"Hazırda namizədliyimi verdiyim dairədə seçicilərlə görüşlər keçirirəm. İnsanlar mənim bu addımımı dəstəklədikıərini və fevralın 9-da keçiriləcək parlament seçkilərində səslərini mənə verəcəklərini deyirlər. Əminəm ki, dedikləri kimi də hərəkət edəcəklər”, – bu sözləri müxbirimizlə söhbətində 10 saylı Binəqədi Üçüncü Seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş tanınmış jurnalist İltifat Hacıxanoğlu bildirib.
Sözügedən dairədə 13 namizədin olduğunu deyən İ.Hacıxanoğlu, seçki qutusundan adının millət vəkili kimi çıxacağından arxayın olduğunu qeyd edib:
"Mən əvvəlcə namizədliyimi ana yurdum Qobustan rayonundan verməyi düşünürdüm. Lakin havaların soyuq keçməsi və yaşadığım yerdən uzaq olması səbəbindən etiraf edim ki, ordan namizədliyimi vermək mənə çətin gəldi. Ona görə də, vaxtilə doğulub boya-başa çatdığım Biləcəri qəsəbəsinin, hazırda yaşadığım Binəqədi qəsəbəsinin sakinlərinin böyük əksəriyyəti ilə şəxsən tanişlığım olduğu üçün bu dairədən verdim. Mən istər jurnalist kimi, istərsə də vaxtilə baş redaktoru olduğum "Mərkəz” qəzetində Binəqədi rayonunun sosial problemləri ilə yaxından maraqlanmışam. Binəqədi qəsəbəsində "Vətənpərvər filmlər həftəliyi”ndə mənim Milli Qəhrəmanlar barədə çəkdiyim filmlər tez-tez nümayiş etdirilib və insanlar özləri bu filmlərə tamaşa etmıyə gəliblər və məni də ordan yaxşı tanıyırlar. O cümlədən, namizədliyimi təsdiq etdirmək üçün tələb olunan imzaları şəxsən özüm toplamışam, bu dairənin ərazisində yaşayan insanların problemləri ilə bir daha yaxından taniş oldum. Təbii ki, bir rayonun sosial problemlərinin həlli az zamanda mümkün deyil. Amma cəmiyyətimizin daha da inkişafı üçün vacib olan qanunların qəbul edilməsi ilə yanaşı yaşadığım rayonun sosial problemlərinin həlli mənim üçün ən vacibidir”.
Deputatlığa namizəd müxbirimizin "Rəqibərinizdən kimi daha şanslı hesab edirsiniz?” sualına cavab olaraq bildirdi ki, digər namizədlərin əksəriyyətini şəxsən tanıyır. "Mən rəqiblərimin əksəriyyətini şəxsən tanıyıram, böyük hörmətim var, hamısına uğurlar arzulayıram! Binəqədi, Biləcəri qəsəbələrinin və 9-cu mikrorayon sakinlərini fevralın 9-da seçkidə fəal olmağa çağırıram və səslərini layiq bildikləri namizədə versinlər! Hər şet çox gözəl olacaq!”, – deyə cavab verib.
Şərhlər