Sənət 12:20 05.05.2014

İlham Əliyev bu kitabxananın ilk oxucusu oldu

Prezidentə kitabxananın ilk oxucu kartı təqdim edilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının açılışı olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.

 Dövlət başçısı kitabxananın rəmzi açılışını bildirən lenti kəsib. Prezidentə kitabxananın ilk oxucu kartı təqdim edilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə dövlət başçısına kitabxananın yeni binasında yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, kitabxananın qapalı, açıq və xüsusi şəraitli fondlarında 4 milyona yaxın kitab saxlanılacaq. Buradakı 14 oxu zalında 1000-dən artıq oxucu eyni vaxtda elektron və çap məhsullarından istifadə edəcək.

Diqqətə çatdırılıb ki, yeni binada Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyət göstərəcək. Hər iki qurumun başlıca məqsədi yüksək səviyyəli elmi araşdırmaların aparılması üçün müasir informasiya bazasını təmin etməkdən ibarətdir.

Qeyd edilib ki, AMEA-nın Mərkəzi Kitabxanası, həmçinin alimlərə dünya kitabxanalarının zəngin imkanlarından faydalanmaq imkanı yaradacaq. 

Kitabxananın yeni binası ilə tanış olan Azərbaycan prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.

Qaynar.info