İdman 11:39 03.12.2017

İlham Əliyev və Mehriban Əliyeva Fərid Qayıbovu təbrik etdi

Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbova təbrik məktubu ünvanlayıblar.

Qaynarinfo xəbər verir ki, məktubda deyilir: 

Sizi Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, bu vəzifədə sizə uğurlar arzulayırıq.

İlk dəfə olaraq Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik edəcək. Bu, Azərbaycanda son illər ərzində gimnastika idman növünün sürətli inkişafının Avropa Gimnastika ailəsi tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. Gimnastika üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi, ölkəmizdə ən yüksək standartlara cavab verən Milli Gimnastika Arenasının və bölgələrdə gimnastika bölmələrinin yaradılması haqlı olaraq Avropa Gimnastika İttifaqı tərəfindən yüksək qiymətləndirilib.

Sizin də Avropa Gimnastika İttifaqının vitse-prezidenti kimi fəaliyyətinizin bu vəzifəyə seçilməyinizdə böyük rolu olub.

Bir daha sizi təbrik edir, sizə uğurlar arzulayırıq.