Dünya 18:26 19.06.2019

"İmamoğlu Ərdoğanın prototipidir" (RƏY)

Bildiyiniz kimi, iyun ayının 23-də Türkiyədə yenidən İstanbul üzrə bələdiyyə seçkiləri keçiriləcək. 

Seçkidə yenidən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və Cümhur İttifaqının AKP-dən olan namizədi Binali Yıldırım namizədliyini irəli sürüblər. 

Politoloq Tofiq Abbasov Qaynarinfo-ya müsahibəsində seçkilərdə namizədlərin şanslarını dəyərləndirib. 
 


- Bu həftə İstanbulda təkrar seçkilərdir. İmamoğlunun yenidən seçilmək şansını necə görürsünüz? 

- Subyektiv fikrimi söyləyə bilərəm. Mənə elə gəlir ki, Əkrəm İmamoğlu bu seçkidə favorit rolunda qalır. Çünki o, daha çevik, daha perspektivli siyasətçidir. Təsadüfi deyil ki, elə birinci seçkilərdə də cüzi də olsa, üstünlük qazandı. Rəqibi bir qədər arxayın görünür. Çünki o, yeni nəsil siyasətçilərə aid deyil, digər tərəfdən isə həmişə Rəcəb Tayyib Ərdoğanın kölgəsində olan adamdır. Binəli Yıldırım bir qədər sönük namizəd kimi görünür. Təkrar seçkilərin keçirilməsi özü bir fakt kimi çox suallar doğurdu. İstanbul əhalisi də bu məsələyə bir qədər həssas yanaşdı. Çünki istər-istəməz bu şəhərin taleyi orada yaşayan adamlar üçün böyük önəm daşıyır. İstanbullular bütünlüklə çalışırlar ki, onların hüquqlarını müdafiə edən adam da müasir düşüncəli, müasir görkəmli olsun. Bu baxımdan belə başa düşürəm ki, İmamoğlunun şansı daha çoxdur.

Baxmayaraq ki, yarısı Asiyada yerləşir, İstanbul özü mahiyyətinə, yerinə, roluna görə daha çox Avropa şəhəridir. Həmçinin İstanbulun Türkiyə siyasətinə böyük təsiri var. Vaxtılə Ərdoğan İstanbulun meri seçildikdən sonra öz siyasi zəfərinə başladı. O, Nəcməddin Ərbakanın yetişdirməsi kimi siyasi arenaya çıxmışdı. Onun fikirlərini dəstəkləməyən adamlar belə dedilər ki, Ərdoğan son 10 ildə İstanbulun ən uğurlu meri kimi özünü təsdiqləyib. Fikrimcə, İmamoğlu indiki dövrdə hardasa 80-ci illərdə özünü doğrultmuş Ərdoğanın prototipidir. Ona görə onun qələbə əldə etmək şansı daha çoxdur. 

- 31 martdan sonra nələr dəyişib?

- İnsanlar son vaxtlar xeyli transformasiyalar ediblər. Birincisi, biz real informasiya dövründə yaşayırıq. Digər tərəfdən kommunikasiya vasitələri həyatımızda çox böyük rol oynamağa başlayıb. Heç kəs hansısa bir məsələ ilə bağlı deyə bilməz ki, bilgi boşluğu var. Ona görə də 31 martdan insanların beynində böyük dəyişiklər baş verib. 

Baxmayaraq ki, Ərdoğan pasionar siyasətçidir, son illər ərzində onun yeritdiyi siyasətdə anlaşılmaz məqamlar, uğursuzluqlar, çatışmazlıqlar var. Ona görə də birmənalı demək olmaz ki, Ərdoğan Türkiyənin rəhbəri olaraq öz siyasi kursu ilə bütövlükdə ölkə cəmiyyətinin gözləntilərinə cavab verir. Ona olan ismarıclar, sorğular var. Bunların hamısının məsuliyyəti bilavasitə idarəçi şəxsin üzərinə düşür. Biz bilirik ki, Ərdoğan özü həm İstanbulludu, həm İstanbulun Bələdiyyə Sədri olmuş, çox möhtəşəm siyasi karyera qurmuş adamdı. Ancaq fəlsəfədə belə bir qanun var ki, ən yüksək zirvədən yol ancaq aşağı aparır. Bu baxımdan belə başa düşürəm ki, Türkiyə cəmiyyətində alternativ tərzdə düşünən beyinlər, siyasi kursda dəyişiklik istəyənlər çoxdur. Mənə elə gəlir ki, İmamoğlu indiki məqamda daha çox gözləntilərə cavab verə biləcək şəxsdir. 

- Son debat seçkilərin nəticəsinə necə təsir edib? 

- İlk dəfə idi ki, Türkiyədə belə debat keçirilirdi. Fikrimcə, bunun bir o qədər də əhəmiyyəti yoxdur. Çünki insanlar öz rəylərini o debata qədər formalaşdırıblar. Ola bilsin ki, 10 %-ə qədər seçicilərin ab-havasına, onların mövqeyinə bu debatlar təsir göstərsin. 

- Seçkilərin nəticəsinə müdaxilə olsa, Türkiyədə nələr baş verə bilər?

- İstənilən seçkilərdə həmişə pozuntular da, provakasiyalar da olur. Ancaq inanmıram ki, bu seçkidə böyük yanlışlıqlara, qayda pozuntusuna yol verilsin. Çünki bu adi seçki deyil, alternativ seçkidir. Müşahidəçilərin rəyi, digər tərəfdən Türkiyə cəmiyyətində, xüsusilə də İstanbulda insanların öz vətəndaş vicdanı amili böyük rol oynayacaq. İnanmıram ki, pozuntu və provakasiyalar üçün böyük meydan verilsin. Ona görə də insanlar vətəndaş borcunu layiqincə yerinə yetirəcək. 

Röya Kərimli