Ekonomiks 22:28 08.09.2019

"İkinci əl" avtomobil alanlar üçün vacib məsləhətlər

Hazırda satışda olan avtomobillərin böyük əksəriyyəti təkrar avtomobil bazarının payına düşür. Eyni zamanda işlənmiş avtomobil alanların sayı yeni avtomobil alanlarla müqayisədə dəfələrlə çoxdur.

Təkrar avtomobil bazarında alıcıların qarşılaşdıqları ən ciddi problemlərdən biri də satışa zədəli avtomobillərin çıxarılması ilə bağlıdır. Buna görə də bu sahənin mütəxəssisləri belə hesab edirlər ki, yeni avtomobillərdən fərqli olaraq işlənmiş avtomobil alanlar həmin avtomobilin satışa çıxarılmazdan əvvəl zədələnib-zədələnmədiyinə diqqət yetirməlidir. Məlumdur ki, bir çox hallarda yol qəzaları zamanı zərər görən avtomobillər yenidən bərpa olunaraq satışa çıxarılır. Qəza zamanı avtomobilin 70%-dən çoxu zərəz görubsə istismara yararsız hesab edilir. Ancaq əksər hallarda belə avtomobillər təmir olunaraq satışa çıxarılır. Məhz buna görə də avtomobil alarkən diqqətli olmalıyıq. İstifadə olunmuş avtomobil alarkən mütləq zərər görüb-görmədiyini araşdırın. Çünki mükəmməl şəkildə təmir olunmuş avtomobil xarici görünüşü ilə bizi aldada bilər. Əsas diqqət etməli olduğumuz məqamlardan biri avtomobilin dəyərindən aşağı satılmasıdır. Bazar dəyərindən daha ucuz satılan avtomobillə rastlaşdığınız zaman dərhal almağa çalışmayın. Mütləq şəkildə həmin avtomobili tanıdığınız bir ustaya aparıb yoxladın. Mütəxəssislər belə hesab edirlər ki, avtomobil alarkən aşağıda qeyd olunan məqamlara diqqət etmək lazımdır:

- Avtomobilin mühərrikindən başlayaraq ən sadə detallara qədər yoxlamalıyıq. Mümkünsə avtomobili almağa avtomobil ustası ilə gedin.
- Avtomobilin sənədlərinin düz olduğunu yoxlayın. Xüsusəndə avtomobilin mühərrik nömrəsinə diqqət edin. 
- Avtomobili sürərək yoxlayın. 20-50 kilometr sürətlə divarın yanı ilə avtomobili sürün. Bu sizə avtomobildə eşidə bilmədiyiz qeyri-adi səsləri eşitməkdə kömək edəcək.
- Satıcıya avtomobil haqqında suallar verməkdə çəkinməyin.
- Avtomobilin yoxlanmasına mümkün qədər çox vaxt ayırın. Tez almağa tələsməyin.
- Dəyərindən aşağı satılan avtomobilləri daha yaxşı araşdırın. (Yeniavaz.com)