Sənət 13:03 29.08.2021

İmdat Avşar: "İtmiş bahar nərgizi" - Hekayə

"Mən itmiş bahar nərgiziyəm...”


"Bir qadını unutmaq üçün başqa bir qadın lazımdır”, - deyəsən belə demişdi, daha doğrusu, yazmışdı bir qələm sahibi. Hələ geridə qoyduğumuz uzun illərin birində bu sözlərin yazıldığı kitabın özünə aid etmişdim bu fikri: "Bir kitabın təsirindən qurtulmaq üçün başqa bir kitab lazımdır”. Ancaq unudulmayacaq qadınlar kimi, unudulması mümkün olmayan kitablar, hekayələr də varmış.


Daha çox klassik ədəbiyyata köklənəndə müasir ədəbiyyat bəzən yad gəlir insana, bəzən "sehrli xalatla” keçmişdən gəlib sanki yüz illər sonrakı gələcəyə düşürsənmiş kimi caş-baş qalırsan, kitab əlində donursan, sonra qeyri-iradi bir kənara qoyub yenə öz dünyana qayıdırsan...


Bu gün keçmişdən gələcəyə bir ənənə, bir fikir, düşüncə yükü daşıyan insanın da daxil olduğu canlı aləmin ən zərif, ən incə və gücsüz, yardıma möhtac varlığının yaşamını izlədim bir hekayədə... İnsan adını daşıyan varlığın başına gələcək ən faciəvi olayı, sürgünlük, qəribçilik ömrünü, sən demə, bir çəmən çiçəyi də yaşaya bilərmiş...


Bunu yazan bir çiçəyin ömründə yaşaya bilib demək... yaşaya bilib ki, bu qədər dərindən duyub ki, 30 il işğal altında olan torpaqlarımızın, şəhid olan oğullarımızın, 44 günlük Vətən savaşımızın acılı-ağrılı, sevincli-qürurlu günlərinin şahidi olaraq dözümlərdən, sınaqlardan keçən qəlbimizə, sinirlərimizə toxuna bilir, kövrəldə bilir, mənən təmizlənmə, katarsis yaşada bilir bizlərə...


Bu, yazıçı səmimiyyətinin zəfəridir, həm də, məncə, geridönməz zəfəri...


Heç bir əlavə təqdimata ehtiyac duymadan birbaşa adını çəkəcəyim yazar İmdat Avşarın "İtmiş bahar nərgizi” hekayəsini Təranə Vahidin çevirməsində oxudum. Və bunları yazmaya bilmədim... Bu, bir mütəxəssis yazısı deyil, mən müasir ədəbiyyatla məşğul deyiləm. Bu sətirlər klaviatura arxasında olub yazı-pozu bilən və bu an bunları yazmaya bilməyən bir oxucunun "şahidi olduğu” olaydan riqqətə gəlmiş qəlbinin susdurula bilməyən sədasıdır.

Lap uşaqlıq çağlarında həyətimizdə bir tut ağacı var idi. Çox böyüyüb qol-budaq atmışdı. Həyətdəki qadınların min əziyyətlə yuyub sərdikləri paltarlar budaqlara ilişib zəhmətlərini yerə vururdu. Axırda ağacın iki budağını mişarla kəsdilər və kəsilmiş budaqları çəkib apardılar. Lakin budaqlardan biri bütün pöhrələri ilə ağacdan elə bərk yapışmışdı ki, nə qədər ayırmağa çalışsalar da, mümkün olmadı, eləcə ilişib qaldı ağacda. Yaz gəldi, ağacın bütün budaqları yaşıl yarpağa büründü, amma kökündən ayrılmış həmin budaq – qurumuş budaq yarpaqsız, çılpaq qaldı... O zaman bu mənzərə yaddaşıma elə həkk olunmuşdu ki, sonralar universitetin birinci kursunda "Qurumuş budaq” adlı hekayə də yazmışdım...


İmdat Avşarın "İtmiş bahar nərgizi” hekayəsi o duyğuları yenidən yaşatdı mənə: vətənindən, torpağından, el-obadan, kökdən ayrı düşməyin faciəsini. Həm də qlobal dünyada, urbanizasiyanın sürətlə inkişaf etdiyi bir məkanda, bir zamanda...


Hekayədə məni heyrətləndirən ilk nüasn: bir insan kiçicik bir çiçəyin həyatını bu qədər detalları ilə necə yaşaya bilər axı... Klassik poetikada "təşxis” adlandırılan şəxsləndirmə bədii fiqurundan məharətlə bəhrələnən yazar həyatımızın bir parçasına, xoş günlərimizin, sevgimizin tərcümanına, təcəssümünə çevrilən bir çiçək həyatını həm bir rəmz, həm də reallıq olaraq qarşımızda sərgiləyir: bizi sevindirən bu Tanrı lütfü sevindirərkən məhv olurmuş demə... İnsanın gündəlik iş-gücünün, məşğuliyyətinin qurbanı olurmuş demə... Yazıçı bunu demir, təlqin etmir, təbliğat aparmır, yazıçı bunu yaşadır: yaşadığı kimi yaşadır...


Hekayənin məzmununu nəql etmək fikrində deyiləm... Hekayə təbiəti dərk etdirir insana. Bu təbiətin tək parçasının insan olmadığını başa salır bəşər övladına... Təbitədəki harmoniyanı pozmağın acılarını göstərir...


Bu hekayədən sonra bir çiçəyi belə, dərmək olarmı? Olmaz! İnsan olanın ürəyi parçalanar insan adı daşıyaraq yaşatdıqlarına...

Təhminə Bədəlova

 

Hekayəni təqdim edirik:


İMDAT AVŞAR


İTMİŞ BAHAR NƏRGİZİ

 

Mən bir mağarada, anam yuxuda olarkən doğulmuşam. Hər yer qapqaranlığıydı... Heç yer üzündəki qaranlığa oxşamırdı. Göy üzündə nə ay vardı, nə də bir ulduz... Doğularkən anamın bədənindən bir azca aralandım, köklərinə sarılaraq aylardı böyüyürəm...


İki qardaşım da var, onlar anamın o tərəfindədir deyə, qaranlıqda görmürəm. Bəlkə, mənə bənzəyir onlar da... Mən ən balacalarıyam, qaranlıqdan çox qorxduğum üçün tez yanımdakı Nənəmin köklərinə sarılıram. Heç görməsəm də, Nənəmin danışdığı nağıllardan öyrəndim Yer üzünü. "İşıqlı dünya” – deyir Nənəm. İşığın nə olduğunu bilmirəm hələ ki. Göy üzü, bulud, yağış, külək, kəpənəklər, quşlar, arılar... Bir də insanoğlu! Nədənsə "insanoğlu” deyəndə soğanağı büzüşür, bədəni titrəyir, kökləri gərilir, halının dəyişdiyinihiss edirəm Nənəmin. Dediyinə görə, Yerin üstünə çıxanda mən də görəcəyəm bütün bunları... Yaylaqda doğulsaydım, qohum-əqrəbalarımızı da görə bilərmişəm. Amma lalələr, sünbüllər, novruzlar, süsənlər Nənəmin cənnət dediyi o yaylaqda qalıb. Biz burada sürgündəymişik. Görən, nədi sürgün?!


Nənəmgil hər bahar qar əriyər-əriməz Yerin üstünə çıxar, əqərabalarıyla birlikdə o yaylağı min bir rəngə boyayıb cənnətə çevirərmişlər. Nənəmə: "Madam ki yer üzünə çıxanda o qədər rəngli, gözəl oluruq, o halda biz çiçəklər niyə bu qaranlıq zindanda gözləyirik?” – deyirəm. Nənəm ah çəkir:


"Buzu əridən bir eşq atəşi var biz nərgizlərdə... Bir qığılcımla bədənimizə eşq atəşi düşüncə bu qaranlığı yara-yara çıxarıq gün üzünə. Amma unutma, qızım, gözəllik başa bəladı. Gözəllikdi bizi yurdumuzdan edən” – deyir və əvvəllər heç danışmadığı həzin bir köç hekayəsinə başlayır. Mən bütün köklərimi nənəmin köklərinə dolayıb qorxuyla dinləyirəm.


"...Torpağa yenicə düşmüşdü cəmrə. Süsənlər, zanbaqlar, novruz gülləri, lalələr, sünbüllər, qar çiçəkləri bir yarışa girmişdik. Üstümüzdəki torpağa dəyən baharın ilıq nəfəsi səbrimizi kəsirdi. Əriyən qarın yumşaltdığı torpağı yara-yara başımızı günəşə uzadırdıq. Əriyən qar suları da üstümüzdəki torpağı sürükləyib kömək edirdi bizə. Mən, anam, atam, qardaşlarım, başqa qohum-əqrəbalarım... hamımız birlikdə itələyirdik başımızın üstündəki torpağı. Bir səhər qaranlıqda rəngi yaxşıca solmuş qollarımın üşüdüyün hiss etdim. Qollarımı açanda par-par yanan günəşi yenidən gördüm. Sonra hamımız birlikdə ətrafı seyr elədik. Novruzgülləri, süsənlər bizdən əvvəl çıxıb qızılı, bənövşəyi çiçəkləriylə yaylağı bəzəməyə başlamışdılar...”


Bu qaranlıq pərdəsini yırtmaq istəyirəm. O rəng əyləncəsinə qoşulmaq, torpağı, üstümüzdəki buz qatlarını dəlib başımı günəşə uzatmaq... Nənəmin səsi kədərə boyanır sanki... Mənə sarılan köklərinin titrədiyini, bədəninin soyuduğunu hiss edirəm:


"... Sonra əvvəllər heç vaxt duymadığımız bir gurultu başladı. İlin çoxunu yerin altında yaşasaq da, o yaylaqdakı bütün səsləri tanıyırdıq. Küləyin, suyun, quşların, çobanların səsinə alışmışdıq. Bir az göy gurultusuna bənzəyirdi bu səs. Amma çox guruldayanda o qorxunc səs qulaqlarımızda bir müddət uğuldar, xortultuyla uzaqlaşıb yox olardı. Üstəlik, o səsdən sonra damarlarımıza işləyən yağış başlardı. Bu səs heç kəsilmirdi, ara vermədən davam edirdi. Arabir insan səsləri gəlirdi. Amma çiçək açanda bizi sevən, oxşayan çobanların səsinə bənzəmirdi bu səslər...”


Köklərimi bir az daha yuxarı çəkib soğanağına doladım. Ona daha yaxın olmaq istəyirdim. Elə bərk sarılmışdım ki... Qorxudan dərinlikdəki köklərim torpaqdan sıyrılıb yuxarı dartılırdı. Nənəm saçaqlı köklərini bədənimə sarıyaraq davam etdi:


"... Sonra altımızdakı torpaq yerindən oynadı. Köklərimizin gedib çata bilmədiyi yerlərdən, dərinlərdən çartıltılar yüksəldi. Bir müddət sonra yaşadığımız məhəllə daşıyla, torpağıyla göyə sovruldu. Bizim məhəllədə yaşayan bir çox zəfəran, novruzgülü, qaymaqçiçəyi də nə olduğunu bilmiridlər. Qorxa-qorxa bir-birimizə baxırdıq. Hər bahar bizi qarşılayan, şən mahnılar oxuyan arılar, böcəklər təlaşla uçuşaraq dağılışdılar. Ahhh! Sevimli balam... O an uça bilməyi çox istərdim.


O gün köklərimin torpağa bağlı olduğuna ilk dəfə üsyan etdim. Bütün məhəllə artıq bir yük maşınının kasasında sürgünə gedirdi. Çömçənin ağzındaykən son dəfə baxdım yaylağa. O yaşıllıq, o rəngarəng dünya hələ də gözümün qabağından getmir. Hər bahar işığa çıxanda o yaylağı axtarır gözlərim...”

Sürgün olmaq aid olduğun torpaqdan qoparılmağıydımı? Niyə biz də quşlar, arılar kimi uçmur, insana asanca təslim olurduq? Bunca gözəlliklər bəxş etdiyimiz insanlar niyə bizi sürgün edirdilər? Biz gözəlliyimizin qurbanıydıqmı?


Nənəm bir sürgün hekayəsini davam edirdi:


"... Sonra bizi bir binanın baxçasına gətirdilər, bu evlər çobanların, yazda yaylağa köçən obaların çadırlarına heç oxşamırdı...


Bizi bir baxçaya yerləşdirdilər. Qaymaqçiçəkləriylə novruzgülləri yaylağın həsrətinə dözəmmədilər, o bahar tumurcuqlarının qönçəsini yarmadan, çiçəklərini açmadan solub getdilər, onları bir daha görə bilmədim...”


"Solmaq nə deməkdi, Nənə?” – deyə, soruşuram pıçıltı ilə. "Mövsümsüz ölmək”, – deyir Nənəm. Səsi torpağın dərinliklərini yandırır. Başa düşmürəm. Mən heç görmədim mövsümləri. "Diriliş mövsümündə ölmək”, – deyə əlavə edir Nənəm. "Yatıb sonrakı baharda yenidən oyanmaq... Yalançı bir solmağımız var bizim. Payızda yarpaqlarımızı günəşə qurban edib çəkilirik qaranlığa və hər bahar çoxalaraq yenidən baş qaldırır, bəzəyərik işıqlı dünyanı... Amma vaxtsız solduğumuzda nə toxum səpə bilərik yer üzünə, nə də soğanaqlarımızı çoxalda bilərik yerin altında. Çürüyüb gedər bədənlərimiz, heç bir bahar yaşatmaz artıq bizi...”


"Mən solmaq istəmirəm”, – deyirəm. Nənəm kökləriylə daha möhkəm sarılır mənə, davam edir:

 

"Biz bu bağçanı yurd elədik o gündən sonra. Dörd bahardı burada çıxırıq gün üzünə. Sən də burda doğuldun... Burada da yasəmənlər, xanımbarmaqları, başqa güllər var. Onlar da gözəl rənglərlə açırlar, qoxuları da xoşdu. Amma bu bağça o cənnət yaylağa heç bənzəmir. Buradakı evlər günəşin qabağını kəsir. Günəşin istisini hiss etsək də, onu heç görmürük. Bir də tez-tez sulayırlar bu bağçanı. Buranın sularını içmək də mümkün deyil. İnsanlar içməli suyu bizim yaylaqdan gətirirlər. Amma bağçanı o qəribə suyla sulayırlar.

 

Bir də burda bizi yaylaqdan gətirən yük maşınlarına oxşayan maşınlar var. O xortultulu səsləri eşidiləndə havaya çox pis qoxu yayılır, çiçəklərimiz boğulur bu qoxudan. Yaxşı ki, köklərimiz yerin altındadır. Yoxsa biz də çoxdan solub gedərdik...”.


"Gün işığına çıxmaq istəyirəm”, – deyirəm, köklərimlə üçəm soğanağıma toxunaraq. Köklərimi daha rahat hərəkət etdirirəm artıq. İlıq sular axıb evimizin damından köklərimizə doğru yayılır. Anam, atam, nənəm və başqa qohumlarımız başımızın üstündəki torpağı yuxarı itələyirlər. Səbrim bir tikə olur. Çiçəklər niyə zindanda doğulurlar, bunu heç cür başa düşə bilmirəm. Sıxlıram qaranlıqda, günəşi görmək ən böyük arzumdur. "Gözlə”, – deyirlər əvvəllər günəşi görən böyüklərim. "Baharın işarətini gözlə...”


Mən bu qaranlıqda baharın işarətini necə görəcəyəm?

 

***

 

Quşların nəğmələrini duyuram... Baharın işarəsi budurmu? Nənəmin və anamın bədənindən tutaraq başımı günəşə uzadıram bu səhər. Nəhayət, nağıllardan tanıdığım günəşi görürəm. Qollarım bir-birinə yapışıb, qollarımı aça bilsəm, işığı qucaqlayacağam. Böyümək, çiçəyə dönmək, suyun güzgüsündə özümü görmək istəyirəm. Köklərimi daha dərinə salmaq, başımı daha yuxarı uzatmaq həvəsindəyəm. Coşur nərgiz arzularım, köklərimə süzülən suları bədənimə daşıyıram, torpağın altından ağ çıxan qollarım günəş vurduqca tündləşib yaşıllaşır. Soğanağın tam ortasında çiçək üçün qönçə şəkillənir, bədənimdə qərib bir sızıltı, bir istilik duyuram. Nənəmin eşq atəşi dediyi budurmu?


Günəşə sarılacaq qollarım ikiyə ayrılır bu gün. Qəribə səslər duyuram. Budaqlarını ilk dəfə gördüyüm Nənəmin rəngi qaçır birdən. "Bu, bağbandı”, – deyir. Əlində bellə yaxınlaşır bağçaya...

 

Sərt bir metal köklərimizi biçəcək, enir soğanaqlarımıza doğru. Nənəmlə mənim köklərimizin saçaqları kəsilir, belin soyuq dəmiri soğanlarımızı yalayıb keçir. Sonra torpağımızın yerindən qaldırılıb tərs çevrildiyini görürəm.

 

Sürgün deyil, bu, nərgiz qırğınıdı! Aylardı qaranlıqda yaşadığımız üçün köklərimizi, soğanaqlarımızı da ilk dəfə görürəm. Sonra kobud barmaqlar tutur saçlarımızdan. Köklərimizi yolanda soğanaqlarımızı ayırır. Bağban anamla qardaşlarımızı ayırarkənköklərimin yarısı onlarla birlikdə qopub gedir. Canım yanır. Qopan köklərimin ucundan sular damcılayır. Bütün gücümlə Nənəmin köklərinə sarılıb buraxmıram. Sonra bir əl Nənəmlə mənim bir-birimizə sarılmış bədənlərimizi də ayırır torpaqdan. Köklərimizin bir qismi hələ torpaqdan bərk yapışdığı üçün qopub qalır orda. Anamla qardaşlarım yoxdu. Həsrətlə gözlədiyim bahar nərgiz qırğınına dönür. Nənəmlə məni başqa bir bağçaya aparırlar... Çiçəyi ağzında olan Nənəmin soğanağına baxıram. Onu qaranlıqda belə xəyal eləməmişdim heç.

 

Köklərimiz yerin altındaykən darıxdığımız, doğacağını darıxaraq gözlədiyimiz günəş Nənəmlə mənə əzab verməyə başlayır. Bədənimizin suyu qopan köklərimizdən yerə sızır. Yaralı kökləriylə sarıyır Nənəm məni. Nənəmin ikinci sürgünüdü bu. Mən isə ilk dəfədir yaşayıram. "Əgər köklərimizi torpağa basdırmasalar, solacağıq”, – deyir Nənəm. Mən bu bağçaya sürgün edilən qaymaqçiçəklərinin, novruzgüllərinin qədərini yaşamaq istəmirəm. Bədənimizdəki sular azaldıqca solur zoğlarımız.

 

Quru, beton bir yerdəyik. Bizi buraya gətirən adam o yüksək evlərdən birinə girdi. Hələ geri qayıtmayıb. Bir mərhəmətli əlin köklərimizi yenidən torpağa basdırmasını gözləyirik.

 

"Vaxtsız solmaq budur” – deyir Nənəm. "İndi damarlarını sıx, sularını bədənində saxlamağa çalış, bir az da döz, dayan”.


Solmaq istəmirəm mən, aylarca yolunu gözlədiyim Günəşin altında, bizi dirildən bu baharda solmaq istəmirəm....


Günəş bədənimizdəki suyu buxarlandırır. Köklərimizin ucu bərkiyib quruyur, rəngimiz qaçır getdikcə... Sonra başqa bir əl tutur qollarımızdan və bizi bir çuxura yerləşdirir. Bir də dirilik suyu tökür dibimizə. Bu yeni yurda sarılırıq Nənəmlə. Amma köksümüzün ortasında qoruyub-saxladığımız çiçəklərimiz elə incikdi ki...


Hələ ki, qölçələrin yarmayan sarı çiçəklərimizi artıq hiss etmirik. Nənəmlə mən çiçəyi ağzında solan iki nərgizik indi. Mən başqa bir baharda görəcəyəm özümü. Görə biləcəyəmmi? Bilmirəm. Çiçəklərimiz solsa da, soğanağımız susuzluqdan qurumadı, solub yox olmaqdan qurtulduq bu bahar, amma indiki yurdumuzda ayrıq otları var. Asfaltın, səki daşlarının altından hay vurubgəliblər buraya. İlan kimi dörd tərəfdən dövrəyə alıblar bizi, durmadan sıxışdırırlar. Nənəm: "Biz yurdumuzdan sürgün edildik, gəldik buraya, bunlarınsa yurdları işğal edilib... Bu üzdən hirslidilər, uzaq dur bu ayrıq köklərindən”, – deyir. "Nə badə köklərini ona doğru uzadasan, bədəninə sarılar, soldurar səni...”

 

***

 

Yenə bir bahar işarəti duyuruq. Bir həvəs dolur içimizə. Mən köklərimi öz soğanağımın dibinə uzatsam da, nənəmin ayrıq otu dediyi otun kökləri bizi boğmağa çalışır. Bir də Nənəmin "axşamsəfası” – dediyi çiçəyin toxumları cücərir yan-yörəmizdə. Biz özümüzü çiçək-çiçək bahara hazırlayırıq, ayrıq otları bizi oradan qovmağa çalışır. Axşamsəfası toxumları da qaba köklərini üstümüzə salır. "Əgər bu bahar çoxalmasaq, burada yaşayammarıq, solub gedərik”, – deyir nənəm.

 

Solub getmək... Heç baharı yaşamamış, öz çiçəyini görməmiş xırda bir nərgiz soğanı üçün bundan daha qorxunc nə ola bilər?


Bu bahar da başımızı çətinliklə yuxarı uzadıb çiçəksiz keçiririk. Bədənimizi çəpər kimi dövrəyə alan axşamsəfaları üstümüzə kölgə salır, günəşin üzünü görəmmirik. Ayrıqotu köklərinin sıxışdırdığı soğanağım ağrıyır. Axşamsəfası və ayrıq kökləri, nəhayət, sakitləşir.

 

"Payızdı”, – deyir Nənəm.... qol-qanadımızı yaz-yay günəşinə qurban etdiyimizdən, indi dərin bir yuxuya getmişik. İçimdə sonsuz bir kədər var. İki bahar oldu, amma bircə dəfə belə çiçək aça bilmədim...


Nənəmin yorğun olduğunu sezirəm. Bu bahar daha həvəssizdi. Hər bahar məni yerin üstünə çıxarmağa həvəsləndirən Nənəm indi işıqlı dünyaya çıxmaq istəmir sanki. Ayrıq otunun kökü Nənəmi sıxışdırır. Axşamsəfasının yüzlərlə toxumu kök atmağa başlayır yan-yörəmizdə. Dörd yanımı tutur bu kor-kobud köklər, boğulacağam. Nəfəs alammıram...

 

Torpaq aralanır, yenə sular sızır üstümüzə, bir atəş düşür bədənimə, başımı uzatmaq istəyirəm günəşə. Axşamsəfaları, ayrıq otları oyanmamış günəşə çıxmaq, çiçəyimlə birlikdə bir bahar yaşamaq istəyirəm.

 

"Tələs” – deyir Nənəm ilk dəfə. "Gecikmə, çoxalıb, yer-yurd tutmalıyıq, yoxsa solduracaq bizi bunlar!”.

 

"Solmaq” sözünü eşidəndə bütün bədənim sızıldayır. Yad toxumlar əməlli-başlı kök salmamış çiçəkləməliyik. Baş qaldırırıq Nənəmlə birlikdə. Yerin üstünə çıxanda axşamsəfalarının şax-şəvəlini, ayrıq otlarının saralmış, qurumuş qol-qanadını görürəm... Torpağı yarsaq da, üstümüzdəki çör-çöpü qaldırıb günəşi görə bilmirik hələ. Bir neçə gün boy atıb böyüməliyik...

 

Yenə qəribə səslər duyuram... keçən ilki bağbanın səsinə bənzəyən bir insan səsi. Ayrıq otlarına və axşamsəfalarına acıqlanır. "Bunları təmizləmək lazımdı buradan” – deyir. Sevinirik. Sonra quru otları bir-bir tutub çəkişdirir. Amma sevincimiz yarıda qalır. Bunların kökləri bizim köklərimizə dolanıb... bağban başımızın üstündə şax-şəvələ dönmüş axşamsəfasının dibindən tutub çəkir. Nənəm: "Möhkəm tut”, – deyir, "Torpaqdan yapış”. Torpaq elə nəmli, kövrəkdir ki...

 

İkimiz də bahar həsrətiylə köklərimizi yumşaq torpağa salmışıq deyə, tutammırıq. Axşamsəfasının bədənimizə sarılmış kökləri bizi də torpaqdan ayırır. Ahhh! İkinci dəfə Nənəmin ağ soğanağını görürəm. Bir nərgiz ömründə görünməmiş işdimi bu!

 

Yenə Nənəm tələsdi, yenə çiçəyi ağzındadı, amma yenə açmayacaq. Mənsə düz iki bahardı çiçək açammıram. Bu, üçüncü bahardı... Pərişan haldayıq... İlk dəfə ayrı düşür soğanaqlarımız.

 

Ot-ələfin içində bir az irəliyə sürünür Nənəm. Bir az sonra o quru otların, köklərin üstündən duman qalxır. Mən günəşi heç belə yandırıcı bilməzdim. Günəşin qızğın dilləri Nənəmin bədəninə yayılır. Nənəmin ağappaq soğanı getdikcə qaralır. Günəşin alov dilləri varmış yer üzündə. Alovların hərarəti mənim bədənimi də neçə dəfə yalayıb keçir. Mən nənəmin köçdüyü yaylağı düşünürəm. O yaylağın büllür yağışlarını... Susuzluqdan yanıram...


Yarı bayğın halda bir şəfqətli əl toxunur bədənimə. Bağbana acıqlanır. "Burada nərgizlər vardı, otları qopararkən onların soğanaqlarını da qoparmısan”, – deyir. Məni barmaqları arasında bir az əzizlədikdən sonra günəşimizi qapadan binanın qapısından içəri girir... adamın əllərində olarkən son dəfə aşağıya, küllər içindəki Nənəmə baxıram, köklərimdə qalan son su zərrələri damcılayır. Deyəsən, soluram...

 

Adam, nəhayət, balkondakı boş saxsılardan birinə basdırır məni, su da verir. Nənəmin mərhəmət dediyi, gərək ki, bu olsun. Ancaq mən yaşıllaşacaq, çiçək açacaq halda deyiləm. Tək-tənhayam bu saxsıda. Diri qalan köklərim son gücünü toparlayıb torpağı qucaqlayır. Başım yandığı üçün heç cür yaşıllaşa bilmirəm. Amma içimdə bir bahar havası var. Eşq hərarəti var, bunu bütün qəlbimlə hiss edirəm. Torpaqdan bərk yapışıram yeni bir bahar həvəsiylə. Nənəmi yaxıb-yandıran günəşin alov dilləri mənə mövsümləri unutdurur. Payz gəlmədən yenicə göyərən başımı soldurub erkəndən yuxuya gedirəm. Mövsümləri çaşdırdım. Nənəm də soldu! Bu saxsıda yeni bir baharın gəlişini hiss edəcəyəmmi, bilmirəm...

 

***

 

Uzun bir yuxudan oyanıram yenə. Bədənimdə ötən mövsümdən qalan nəmlə başımı soğanağımdan çıxarıram. Yağışı gözləyirəm. Göy gurultusunu, yağmurun səsini duyuram. Amma bura gəlib çatmır yağış suları. Bu balkonda hər yer qapalıdır. Başımı yer üzünə çıxaracaq yağışın, sadəcə, səsini duyuram. Balkonu yuyan qadın bir tas su tökmür mənim olduğum saxsıya. Neyləsin, mənim burada olduğumdan xəbəri yoxdu. Səsini çoxdandı eşitmirəm məni buraya gətirən adamın. Qaranlıqda, susuzluqda əriyirəm getdikcə. Köklərimi güclə aşağıya salsam da, onlar plastmas qatla rastlaşır, bu, susuzluqdan da betərdi...


Aylar sonra gəlir məni bu saxsıya basdıran adam. "Bu saxsıda bir nərgiz soğanı vardı” – deyib isladır torpağımı. Bu vaxtsız yağan yağışlar indi bədənimi üşüdür. Solmamaq, çürürməmək üçün mübarizə aparan... İçimdə yaşarmaq, çiçək açmaq həvəsi qalmayıb. Mən mürgüləyirəm. Sanki suyun aşağı çəkdiyi torpaq sıyrılır üzərimdən. Bu şəkildə günəşi görürəm. Qollarım yaxşıca uyuşub. Günlər keçsə də, qollarımı açmıram. Eləcə qalıram həftələrcə. Vətənin, sürgünün nə demək olduğunu bilirəm. İndi Nənəmin Vətəni olan o yaylaqda olsam. Yazağzı içimə düşən eşq atəşiylə alışıb əriyən qar, yağan yağış sularıyla birlikdə torpağı yarıb çıxacaq, çiçək açacaqdım. Hər şeyin bir zamanı vardı orda.Burada günəşə, yağışa mane olan insanlar, onların binaları, balkonları var...

Zamansız gələn yağış içimdə sönən eşq atəşini diriltməyə yetmir. Küskünəm, qırğınam mövsümlərə də, adamlara da.

 

Mən neçə gül mövsümündə çiçək açmamış, qərib bir bahar nərgiziyəm. Nənəmin doğulduğu yaylağa – Vətənimə köçmək istəyirəm. Quşlara bənzəmək istəyirəm. Ahh! Mənim də qanadlarım olsaydı! Sıyrılıb saxsının içindən köklərimi toplayaraq uçmaq istəyirəm. Bağçaları, balkonları, saxsıları, bizi sürgün edən insanları sevmirəm. Günəşimi kəsən evlərə, nəfəsimi tıxayan zəhərli qazlara nifrət edirəm.

Mən itmiş bahar nərgiziyəm...


27 aprel 2020 Kayseri

Çevirəni: Təranə VAHİD