İlqar Məmmədov polisə niyə çağırıldı?

İlqar Məmmədov polisə niyə çağırıldı?

ReAl partiyasının sədri İlqar Məmmədov çərşənbə günü Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb.

İ. Məmmədov idarədən çıxdıqdan sonra bildirib ki, görüşdə mayın 28-də anımla bağlı müəyyən məlumatlar çatdırılıb. İlqar Məmmədov İctimai Təhlükəsizlik İdarəsinin rəhbərliyi ilə görüşdüyü deyib, amma söhbətin təfərrüatını açıqlamayıb.

Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, İlqar Məmmədovun polisə çağrılması bağlı ictimaiyyətə məlumat veriləcək. "Görüşdə bizə 28 mayda anımla bağlı müəyyən məlumatlar çatdırıldı. ReAl partiyasının İdarə Heyəti bu məlumatları nəzərə almaqla, 28 may Cumhuriyyət gününün qeyd olunması ilə bağlı qərar verəcək", İlqar Məmmədov polis idarəsindən çıxdıqdan sonra deyib.

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd ediləcək. O, ötən gün Facebook statusunda yazıb ki, REAL İdarə Heyəti mayın 28-də İstiqlal abidəsinin ziyarəti edərək 1-ci Cümhuriyyəti anmaq barədə qərar verib.

"Lakin UEFA Liqasının finalının mayın 29`da Bakıda keçirilməsini bəhanə gətirərək hakimiyyət bu gün elan elədi ki, abidənin yerləşdiyi İstiqlaliyyət küçəsinə giriş bir neçə günlük məhdudlaşdırırlacaq", o yazıb.

İ. Məmmədov onu da yazmışdı ki, Bakıda keçiriləcək Avropa Liqası ilə bağlı İstiqlaliyyət küçəsində hərəkətin məhdudlaşdırılması ilə bağlı UEFA-ya etiraz edəcək.

Çərşənbə axşamı yerli mediada yayılan məlumata görə, mayın 25-dən 31-dək Bakıya gələcək çoxsaylı əcnəbilərin rahat, maneəsiz və sərbəst gəzintilərini təmin edilməsi üçün paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami ("Torqovı") və İstiqlaliyyət küçələrində və Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə məhdudiyyətlər qoyulacaq.

Məlumatla bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Səbail rayon İcra hakimiyyətinin mətbuat xidmətləri "onlarda belə bir məlumat olmadıqlarını" deyiblər.

Sonradan Bakı Şəhər İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov Azərtac dövlət agentliyinə "Tarqovı"ya yerli sakinlərin buraxılmaması ilə bağlı yayılan məlumatları təkzib edib.

"Bəyan edirik ki, bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib. Belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyunudur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək", məlumatda deyilir.

Mənbə: BBC Azərbaycan

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR