Sağlamlıq 11:45 07.10.2017

İmmuniteti gücləndirməyin yolları

İmmunitet zəifləyibsə, immun sistemi hüceyrələrinin orqanizmi qorumaq qabiliyyəti aşağı düşübsə, bu, insanı bütün azarlar qarşısında aciz, çarəsiz edir.

Bir sözlə, immunitet sağlamlığımızın fundamentidir və bu fundament yoxdursa, səhhətimiz yerlə-yeksan olar, həyatımız sona doğru gedər.

"Qaynarinfo" xəbər verir ki, immun sistemi insan orqanizmində iki vacib prosesə cavabdehdir:

1. Orqanizmi müxtəlif mənşəli infeksiyalardan (vrias, bakteriya, mikrob, göbələk və s.) qoruyur.

2. Öz işini başa vuran və ya zədələnən, həmçinin qocalmış hüceyrələri əvəz etmə işi ilə məşğul olur.

İmmunitetin bu işlə məşğul olan milyardlarla hüceyrəsi (makrofaqlar, faqositlər. limfositlər), immunoqlobulin zülalı və s. var. İmmun defisitinə (çatışmazlığına) çox şey səbəb ola bilər, onların arasında qeyri-düzgün qidalanma, stress, pis emosiyalar, azhərəkətlilik, təmiz havada az olmaq, yuxusuzluq, izafi iş və s. önəmli yer tutur. Biz xəstələnəndə də immunitet zəifləyir, məsələn, qrip virusları orqanizmin immun reaksiyasını tormozlayır. Havanın müxtəlif kansorgenlərlə (kimyəvi maddələr, radiasiya) zəhərlənməsi də immun reaksiyasına mənfi təsir göstərir.

Dünyadakı bütün xəstəliklərin 80%-i immun sisteminin işinin pozulması ilə bağlıdır. Bəs, immun çatışmazlığını necə aradan qaldırmaq və immuniteti necə gücləndirmək olar?


Hazırda soyuqdəymənin profilaktikası kimi immun dərmanlarının qəbulu az qala dəbə minib. İmmunoloqlar belə dərman preparatlarını təsir gücü ilə bağlı iki növə ayırır və həmçinin xatırladırlar ki, onların yalnız müsbət təsiri deyil, həm də yan və qarşı təsirləri də var.



Stimullaşdırma

Həkimlərin bir çoxu immuniteti qaldırmaq üçün onun işini stimullaşdırmağı tövsiyə edir. İmmunostimulyatorlar - adından da göründüyü kimi immun hüceyrələrinin çoxalmasını stimullaşdırırlar. Qrip olarkən, ağır infeksiya xəstəliklərində, həmçinin taqəti tükənən və tet-tez xəstələnən insanlar üçün bu stimullaşdırıcı preparatlar əvəzedilməzdir, onlara zəifləmiş immun sistemini gücləndirmək üçün ehtiyac var. Lakin bu xüsusiyyət immun hüceyrələrinin artımı autoimmun xəstəliklərində (revmatoid artritdə, insulin aslılıqlı şəkərli diabetdə, diffuziyalı toksik zobda, autoimmun tireoiditdə, sklerozda və hətta broxial astmanın müxtəlif növlərində) fəsadlara da səbəb ola bilər. Bu xəstəliklərdə immun sistemi doğma toxumaları yad sayır və onları məhv etməyə başlayır.

Ən məşhur təbii immunostimulyatorlar:

- exinaseya
- bal
- propolis (vərəmum)
- sarımsaq.
Sonuncu üç məhsul allergiyanın müxtəlif formalarından əziyyət çəkənlər üçün məsləhət deyil. Bundan başqa, bronxial astması olanlar propolis və sarımsağı ehtiyatla yeməlidirlər.

Uzunmüddətli və nəzarətsiz immunostimulyator qəbulu nəticəsində orqanizm interfronların hazırlanmasını dayandırır. İnterfron - əsas "qoruyucu" maddədir və immun sistemi dərman dopinqi olmasa, bakteriya və viruslarla mübarizə apara bilməz.

Nə aşağı, nə yuxarı!

Ümumiyyətlə, stimullaşdırma və immuniteti nəzarətsiz qaldırma orqanizm üçün çox təhlükəlidir.

Məsələn, təsəvvür edin ki, çox yorulmuş ata minmisiniz, o, nəinki dördnala çapmaq istəyir, ayaqlarını yerdən qaldırmağa belə taqəti yoxdur. Siz isə onu qamçılayırsınız (stimullaşdırırsınız) və bağırırsınız: "Tərpən yerindən, sürətlə çap"... Atı öldürə bilərsiniz.

Hazırda bir çox adamlar yalnız immun çatışmazlığından yox, həm də onun güclü qalxmasından da şikayətlənirlər. Bu o deməkdir ki, immun hüceyrələri yalnız "yadlar"la (virus, bakteriya, mikrob) deyil, orqanizmin doğma hüceyrələri ilə də savaşır. Yəni immunitet artıq olanda doğmanın "özgə" sayılması - autoimmun prosesi başlayır və o, immunodefisitdən az təhlükəli olmayan azarlara səbəb olur.

Beləliklə, aşağı düşən və ya yuxarı qalxan immunitet tənzimlənməyən immunitetdir. İmmunitetin normal işləməsi üçün yeganə düzgün qərar onun işinin tənzimlənməsidir. Yəni, əsas balansı qorumaqdır...

Modullaşdırma

İmmunomodulyatorlar immun sisteminin işini tənzimləyir və dəyişirlər, özü də seçərək. Yəni əgər immunitet zəifləyibsə, immunomodulyatorlar onu gücləndirir, immun hüceyrələrinin yüksək fəallığında isə (autoimmun xəstəliklərində və şişlərdə) onların hərəkətini sıxışdırır, təzyiq altında saxlayırlar.

Normal immun statusunda modulyatorlar praktiki olaraq immun sisteminə heç bir təsir göstərmir.
Aydındır ki, immunoterapiyada - immun sisteminin müalicəsində üstünlük məhz immunomodulyatorlara verilir. Özü də bir çox bitkilər eyni zamanda immun reaksiyalarını stimullaşdırıcı və zəiflədici maddələrə malikdirlər.

Ən məşhur bitki immunomodulyatorları:

- jenşen,
- eleuterokokk,
- exinaseya
- aloe (əzvay)
- kalanxoe,
- estraqon
- çaqa.

Payız-qış aylarında immun müalicəsinə (həm bitki, həm də kimyəvi dərmanlarla) daha çox ehtiyac hiss edilir.
İnsan qanı əsasında yaradılmış immun preparatları yüksək səviyyədə interfron hazırlanmasına yönəldilib. İnterfron zülalı həm virusların çoxalmasının qarşısını alır, həm də immunostimulyator rolu oynayır. Təsadüfi deyil ki, immunoloqlar bu ifadəni təkrarlamağı xoşlayırlar: "İmmunodefisitdən autoimmuna bir addımdır". Bu cümlə əyani şəkildə göstərir ki, immun dərmanlarının, stimullaşdırıcıların qeyri-düzgün qəbulu hansı nəticələrə aparıb çıxara bilər. Digər tərəfdən qeyd edək ki, təbii vasitələr nə qədər yumşaq təsir göstərsələr də, unutmayın ki, onlar da dərmandırlar. Bundan başqa, immun sisteminin profilaktika üçün "qamçılanmağa" ehtiyacı yoxdur. Ona kömək etmək, gerçəkdən də zəifləyibsə, stimullaşdırmaq lazımdır. Bir daha təkrar edək ki, immunitet ağır xəstəliklərdən sonra aşağı düşür və bu zaman ona stimulyatorlar lazım olur.

Qalan vaxtlardasa sağlam həyat tərzi və vitamin qəbul etmək yetərlidir.

Son vaxtlar KRVİ (kəskin respirator virusu infeksiyası) azarlarının tam müalicə edilməməsi üzündən xəstəlikləri kəskinləşən uşaqların sayı artıb. Bütün bunlar onunla bağlıdır ki, valideynlər sağalar-sağalmaz uşağı baxçaya və ya məktəbə göndərməyə tələsir, onun tam sağalmasına imkan vermirlər. Nəticədə KRVİ daha kəskinləşir. Uşaqları respirator virus xəstəliklərindən tam qorumaq mümkün deyil və mütəxəssislərə görə, bu heç lazım da deyil. Məhz KRVİ nəticəsində uşaqda tədricən immunitet formalaşır və onu gələcəkdə oxşar, mümkündür ki, daha ağır viruslu infeksiyalara qarşı daha müqavimətli edir. Əsas odur ki, uşaqda xəstəliyin kəskinləşməyədək qalxmasına imkan verilməsin.

Nərmin Həsənli
Qaynarinfo.Az