Dünya 18:30 08.03.2020

Çində koronovirus xəstələrinin karantinə alındığı bina çökdü: 10 ölü

Çinin Fucien vilayətində çökən otel binasının dağıntıları altından 10 nəfərin meyiti çıxarılıb.

Qaynarinfo xəbər verir ki, martın 7-də yerli vaxtla saat 19:30-da Çuancou şəhərində otel binasının çökməsi nəticəsində təxminən 70 nəfərin dağıntı altında qaldığı güman olunurdu. Bina çökdükdən sonra hadisə yerinə gələn mülki müdafiə qüvvələri 38 nəfəri xilas ediblər. Qəzadan sonra aparılan axtarış işləri nəticəsində indiyədək 10 nəfərin meyiti tapılıb.

Koronavirusa yoluxanlarla yaxın təmasda olan şəxslərin müvəqqəti saxlanıldığı 6 mərtəbəli "Sincia” oteli 2018-ci ildə istifadəyə verilib və 80 otaqdan ibarət olub.

Hazırda dağıntı altında qalanların axtarışları davam etdirilir. Oteldə yerləşdirilənlərdən 9 nəfərin qəzadan sonra aradan çıxdıqları güman olunur. Otelin sahibi polis tərəfindən saxlanılıb.