Əli Sahib

Yetməzmi qəribə verdin işgəncə,
cəfanın hüdudu olmazmı səncə?
Demişdin: Gəncədə kama yetərsən,
indi bu mən, bu sən, bax bu da Gəncə!

Girişi Məshəti Gəncəvinin bu rübaisi ilə əbəs yerə başlamadım. Son günlərdə Gəncə futboluna "yananlar”dan və "qonanlar”dan yazacam. 
Təbii ki, Nizami yurdunu futbolsuz təsəvvür etmək çətindi. Gəncənin, gəncəlilərin futbolumuzda danılmaz əməyi var. İstər yetişdirdiyi futbolçuları ilə, istərsə də çılğın azarkeşləri ilə. Son günlərdə Gəncəyə böyük futbolun qayıdacağı ilə bağlı hərəkətlilik mətbuatın gündəminə çevrilməkdədi. 

Nə baş verir?

Baş verən odur ki,  AFFA - konkret desək, Elxan Məmmədov yenidən Azərbaycan futbolunun "qərb qapısı”na nəzarəti əlində saxlamaqla AFFA-dan milyonların ayrılmasına nail olmaq istəyir. İstəyirsə, olacaq! Amma necə? Hal-hazırda boz binanın "vəzir”i  növbəti cəhdə  don biçməklə məşğuldu. Xatırlayırsınızsa, Elxan bəyin "Kəpəz”ə xeyir-duası ilə baş məşqçi Şahin Diniyev, Müşahidə Şurasına üzv - AFFA-dan ayrılacaq pula nəzarət və səlahiyyət sahibi kimi Mikayıl Nərimanoğlu təyin olundu. Sözügedən xeyir-duanın  birinci hissəsi - "xeyri” oldu. Amma dua hissəsinə "amin” deyən tapılmadı. Məlum oldu ki, futbolumuzun qərargahından Gəncəyə gedən pullar, Nərimanoğlu və Diniyev tərəfindən Bakıya qayıdırmış. Özü də məşhur mahnıda deyildiyi "Gəncədən gəlirəm, yüküm xurmadı” şəklində yox, "otkat” kimi. Bütün bu biabırçılıqdan sonra qədim paytaxtımıza yenidən qayıtmaq üçün ayıbları örtəcək don lazımdı. Ki, yuxarıda qeyd etdiyim kimi, o da hazırlanır. Bu dəfə ayıb yerləri İslam Abbasovla Vaqif Sadıqov dueti örtəcək, deyəsən. Təbii, imkan versələr...

Kimlər imkan vermir?

Gəncə futbolunun problemi qabardılanda həmişə Mehman Allahverdiyev meydana çıxır. Dünən də açıqlama verərək yenidən "lələ, mən varam” deyib. Açıqlama deyim e sizə... Hər sətiri şantaj dolu. Təbii ki, Mehman bəy sətiraltı mesaj yollamaq istəyib. Sitatlar : 

1. Necə işləyəcəklərini zaman göstərəcək. 
Açması: İmkan verməyəcəm işləsinlər.

2.  Söhbət azarkeşləri stadiona qaytarmaqdan gedirsə, bunun üçün özündənrazılıq kimi çıxmasın, Mehman Allahverdiyev lazım idi. İnanırsız, nə qədər zəng edirlər, görüşə çağırırlar. Hamı məndən xəbər alır, soruşur, maraqlanır. Baxıram ki, hamının ümidi mənədi 
Açması: Mən deyən olmasa, azarkeşlər stadiona gəlməyəcək.

3. Vallah, azarkeşlər var ki, deyir, sən yoxsan deyə, stadiona getmirik.
Açması: Demək istəyir ki, "Vallah baxın də, mənsiz bu iş ...” yuxarıda qeyd etdiyim I və II sitatın açması.

4. Bu gün maşından düşə bilmirəm, başıma yığışırlar. Qarabağ əlilləri, müəllimlər, veteranlar. 
Açması: Açıq-aşkar hədələmək.

5. Çox söz deyirlər, çox şey etmək istəyirlər, qoymuram. 
Açması: Açması odu ki, Mehman müəllib açıqlamanın bu yerində özündən çıxıb, nə edəcəklərini üstüörtülü demək istəyib. 

Belə...

Bəlkə, düz demirəm, Mehman bəy!

Bu fikirlərimlə razılaşmayanlar, hətta Allahverdiyevin qazına gələnlər də ola bilər. Elə Maşallah Əhmədov kimi. Maşallah yaxşı danışıb. Sədrlik iddiası da var. Vallah, dedikləri kimi olsa, axırda bir-birini  "qıracaqlar”. Türkiyədə olduğu kimi, Gəncə futbolunun Fatih Terimi – bəlası Mehman Allahverdiyevdi. 
Təkcə Allahverdiyevdi desəm, haqqını yemış sayılaram. Azərbaycan futbolunun bəlası veteranlarımızın çoxudu. Futbolun "f”-ni bilməyənin əlaltısına çevrilənlərə, karyerasına hörmət qoymayanlara mən də hörmət borclu deyiləm. Uzun illər inzibatçı işləmiş birinin köməkçisi olmağa razılaşmış vaqiflərlə, "ne futbolnı” qərarlara "mık” da edə bilməyən isgəndərlərlə vidalaşmağın vaxtı çatıb. Onlar bizim üçün dəyərə çevrilə bilmədi.

Deyə bilərsiz, Gəncə futbolundan hara gəldin?  Demək istədiyim bu insanlarla futbolumuza nicat tapa bilməyəcəyimizdi. Eləcə də bölgə futbolunun inkişafı arzu olaraq qalacaq. Gəncə də həmçinin.

Çıxış yoluni isə məhz Gəncə futboluna təmannasız yananlar tapmalıdı. Bəlkə də "Kəpəz”ə yatırım etmək istəyən insanlar, mənəm-mənəm deyib titullarını gözə soxanların fitnəsindən qaçır. 

Sonda kimin qalib gələcəyini bilmirəm. İstər  Elxan Məmmədov, istərsə də Mehman Allahverdiyev, fərq etməz. 

Məğlub bəllidi – Gəncə futbolu.