Hüseynbala Səlimov
Ölkə 12:43 04.03.2019

İlk dəfə idi ki, şəxsi problemlərindən yox...

Hüseynbala Səlimov

Mən həmişə demişəm ki, bu ölkənin ən böyük siyasətçiləri on illərlə döşünə döyüb "Ana siyasətçi mənəm!” deyən müxalifət adamları yox, bizim sənət və mədəniyyət isimləridir, hansılar ki, daim "Mən siyasətə qarışmıram” desələr də əsl peşələri siyasətdir ki, var.   

İndiki halda isə bu elə aydın və mübahisəsiz məsələdir ki, sübuta da ehtiyacı yoxdur, çünki "ana müxalifətçilər” düz 25-30 il sərasər sinələrinə döyəndən sonra tamam-kamal qıraqda qaldılar və indi dizlərinə və başlarına döyməkdədirlər ki, kaş filan vaxt filan məsələni filan cür edəydik, filan sözü filan cür deyəydik, onda heç olmasa, biz də deputatxananın bir üzvü olardıq...
Amma nə etmək olar, əlahəzrət həyat belədir, o, kino lenti deyil ki, geriyə çevirib harasınısa təzədən montaj edəsən – keçdisə, deməli əldən buraxdın.

Bizim sənət və mədəniyyət adamlarının bəzilərinə gəldikdə, onlar belə mətləbləri son beş – on ildə anlamayıblar, hələ totalitar sovet rejimində öyrəniblər ki, hakimiyyət o şeydir ki, gərək, onunla daim dostluq edəsən, qulluğunda durasan ki, sənə də qulluq eləsinlər, vaxtında ad-filan, mənzil və əlbəttə ki, yaxşıca təqaüd versinlər. 

Düzdür, bir ara həmin bu sənət və mədəniyyət adamları özlərini bir azacıq itirmişdilər. Bəli, bu olmuşdu təxminən 90-93 – cü illərdə və o zaman belə təsəvvür yaranmışdı ki, dədə sovet rejiminin yerinə axmaq bir dəstə gəlibdir və bunlara münasibətdə əvvəlki "podxod” işləmir; bu adamlar ada-filana da birtəhər baxırlar, çünki özlərinin heç bir adı-filanı olmamışdı, əvəzində yaxşıca "kliçka”ları olmuşdu...  

Elə başqa şeylərə də "yanaşma”ları tamam fərqli idi– məsələn, kimsə birtəhər bunların qəbuluna düşüb xahiş edirdi ki, bəs filan jurnala maliyyə dəstəyi lazımdır və ya ölkədə notların nəşri üçün şərait yoxdur, amma o dövrün cəbhəkratları gözlərini döyərək matdım - matdım bu adamlara baxırdılar ki:” Dediklərinizdən bir şey qanmadıq, çünki bir dəfə də olsun, o jurnalları əlimizdə tutmamışıq, heç adlarını da bilmirik. O ki qaldı, not məsələsinə, aramızda zurnaçı, dumbulçu olsa da özünüz bilirsiniz ki, toyda, xüsusən də bizim çağrıldığımız kiçik toylarda notla çalmırlar, notla, deyilənə görə, filarmoniyada çalırlar, amma özünüz də bilirsiniz ki, bizim o tərəflərə yolumuz düşməyibdir– biz yalnız Azadlıq meydanını, bir də DTK-nın binasını tanıyırıq, sizin bəzinizlə də oralarda rastlaşmışıq”...

Məsələ bu cür vaqe olanda sənət və mədəniyyət adamlarımız başa düşdülər ki, əslində "İncəsənət və mədəniyyət xalqa məxsusdur” sözlərinin qara qəpik qədər də qiyməti yoxdur, çünki əsl sənət həmişə elitar olub, kübar zövqünə ehtiyacı duyubdur. 

Ən başlıcası da ki, xalq artistləri, xalq yazıçıları və şairləri, xalq rəssamları əyani şəkildə gördülər ki, onların on illər ərzində yetişdirdiyi xalq elə budur ki, bunu da hələ neçə illər öncə böyük M.Bulqakov "İt ürəyi” əsərində gözəlcə təsvir edibdir...

Amma "Pis günün ömrü az olar” deyiblər, "xalqın hakimiyyəti” çox çəkmədi–cəmi bircə il, bəli, bir ilin tamamında hər şey kəllə - mayallaq oldu, lap danışıldığı kimi... 
93-cü ilin yay ayları idi. Rayona gedirdim. Yolda bir qohuma rast gəldim. O, da jurnalist idi. Amma məndən fərqi bunda idi ki, elə-belə, həvəskar yox, diplomlu, "xalis” jurnalist idi, diplomunu da sovetin vaxtında almışdı- elə bir savadı və qabiliyyəti olmasa da jurnalist üçün vacib olan "ədəb-ərkan qaydaları”nı, təkcə müsahibə almağın yox, elə başqa şey almağın da qayda-qanunlarını gözəl bilirdi. O, bir söz dedi və həmin söz indi də yadımdadır: "Mənim dövranım gəldi”... 

Qərəz, qardaşlar, bir illik "xalq hakimiyyətinin”nin bir ildən çox çəkməməsinin bir səbəbi əgər o dövrün cəbhəkratlarının gədalığında idisə, əlli faizi də bizim həmin bu mədəniyyət və sənət adamlarının onlara münasibətində idi. Elə ona görə əvvəldə dedim ki, hələ bilmək olmaz, kim daha böyük siyasətçidir? Heç onu demirəm ki, yalnız əlli-yüz ildən sonra, bəzi- para arxivlər tamam açılandan sonra bilinəcək ki, kimin rütbəsi daha böyük olubdur...

Nə isə. İndi bunların hamısı arxadadır. Dayan, deyəsən, çaşdım axı? Yox, yox, bir az yanlışlığa vardım, azacıq seyrəlmə müşahidə olunsa da "köhnə mədəniyyət və sənət qvardiyası” yerindədir. 
Üstəlik, yerlərini başqalarına, növbəti nəslə vermək fikirləri də yoxdur bunların, çünki digər ölkələrdən fərqli olaraq, bizim sənət və mədəniyyətimizdə əsl "gənc qvardiya” yaranmadı–ya dövr qısır oldu, ya da imkan vermədilər...

Amma "Yuxarı baxıb fikir eləməkdənsə aşağı baxıb şükür eləmək yaxşıdır” deyiblər. Çoxdan idi ki, bizim sənət və mədəniyyət əhlini belə geniş tərkibdə görməmişdik. Aralarında cavanlar, hətta gənclər də az deyildi və buna çox sevindik. Amma sevincimiz daha çox bununla bağlıydı ki, ilk dəfəydi bizim mədəniyyət elitamız şəxsi problemlərindən yox, sənətin və mədəniyyətin problemlərindən danışmağa çalışırdılar. 

Demək, illər qətiyyən hədər getməyibdi, bu adamların şəxsi problemlərini həll edə bilmişiksə daha bir "keçid dövrü”nü arxada qoymuşuq. Əslində politoloqlar əvvəldən belə keçidi nəzərdə tuturdular – bəli, söhbət totalitar sovet dəyərlərindən milli və demokratik dəyərlərə keçiddən gedir. Amma bir az başqa şey alındı; düzdür, dəyər olmağına dəyərdir, özü də lap yenisindən, amma ürəyə yox, birbaşa cibə gedəndi...