Ölkə 15:02 06.09.2017

İlham Əliyev: "Bu, 400 milyon dollara başa gəlib"

“Xankəndi” gəmisinin istifadəyə verilməsi doğrudan da tarixi hadisədir. Şadam ki, bu nəhəng gəmi Azərbaycanda, Bakıda inşa edilib. Bu gəmiyə “Xankəndi” adı verilib. Onun da çox böyük mənası var. Xankəndi bizim qədim şəhərimizdir. Xankəndinin adı bizim üçün əzizdir, doğmadır. Təsadüfi deyil ki, dünyada nadir standartlara cavab verən bu gəmiyə məhz bu ad verilib.

"Qaynarinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxışında deyib.

“Bu gəminin tikintisi ölkəmizin gücünü göstərir. Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər. Bu gəminin inşası, istifadəyə verilməsi eyni zamanda onu göstərir ki, vaxtilə gəmiqayırma zavodunun tikintisi haqqında verilmiş qərar düzgün qərar idi. O vaxt bu qərarı verərkən və bu zavodun tikintisinə böyük sərmayə ayırarkən biz məhz bu məqsədi güdürdük ki, Azərbaycan istənilən növ gəmini inşa edə bilsin. Bu gəminin tikintisi eyni zamanda onu göstərir ki, elə bir gəmi yoxdur, biz gəmiqayırma zavodunda bunu inşa edə bilməyək. Hazırda dörd yeni gəmi tikilir - ikisi bərə, ikisi tanker”, - president bildirib.

İlham Əliyev “Xankəndi” gəmisinin tikintisi təqribən 400 milyon dollara yaxın vəsaitə başa gəldiyini və “Şahdəniz” qaz yatağının işlənilməsində bu gəminin əvəzsiz xidmətinin olacağını qeyd edib:

“Bu gün mənə verilən məlumata görə, dünyada bu tipdə cəmi 10 gəmi var. Onlardan biri Azərbaycandadır, Azərbaycanda tikilib. Bu gəmidə çalışacaq heyət üzvlərinin əksəriyyəti Azərbaycan mütəxəssisləridir. Yəni, bu gəminin tikintisi ilə eyni zamanda treninq, hazırlıq işləri də aparılmışdır ki, bu gün həm gəminin kapitanı, həm də bütün heyət üzvlərinin əksəriyyəti yerli kadrlardır”.

Qaynarinfo.Az