Ölkə 12:25 29.05.2020

İmtahan vermədən hansı ixtisaslar üzrə ali məktəblərə qəbul olacaq? (EKSPERT)

Təhsil eksperti Kamran Əsədov ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul qaydalarında edilən dəyişikliyin məzmununu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, ekspeti hansı ixtisaslar üzrə bu il - 2020-ci ildə həm ali məktəblərə, həm də kolleclərə qəbul üçün (9 və 11-ci sinif bazasından) qabiliyyət imtahanı vermədən, əvvəlki illərin buraxılış imtahanlarında topladıqları ballar ilə birbaşa seçim şanslarının ola biləcəyini qeyd edib.

Dəyişikliklər bunlardır:

1. Yalnız aşağıdakı ixtisaslar üzrə bu il, 2020-ci ildə həm ali məktəblərə, həm də kolleclərə qəbul üçün (9 və 11-ci sinif bazasından) qabiliyyət imtahanı keçirilməyəcək.

a) Musiqi müəllifliyi

b) Təsviri incəsənət müəllimliyi

c) Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi

ç) Məşqçilik

Yuxarıda qeyd olunan ixtisaslara həm cari ilin, həm də əvvəlki illərin məzunları qabiliyyət imtahanı vermədən, əvvəlki illərin məzunları V (5-ci) ixtisas qrupu, cari ilin məzunları buraxılış imtahanlarında topladıqları ballar ilə birbaşa seçim edə bilərlər.

2. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər. Yəni, onlar əvvəlki illərdə 3 fənn üzrə qabiliyyət imtahanı verirdilərsə, bu il yalnız rəsm fənnindən imtahan verəcəklər.

3. Yuxarıda qeyd olunan universitetlərdən başqa hansı universitetdə dizayn ixtisası varsa, onlarda da qabiliyyət imtahanı keçirməyəcək. Misal üçün: İqtisad Universiteti, Texnologiya Universiteti, Xəzər Universiteti, Qərbi Kaspi Universiteti, Odlar Yurdu Universiteti, Mühəndislik Universitetində olan dizayn ixtisasını qabiliyyət imtahanı vermədən birbaşa abituriyentlər seçə biləcəklər. Bu zaman kimin V (5-ci) qrup üzrə, cari ilin məzunları buraxılış imtahanında toplanan bal yüksək olsa, o qəbul olmaq hüququna malikdir.

4. Digər qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlar keçiriləcək, amma onlarda da qabiliyyət imtahanı fənnlərinin sayı azaldılacaqdır.

5. Magistr pilləsi üzrə 68, 69 və 70-ci proqramlar üzrə də qabiliyyət imtahanı keçirməyəcək. Bakalavrlar topladıqları ballar ilə birbaşa seçim edə biləcəklər.

6. Kolleclərə 9 və 11-ci sinif bazasından xüsusi qabiliyyət tələb edən ixtisasları üçün qabiliyyət imtahanları Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti və Xoreoqrafiya sənəti ixtisasları üzrə, eləcə də, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Naxçıvan Musiqi Kollecinin (sonuncu ikisində Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla) bütün ixtisasları üzrə keçiriləcək.

Bahar Rüstəmli