Ekonomiks 21:42 29.01.2019

İlham Əliyev: "Azərbaycana 250 milyard dollar sərmayə qoyulub"

"15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir".

Qaynarinfo xəbər verir ki, bu sözləri "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib.

Dövlət başçısı son 15 il ərzində 2 milyon yeni iş yerinin yaradıldığını bildirib: "Əhalinin sayı isə 1,6 milyon artıb. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətli olacaq".