Çimərlik mövsümü yaxınlaşdıqca sahilyanı restoranlar “od tutub yanır” (FOTOLAR)

Çimərlik mövsümü yaxınlaşdıqca sahilyanı restoranlar “od tutub yanır” (FOTOLAR)

Yar mövsümü, çimərlik sezonu başladısa, əsas diqqət dənizkənarı restoranlara, istirahət mərkəzi və otellərə yönəlir. Artıq Bakıda Xəzərin ən populyar sahili sayılan Şıxov çimərliklərindən tutmuş, Bakıətrafkı kəndlərin çimərliklərinə qədər hər yerdə hazırlıq işləri sürətlə davam etdirilir. Sahilyanı istirahət mərkəzləri bir tərəfdən qumu təmizləyərək yeni mövsümdə müştərilərlə görüşə hazırlaşır, digər tərəfdən təmir işləri apararaq infrastrukturu yeniləyirlər. Bəzi istirahət mərkəzlərində yeni kafe və restoranların tikintisi gedir.

Lakin diqqət çəkən məqamlardan biri yenə də xidmət səviyyəsi və qiymətlərdir. Xidmət öncəki illərlə müqayisədə müsbətə doğru dəyişsə də, qiymətlər orta səviyyəli Azərbaycan insanının büdcəsinə uyğun olmamaqla əlçatmazlığını qoruyur. Məsələn, Novxanıda sahilyanı restoranlara və istirahət mərkəzlərinə yolu düşənlər ən sadə menyu üçün 60 manatdan çox hesab ödəməli olacaqlar.

"Yeni Müsavat”ın müxbiri dənizkənarı istirahət mərkəzlərinin qiymətlərini araşdırıb.

"Ləman” ailəvi istirahət mərkəzinin özünə məxsus qayda-qanunları var. Burada yaradılmış infrastrukturdan faydalanmaq üçün ilk növbədə yemək süfrəsinə qonaq olmalısan. Buraya daxil olub, sadə çay içmək mümkün deyil. Müştərinin ilk tələbi çaydırsa, bu dəsgahla 30 manata təklif olunur.



Masaya oturar-oturmaz ofisiant acizanə şəkildə yaxınlaşıb xəbərdarlıq edir ki, ən azı 50 manatlıq sifariş verməlisiniz. Sadə çay yalnız yemək süfrəsində 50-60 manatlıq hesab ödəyənlər üçündür ki, bunun da qiyməti 5 manatdır. Yeməklərə gəlincə, kababların 1 şişi 6-8 manat, sac 20-25  manat, salatlar isə 2.50 manatdan başlayan qiymətlərlə təklif olunur. Qaydaya görə, minimum 30 manat xərcləmədən bu istirahət mərkəzində dincəlmək mümkün deyil.

"Delfin” Hotel istirahət mərkəzində də durum bundan fərqli deyil. Burada bir içim su və çay almaq üçün, ya 30 manatlıq dəsgah sifariş etməli, ya da bu məbləğdən də artıq yemək yeyərək hesabı ödədikdən sonra ucuz qiymətə 1 çaynik çay sifariş etməlisiniz. Qiymətlər gəlincə, yarım litrlik sadə su şüşəsi 2 manata təklif olunur, eyni həcmli "duşes” isə 2.50 manatdır. Yeməklər isə öncəki restorandan fərqli deyil.



Restoranlarda diqqət çəkən bir məqam da, ödəyəcəyiniz hesabın 10 faizi qədər xidmət haqqının tutulmasıdır. Məsələn, əgər 100 manatlıq bir hesab ödəyəcəksinizsə, sizdən əlavə olaraq 10 manat da xidmət haqqı tutulacaq. Bu yazılmamış qanun demək olar ki, əksər restoran və istirahət mərkəzlərində tətbiq olunur. Sadə dillə desək , bu ofisianta verilən "çayavoy”un rəsmiyyətə dönüşən halıdır. Sözügedən məqam xidmətin yaxşılaşmasını stimullaşdırır. Belə ki, ofisiant maaşından əlavə, qulluq etdiyi hər müştəridən 10 faiz xidmət haqqı aldığını nəzərə alaraq, daha yaxşı xidmət göstərməyə və daha çox müştəriyə qulluq etməyə çalışır.

Əgər Bakıda dənizin sahilində oteldə və ya "kotec”də gecələmək istəyirsinizsə, qiymətlər 80 manatdan başlayır, 150-200 manata qədər yüksəlir. Burada da aztəminatlı əhalinin və orta təbəqənin durumu nəzərə alınmır.

İddia olunur ki, qiymətlərin bu cür yüksək olmasına və müştərilərə 1 çaynik çay üçün qeyri-adi şərtlərin qoyulmasına səbəb , yerli icra hakimiyyəti orqanlarından bu obyektlərə qoyulan qeyri-rəsmi rüsumdur. Bu məbləğ obyektin ərazisindən və səviyyəsindən asılı olaraq bir sezon üçün  5 min manatdan 20 min manata qədər dəyişə bilər. Bu məlumatı isə bizə adının çəkilməsini istəməyən restoran adminstratoru bildirdi.



Qeyd edək ki, bu qiymətləri nəzərə alan insanlar daha çox ümumi 10-15 manat giriş haqqı ödəməklə, dəniz sahilinə hazırlıqlı gəlib piknik etməyə üstünlük verirlər. lakin zamanla bu da müşkül məsələyə çevrilir. Dəniz sahilinin çimərlik üçün yararlı olan sahələri istirahət mərkəzləri tərəfindən tutulduğundan, xalq çimərliyi üçün daha çox yararsız ərazilər qalıb. Bakı şəhər İcra Hakimiyyəti həm özəl, həm də xalq çimərliklərinə girişin pulsuz olması ilə bağlı göstəriş versə də, bəzi yerlərdə buna əməl olunmur. Bəzi çimərliklər isə daha humanist yol tutaraq,  girişi pulsuz edir, göstərilən xidmətlərin qarşılığında pul alırlar. Özəl çimərliyə daxil olan şəxslər çimərlik çətiri, "lejanka”, avtomobilin park edilməsi və sair üçün 5-10 manat arasında vəsait ödəməli olur. Təbii ki, bəzi lüks istirahət mərkəzində bu məbləğ 2, hətta 3 dəfə artıq da ola bilər.

Hələ ki, kütləvi olaraq çimərlik mövsümü başlamadığından istirahət mərkəzlərində də seyrəklik nəzərə çarpır.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov isə açıqlama yayıb ki, bu qurumun  çimərliklərin pulsuz olması ilə bağlı tələbi var: " İstər boş ərazilərdə olan çimərliklərə, istər sahibkarlar tərəfindən istirahət yerləri yaradılmış obyektlərin ərazisində olan çimərliklərə giriş pulsuzdur. Dövlət çimərliklərində, ümumiyyətlə, heç bir haqq tələb edilmir. Özəl çimərliklərdə isə təqdim olunan xidmət vasitələrindən istifadə ödənişlidir. Həmin ödənişlər yerinə görə sahibkarın özü tərəfindən müəyyən olunur. Həmin sahibkarların təmin etdiyi vasitələrin məbləği öncədən istifadəçiyə elan edilir və ya hamının görəcəyi şəkildə plakat ilə təşkil edilir. Dövlət tərəfindən avadanlıq verilən çimərlik yoxdur. Hansı çimərlikdən asılı olmayaraq hər bir vətəndaşın öz lazımı avadanlıqlarını aparıb çimərlikdə istifadə etmək haqqı var, ona heç kim mane  ola bilməz”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR