Sağlamlıq 17:11 06.09.2021

İnfeksionistdən açıq havada maskanın bərpası məsələsinə reaksiya

"İndiki mərhələdə açıq havada maska taxmağı tələb etmək doğru yanaşma deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında infeksionist həkim Vüqar Cavadzadə bəzi saytların Azərbaycanda növbəti həftələrdən açıq məkanlarda maskadan istifadənin yenidən məcburi olacağı barədə məlumatlarına münasibət bildirərkən deyib.

"Hələ ki, bu addımı atmağı vacib hesab etmirəm. Hələlik açıq havada maska taxılmasını tələb etməyin mənası yoxdur. Bunu tələb etməkdən daha vacib tələblər var ki, məhz həmin istiqamətdə sərtləşməyə getmək lazımdır, nəinki açıq havada maska taxmaq məsələsini qabartmağa”. 

Həmsöhbətimiz bildirib ki, hazırda əsas diqqət qapalı məkanlara yönəlməlidir:

"Hazırda əsas diqqəti qapalı məkanlarda nəzarəti gücləndirməyə yönəltməliyik. Riskdən söhbət gedirsə, qapalı məkanlarda risk amili açıq havada olduğundan 10 dəfə yüksəkdir. Ona görə də indilikdə əsas diqqəti qapalı məkanlarda qaydalara əməl etməyə yönəltməliyik. Açıq havada maska taxılması ən son anda tətbiq edilə bilər”.

Rüfət Sultan