Xəbər lenti

İlkindən gözəl, sevimli, oxunaqlı İlahə - Afaq Vasifqızı!
Sənət 18:09 11.09.2018

İlkindən gözəl, sevimli, oxunaqlı İlahə - Afaq Vasifqızı!

Aydın Canıyev

1 sentyabr 1985-ci. İstiqlal küçəsi, Hüseyn Cavidin həyəti, Əlyazmalar İnstitutu. Böyür-başda Hacı Zeynalabdin Tağıyevin mülkü, Sabirin heykəli, Filarmoniya, bir az o yanda dəniz, bir az aşağıda MUM, ondan da aşağıda Parapetmi, Molokanmı bağı. Hər şey gözəl - ilahi bir kompleks! Ətrafı "zibilləyən", kompleksə xələl gətirən təkcə "pulxoz"du: "ətraf binaların sakinləri"ndən fərqli olaraq, zaman-zaman bu "pulxoz"un uşaqları dövlətə, xalqa, milli və bəşəri təfəkkürə gəmiricilik ediblər. Amma onda bilmirdim.

Onda hər şey sosialistcəsinə və kommunistcəsinə idi: Baksovet. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsi iki institutun - Əlyazmalarla Xalq Təsərrüfatının nəhəng binaları arasından özünə cığır açıb... isti, doğma, məhrəm və şirin yuvasına yol alırdı: bir mərtəbəsində jurnalist olacaqlar idi, bir mərtəbəsində şərqşünas olacaqlar.
Hə, başa düşdüyünüz kimi, dərsə gecikmək olmaz, görməmişlik etmək heç: ağzıayrıq halda ora-bura baxmaqdansa, dərsə, özü də ali təhsilin ilk gününə toparlanmaq lazımdı!

Ay toparlandın ha!

I kursun kəndindən başqa, Azərbaycanın heç harasını və heç kimini görməyən mənim kimi "çuşka"sı üçün, əlbəttə ki, cazibədar olsa da, unutmaq lazım deyil ki, "mənim tanrım gözəllikdir, sevgidir" deyən Hüseyn Cavidin ruhu gəzən məkanda, qeyd-şərtsiz əsiredici ancaq və ancaq GÖZƏL ola bilər - GÖZƏLLİK sonra anlayacağım nəsnələrdəndir.

Və... budur gəldi!

O qızı o vaxtlarda (elə indi də), görən yalnız bir halda unuda bilər: yaddaşı itibsə!

Onda cazibədarlığı, unudulmamazlığı təkcə GÖZƏL olmağından yanaydısa, sonradan GÖZƏLLİKləri bunu tamamladı - nə onda, nə də indi "redaktəlik" bir nəsnə yox idi, olmadı.
I kursun məndən başqa, 23 nəfəri auditoriyaya gələnəcən nəyi, kimi ilk olaraq görüb, yadında saxlayıb indiyəcən, deyə bilmərəm, mən gördüklərimdən sonra kim(lər)i unutmadığımı yazıram: Afaq Əfəndiyeva-Aqşin Zeynalov!

SÖZARASI: Mən Afaqı onda sanki üçgünlük gəlin paltarında gördüm: alışdım-yandım ("yarkiy") donda, üzündən ətrafa ultrabənövşəyi şüalar kimi sirayət edən xoşbəxtlik təbəssümü və tərifə, xoş sözə ən qısır, gözəlliyə ən laqeyd adamın da belə, hətta özünə nəzarəti itirib, ürəkdən və qəlbən "bu qız nə qəşəngdir, ay Allah" deyə biləcəyi bir Məleykə kimi!

Doğrudur, Afaqı görən, əlbəttə ki, öz ətrafını və onun ətrafını unudurdu. Amma tələsən həmən özünü yandırırdı: çünki onu qoruyan Mələk elə onun qolundaydı - Aqşin Zeynalov!

NOTA-BENE: Məhz bu fakta görə dəfələrlə, ən müxtəlif "oborot"larda yazılarımda qeyd etmişəm: "qadın əriylə yola çıxırsa, özünü o qədər xoşbəxt aparmalıdı ki, bir kimsənin ona qıyqacı baxmağa cəsarəti olmasın! Bəzən xoşbəxtlik o qədər gözəl olur ki, ona hətta şeytan da toxunmur, ayrı hallarda kişi prezident də olsa, fərq eləməz!"

Dövrə qapandımı? Qurduğunuz xəyallar uçdu getdimi işinin dalınca? Hə, indi də keçək birgə...oxu dönəminin sonrakı incəliklərinə!

Mən auditoriyaya girəndə Afaqla Aqşini qol-qola çöldə saxlayıb (etiraf edirəm: o günə qədər mən heç bir gənc oğlanı və qızı qol-qola görməmişdim, təsəvvürümə də gətirmirdim radikal müsəlman olaraq), ümumi "salamlaşma" ayinini yerinə yetirib oturdum arxa partada. Özümə gəlmək istəyəndə ikinci cütlük - gənc oğlanla qız qol-qola aditoriyaya girdilər: Allah-allah, hələ 10 dəqiqə keçməyib, qol-qola gələnin ikisi meydanda! Bu "cütlük" dördüncü kursda oxuyan Rauf Mirqədirovla I kursun tələbəsi olan... bacısı Sevinc Mirqədirovaydı. Bacısını bizə təqdim edib öpüşüb (əuzi billahi minəş-şəytanir-rəcim, məni kimi görməmiş, saf kənd uşağını ard-arda şoka salmaqda İlahinin məqsədi nəydi?) ayrılanda artıq hansısa qənaətə gəlmək üzrəydim, amma və lakin...

Qrup yoldaşımız Eldar Əsgərov digər qrup yoldaşımız Sahib Alıyevdən fərqli olaraq, hərəmiz haqqında "komplo" (kim kimin adamıdı, kimi kim nə qədər alıb saldırıb, kimi kim tapşırır) yığmırdı, kimdən nə bilirdisə, hamıya deyirdi. Düzdü, sonralar mən Sahib Alıyevin bu xarakterinə də haqq qazandırdım: uzun illər erməni içində yaşayan azərbaycanlının belə olmaqdan başqa çarəsi yox idi: düşmənin kimliyini bilmək lazımdı. Pis odu ki... hamıya düşmən və rəqib kimi baxırsan, amma indiki Azərbaycanda da bu keçərli və hətta deyərdim lazımlı keyfiyyətdi!
Tənəffüsə çıxanda... yenə o Məleykə qız və yenə də o qızın gözəlliyi haqqında yaranan, qurulan xəyalları puç edən Mələk Aqşin Zeynalov! Onda Eldar qayıtdı ki, Aqşin Hidayət müəllimin oğludu. Papası, maması papamla işləyir! Eldar sonradan həm mənim iş yoldaşım, həm də baş redaktorum olmuş yazıçı, publisist, dramaturq Əfqanın oğluydu - mənə yaxınlaşmağının səbəbi isə familiyam olmuşdu: salyanlı bibisinin ərinin familiyası da Canıyev idi. Familiyamın hesabına həm Aqşini, həm Afaqı, həm də Aqşinin valideynlərini tanıdım - sonradan Hidayət müəllimlə bir redaksiyada bir ranqda, rütbədə olmasa da, az da olsa, işləmək nəsib oldu. Qardaşı Arazla da tanış ola bildim, əməkdaşlıq etməsək də, "salam" vermək haqqını qazandım.
Və... beləliklə, fakültədə diqqətimi çəkən GÖZƏL Afaqın yalnız GÖZƏLLİK çalarları haqqında düşünmək olardı! Onu da Nəsir müəllim dəfn elədi ilk dərsdəncə:
- Həqiqətən jurnalist olmaq istədiniz, yoxsa pulunuz, adamınızın gücü bura çatdı!?

Üstünün pərsəngini bir az da Raifə Həsənova düzəltdi!

Ziynət Əlizadə isə lap gül vurdu: qızları qovdurmaq şakəri bilinəndə!

Uzun illər - I kursdan sonra əsgər getdim, qayıdanda Aqşin kişiylə Afaq xanım evliydilər, təhsillərini bitirmişdilər, Ustad Hidayət müəllimin, Əfqan müəllimin, rəhmətlik Rəfael Nağıyevin, həm həyat, həm də peşə müəllimim, mogikan imza Şakir Yaqubovun, tanınmış qələmlər Məzahir Süleymanzadənin, İlham Rəhmlinin - azmanların işlədiyi redaksiyada kuryer, oxucu, korrektor, buraxıcı işləməkdəydim - xəbərim olmadı. Ağlımda qalan oydu ki, gözəlliklər yarada biləcək bir gözəl (artıq o saf, görməmiş, "çuşka" uşaqdan həyat əməlli-başlı bir mübariz, müdrik persona yaratmışdı) sadəcə... bir Ər Xanımına və Mətbəx İlahəsinə çevrilib, ən böyük vəzifəsi də Müqəddəs Ana mükələfiyyətlərini yerinə yetirməkdi!


Sən demə, elə deyilmiş!
Və birdən-birə Afaqın imzasını "Azadlıq"da gördüm!

Onda Afaqı bir də etiraf etdim - anladığım oydu ki, yəqin uşaqlarını böyüdüb, yaradıcılığını ictimailəşdirməkdənsə, ictimaiyyət üçün daha faydalı işi görüb - zənnimdə haqlıyam: Afaqın-Aqşinin Amerikada işləmək, tanınmaq qədərincə intellektual övladları var, biri isə Azərbaycan gəncliyinin sevimli yazıçısıdı!

Və GÖZƏL olaraq sevimli, cazibədar olan Afaq mədəniyyət, incəsənət yazılarıyla da GÖZƏLLİK İLAHƏSİ qədər dəyərli olmağını nümayiş etdirirdi!

Yazısı da, düşüncəsi də, əxlaqı da öz Gözəlliyi qədər Gözəl olan Afaq Vasif qızı Əfəndiyeva haqqında uzun müddət nəsə yazmaq istəyimin qabağında həmişə bir amil durub: Afaq xanım həmişə mənim əleyhimə danışanların əhatəsində olub. Yazmış olsaydım, ruslar demişkən, "zlıye yazıki, Boq znayet, çto naqovorili bı!" - bu faktı haqqında yazmağımı istəyib, mənimsə yazmadığım dostlar da nəzərə alsın!

Əslində də Afaq xanımdan yazmaq üçün çox qiymətli əsaslar olub. Jurnalistikadan söhbət düşəndə Ustadımız, Sonuncu Mogikanımız Şakir Yaqubov həmişə irad tutardı ki, bizdəkilər nəinki yazdıqlarından əməlli-başlı bir şey bilir, hətta özlərini düzgün təqdim edə bilmirlər! Hər iki Azərbaycanın (sovet və müstəqil) yeganə iki dəfə əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun mənə də iradı əsasında və Onun təqdimatında Azərbaycan ədəbiyyatının və jurnalistikasının Əfəndiyevlərini tanıtmaq istəyirəm:

Afaq Vasifqızının babası - Nəsib Əfəndiyev "Vyana gecələri" romanının müəllifidir, nənəsi İnsafxanım Ağazadə 132 saylı məktəbin dərs hissə müdiri olub, əmisi Rəşid Nəsiboğlu "Limanda" mahnısının bəstəkarıdır, şərqşünas atası Vasif Nəsiboğlu sən ağırlıqda povest və hekayələrin müəllifidir, qaynanası Məryəm xanım 35 ilin əməkdar jurnalistidir... Ermənistan-Qazax-Bakı kökənlidirlər!

Və... belə demək olar, Əfəndiyevlərin çörəyi hər zaman qələmdən çıxıb! Yazmamışdım indiyəcən... xatırlatdığım üzrlü səbəbdən!

... həm Aqşini çox istəyirdim, həm Arazı, ümumilikdə isə bu ailəyə böyük hörmətim vardı!

Çünki... 

jurnalistikada (eləcə də ədəbiyyatda) oxuyub bir-birini tapan cütlüklər çox olub! Mənim bildiklərimin içində bunlar qədər - Hidayət Zeynalov və xanımı, Aqşin Zeynalov və xanımı - xoşbəxti və nümunə olanı olmayıb, içi özüm qarışıq!

Bax, buna görə təbrik edirəm, əziz və dəyərli insan, imza Afaq xanım!

Cəmiyyətə əxlaq, ədəb dərsi keçən, xilas yolu göstərən jurnalistin, ilk növbədə, özünün nümunəsi olmalıdı!

Həmişə demişəm: gözəl olmaq hələ gözəlliyin təmsilçisi olmaq demək deyil! - Sən bunu, yəni "Gözəl olub da Gözəlliklərin təmsilçisi olmaq olar"ı nümayiş etdirdiyin üçün, "snimayu şlyapu".

Jurnalist kimi yaxşı, gözəl, yaddaqalan yazıların müəllifi olmaq da olar, olmamaq da, bu peşə şərəfini əskiltməz, artırmaz da, zatən də jurnalist yaxşı, gözəl yazmalıdı, amma "jurnalist (yazıçı-şair də həmçinin) cütlüyü"nü gözəl yazmaq və yaşatmaq missiyadı, borcdu mükəlləfiyyətdi, şərəfdi!

Hamısından - hər bucaqda, hər rütbədən, hər mövqedən Gözəl boylanan Gözəllik İlahəsi, ad günün mübarək!

YAZIYA (TƏBRİKƏ) SÖZARDI: Bir olan Allah bilir ki, bu anlarda nə tornadolar, sunamilər burulğanındayam, amma.. məni bu qədər gözəl düşündürən həyat sərgilədiyin(iz) üçün təşəkkür edirəm! Gözəl yazıları gözəl yaşantılar yazdırır!

Həmişə belə qalacağına əminliklə... bir daha və yenidən təbriklər!

P.S.: Yazılarından, verilişlərindən, redaktorluğundan söz açmadım Afaq Vasifqızının - Ustadların yazılarını oxuyurlar, təqdim edirlər, müzakirə etmirlər, mübahisə açmırlar! Yazılarını GÖZƏLLİK kimi sevirəm!

Qoruyan Mələyin həmişə qolunda olsun, Məleykə həmkarımız, əziz insanımız və imzamız! Amin! - indi də Sizi təsadüfən də olsa rastlaşanda, qol-qola görəndə ilk dərs gününün ilk gözəlliyini yaşayıram! Allah bunu mənə, jurnalist cütlüklərə və bağlı olduqlarınıza çox görməsin!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->