Ölkə 15:20 19.04.2021

İnfeksionistin izahı: test cavabı eyni vaxtda necə həm mənfi, həm müsbət çıxa bilər?

"Əgər test pozitivdirsə, neqativ göstərə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə AĞ Partiya başqanı Tural Abbaslıdan COVİD-19 virusu ilə bağlı götürülən analiz nümunələrinin birinin neqativ, ikincisinin pozitiv çıxmasına aydınlıq gətirərkən deyib. İnfeksionistin fikrincə, bu məsələdə bir neçə nüans var:

"Birincisi, virusun orqanizmdə qalma müddəti var. Ola bilsin ki, birinci dəfə test verəndə virusun orqanizmdə sonuncu günü olub. Virus orqanizmdə təqribən 10-14 gün müddətində qalır. Bu müddətdə insan virusu daşıyır, hətta xəstələnməsə belə, daşıyıcı olur. Yaxud da xəstəliyi klinik əlaməti olmadan da keçirə bilər. Ola bilsin ki, virus orqanizmi tərk edən sonuncu günü test verib, pozitiv çıxıb. Səhəri günü isə test verib neqativ çıxıb. Burada müddət məsələsi var. İkincisi, burun yaxmasından PSR testi götürülür. PSR-in özünün spesfeklikliyi var, yəni, 75%-dir. 25% olduğu halda nəticələrdə yalnışlıq ola bilər. PSR-in aparılması protein zülallarının müəyyən edilməsinə əsaslanır”.
 
 

Vüqar Cavadzadə hesab edir ki, testlərin götürülüb, daşınması qaydalarının pozulması da nəticələrə təsir edir:

"Əgər test pozitivdirsə, neqativ göstərə bilər. Çünki test götürlən zaman onun götürülmə qaydasına riyaət edilməlidir. Yaxma götürüləndən sonra nümunə içərsində buzlu qablarla əhatə edilən çantada daşınmalıdır. Adi halda daşınsa, yaxmada virus məhv olar. Yaxma loboratoriyaya çatan anda PSR aparatına yerləşdirilməlidir. Əgər yaxma aparata bir neçə saatdan sonra yerləşdirilsə, o zaman nümunə otaq temperaturunda saxlanılmamalıdır. Bu qaydalar da pozulsa, müsbət olduğu halda testin nəticəsi mənfi olacaq”.

Qeyd edək ki, AĞ Partiya başqanı Tural Abbaslıdan COVİD-19 virusuna qarşı test götürülüb. Sədr ondan götürülən testlə bağlı iki fərqli cavab alıb. Birinci gün ona pozitiv, ikinci gün isə neqativ diaqnozu qoyulub. Tural Abbaslı 3-çü dəfə də test verəcəyini vurğulayıb.  

Bahar Rüstəmli