan elə tələskənliklə yeriyirdi ki - onda mənim də cavan vaxtlarım və sürətli yeriş mərhələm idi. Anidən bir istək yarandı ki, ardınca düşüm, görüm hara tələsir. İrəlilədikcə az qala nəfəsim kəsilirdi. Yaxınlaşanda... varımdan yox oldum. Az qala qıçlarım şaqqıldayacaqdı, çat verəcəkdi! İzlədiyimi, izlədiyimdə tanıdığımı ruhdan salmamış olsaydım, qabağında oturub hönkür-hönkür ağlayardım. Ayaqlarını, heç olmasa... dizlərindən öpərdim. O oğlan sümükləri bərkiməmiş, qaçqınçılığın dərdlərini sinirməmiş, ruhu-fikri kamilləşməmiş, canı bərkiməmiş, amma böyük həyatın böyük dəyəri olacaq doğmalardan idi: əmisi mənim yerlimin namərdliyinə görə həbsə alınmışdı. O isə tələsirdi ki, həm "Neftçilər"ə getsin, ordan pal-paltar götürsün, həm də təzədən "Sahil"ə qayıtsın və gətirdiklərini Bayıl türməsinə əmisinə çatdırsın. Vaxtı cəmi bir saat qalmışdı, pulu isə... ancaq metroyla gəlib getməyə çatırdı!
O olaydan sonra mən heç vaxt həyatda nəinki insanların əndazəsiz-təbəssümlü yerişinə, duruşuna, davranışına, heç latayır və çərçivəyə sığmayan hərəkətlərinə münsif gözüylə baxmadım: hər kəs içində öz dərdini daşıyır, hər kəs öz dərdini təbəssümlə pərdələyir!
Bəli, fb-dəki "bədii şura" mənə təqdim etdi, amma Onu mən özüm tanıdım, dəyərini bildim və sevdim: 40 il qabaq Ofeliya Sənanini sevib... ekrandan öpdüyüm kimi! Onu hamı sevə bilər, hamı öpə bilər - o bu sevgi dolu munis, saf, bakirə öpüşlərə layiqdir! Sənətkar kimi haqq edir!
Anladığım həm də o oldu ki, izlədikcə, bu xanım öz yerindədi, öz istəyində olmasa da! Edə bildiyini edir, mümkün olanı edir!
Bu qızı izlədikcə bəzən dəhşətli dərəcədə narahat olmuşam, hətta qorxmuşam ki... indi tüpürəcək iştirakçıların sifətinə, çırpacaq mikrofonu yerə, dəlicəsinə bir hayqırtı çəkəcək və dizləri qatdanacaq ayaqları qırılmış kimi, hönkür-hönkür ağlayacaq, sonda... pərdə enəcək, fonda səslənəcək:
- Axı niyə özünüzü adam kimi aparmırsınız!
... Deyir ət yeyən quş dimdiyindən bilinir. Onu ANS-dən, Spase-dən, digər kanallardakı verilişlərdən, iştirakçısı olduğu tədbirlərdən tanıyanlar dəqiq bilir ki, bu xanım savadlıdır, istedadlıdır, ixtisasını-işini bilir, efir mədəniyyəti, aparıcılıq səriştəsi qeybət və irad konusu ola bilməz, çatmayan təkcə... səlahiyyətidir. Belə formatlanmış tv-lərimizdə əgər bu gün BELƏ biri varsa da, bu artıq həm də vicdanın varlığıdır. "Efir Vicdanı" adına da kimsə olsun, - deyə onu hələ də efirdən, efirlərdən əskiltmirlərsə monitorlarına tüpürülən ölkədə, heç olmasa, ekrandan öpülən biri də varsa, nə mutlu bizə!
Mən ədəbi mühitin ən istedadlı imzalarını bu qızın verilişində görmüşəm - Şərif Ağ, Əsəd Qaraqaplan, hətta Kəramət Böyükçöl: bundan artıq bu ölkədə bu televiziyada neyləmək olar ki?
... Bizim ekranların o üzündən sevəcəyimiz çooox az isimlər var!
Bizim ekranın bu üzündən öpəcəyimiz çoox az isimlər var!
Amma var!
Onlardan birincisi olmaq mümkün olmasa da, hələ ki, sonuncusu Odur: Rövşanə Ağasəfqızı! - "Jenşina balzakovskoqo vozrasta!"
Təbrik edirəm, efirin o üzündən sevilən, bu üzündən öpülən xanım! EFİRİMİZN bu dönəm VİCDANI!
p.s. Bəzən mən qorxuram ki, birdən bəlli saatda baxmaq istəyərəm, amma görmərəm. Təkcə ekran qaralmaz ki, gözlərim də qaralar. :( :( :(
Arzulayaq ki, efirimiz vicdansız qalmasın!
Şərhlər