Ölkə 12:13 03.03.2014

İlham Pirməmmədov da rektor olmaq istəyir?

Adı bir sıra qalmaqallara qarışmış təhsil nazirinin müşavirinin bunun üçün ilkin razılığı aldığı deyilir 

Bir neçə gün öncə Bakı Slavyan Universitetinin (BSU) rektoru Kamal Abdulla vəzifəsindən azad edilərək, daha böyük vəzifəyə gətirildi. Onun prezidentin müşaviri təyinatı almasından sonra boş qalmış yeri uğrunda mübarizə aparanların da sayı artmağa başlayıb. 

JAM.AZ-ın əldə etdiyi məlumata görə, Kamal Abdullanın yerinə ən əsas namizədlər sırasında təhsil nazirinin müşaviri İlham Pirməmmədovun adı çəkilir. Belə ki, nazir müşaviri bir xeyli müddət idi ki, rektor olmaq üçün çalışırdı. Hətta hakimiyyətdəki adamları vasitəsi ilə bu arzusunu reallaşdırmağa da cəhd göstərmişdi. Artıq nazirlik səviyyəsində işləməyin mümkün olmadığının fərqinə varan Pirməmmədovun arzusunun reallaşması üçün isə rektor postlarından birinin boşalması lazım idi. Artıq həmin proses baş tutub. 

Məlumata görə, İlham Pirməmmədov artıq BSU-nun rektoru olması üçün ilkin razılığını alıb. Lakin bunun üçün prezidentin sərəncam verməsi zəruridir. Ona görə də nazirin müşaviri yaxın günləri üçün rektor təyinatı ala bilər. 

Qeyd edək ki, İlham Pirməmmədovun adı indiyə qədər bir çox qalmaqallarda hallanıb. Məsələn, onun Orxan Kərimlinin həbsi zamanı qeyri-qanuni «tələbə köçürmələri» məsələsində adının hallanmasının ardından, AMİ-nin Gəncə və Qazax filiallarında üstü açılmış saxta diplom məsələsində də adı çəkilməyə başlamışdı. Bu azmış kimi, Pirməmmədovun əyalətlərdəki bütün kollec və peşə məktəblərinin «himayəçisi» kimi da tanındığı vurğulanırdı. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info