Tural Şahtaxtinski
-Təbrik edirəm, deyəsən şəhərdə yaşamaq sənə düşüb. Hər şeyin dəyişib. Mən səni elə belə də təsəvvür edirdim! Demək çinliyə sənin haqqında dediklərim düz imiş.
Vüqar sakitcə hər iki əli ilə onun qollarını tutub sözünü kəsdi.
-Nə çinli? Hansı çinlidən danışırsan?
Bu suallardan sonra Elminin sevinci birə-beş artdı. Uzun zamandır, ona danışmaq istədikləri var idi. Onu saxlayan da məhz bu danışmaq istədikləridir, bayaqdan Vüqarı evlərinə dəvət etməmişdi. İki ildən sonra hər şeyi elə qapılarının astanasındaca ona danışmaq istəyirdi.
-Özünü elə aparırsan ki, guya bilmirsən hansı çinlidən danışıram. Axı, sən bilirsən, mənim bir çinli dostum var. Eh, təki sən hər şeyi lap başdan bilərdin. Mənim başıma gəlməyən qalmayıb. Hələ o çinlini demirəm. Deyəsən, məni atıb. Onu tapa bilmirəm. Mən qorxuram ki, o yenə də ölüb.
Vüqar ona heç nə demədən qapıdan içəri keçdi. Həyətdə ağacların altında olan stulların birində əyləşdi.
- O çinlini hələ də unutmamısan? Buna görə belə axmaq söhbətlər edirsən?
-Nə söhbət edirəm ki? De görüm, nə edirəm axı mən? Adam kimi deyirəm ki, o çinli deyəsən, bir də ölüb. Bu qədər. Başqa bir söz dedimsə açıq danış. Mən axı heç nə demədim. Bunları kimə danışmalıyam? Əlbəttə, sənə.
-Bu söhbətin başladığı gün başımıza daş düşərdi. Axmaq-axmaq işlərlə məşğul olmuşuq. İndi bax, mən özümə iş tapmışam, ailə qurmuşam, oxumuşam.
-Mən o çinliyə səndən danışmışam...
-Yadıma gəlir. Biz onda usta yanında beş-üç qəpiyə kərpic daşıyırdıq. Hər şey fərqli idi. Biz inana bilmirdik ki, bir telefonla dünyanın o başından xəbər ala bilərik. Sən demə, yaşıdlarımız nəinki xəbər alırmış, elə dünyanın o başına gedib-gəlirmiş. Nə vaxt bu kənddən kənara çıxırdıq ki, bilək də. İndi isə hər şey dəyişib. Əminəm ki, sənin çinli ilə danışığın elə mənim bildiyim olub. Cəmi iki cümləlik söhbət etmisən. Sən ona bir cümlə atmısan, o isə sənə bir cümlə. Nə yazmışdı? Gözlə, yadıma salım... Həə, "Sorry, I do not understand you”. Deyəsən, belə yazmışdı. Sən isə ona google-dan axmaq bir cümlə tərcümə etmişdin. "Siz həqiqətən Çində yaşayırsınız?” ( "Do you really live in China?”) Məndən gizlətmişdin. Özü də ingilis dilində. Mənə maraqlıdır, həqiqətən çox maraqlıdır. Əgər sən o çinli ilə bilmədiyin dildə danışdığın üçün cümlələri google-dan tərcümə edirdinsə niyə onun öz dilində etmirdin? Niyə ona mesaj göndərdiyini məndən gizlətmişdin? İkincisi, sən haradan öyrənmişdin ki, google-dan cümlə tərcümə etmək olar? Sonra da onu tapa bilmədin.
- Sən dişlərini ağardıb at kimi üzümə durmayasan deyə gizlətmişdim. Sonralar mən onu tapdım. Danışaa...
Vüqar onun sözünü kəsdi:
-Tapmadın. Yalan deyirsən! Heç kimi tapmadın. Çünki o vaxtlar nə sən, nə də mən normal telefon işlədə bilirdik.
-Nəyə gülürsən? Niyə mənə axıra qədər qulaq asmırsan? Onsuz da bu kənddə məni dinləyən yoxdur. Heç kim mənə qulaq asmır! Bəs səni niyə gözləyirdim? Ona görə gözləyirdim ki, gələsən, bütün baş verənləri sənə danışım. O vaxtlar bizə demişdilər, bütün dünya ingilis dilində danışa bilir. Ona görə də çinliyə ingilis dilində göndərmişdim mesajı.
Vüqar onun əsəbləşdiyini görüb bir az nəzakətli danışmaq qərarına gəldi. Son vaxtlar haqqında eşitdiklərini nəzərə aldı. Axı o bilirdi ki, Elminin başına olmazın işlər gəlir. Demək olar, kənddə hamı onun haqqında danışırdı.
-Bəs, sən bu dünyada deyildin? Sən niyə ingilis dilini bilmirdin?
-Sən bizim keçmişi unutmusan. Mənə hələ də maraqlıdır. Biz burada kərpic daşıyanda, ev tikəndə dünyanın harasındasa bir çinli də nəsə edirdi? Başa düşürsən? Mən bu dünyada olduğumu dəqiqləşdirmək üçün çinli ilə danışdım. Bunlar mənim üçün çox maraqlı idi. Bax, indi də çox maraqlıdır, görəsən, başqa ölkədə bu dəqiqə kim-kimlə söhbət edir, kim-kimi öldürür? Sən də mənimlə eyni zamanda o çinliyə dostluq göndərmişdin. Bəs, niyə onunla danışmadın? Çünki qorxurdun. Elə bilirdin, bizim varlığımızdan başqa dünyada da xəbər tutarlar. İndi deyirsən ki, hamımız eyni dünyada yaşayırıq. Hamımız eyni dünyada yaşayırdıqsa bəs, nəyə görə o çinlini indi tapa bilmirəm?
-Çünki sən hələ də kərpic daşıyırsan. Amma insanlar başqa yerlərdə başqa işlərlə də məşğul olur. İkincisi, şəhər çinli ilə doludur. Nəinki çinli, mən hər millətdən adam görmüşəm, sən başını qaldırsan görərdin, bəlkə, bu kəndə də bir çinli yolunu azıb gəlibmiş. Mənim səninlə danışacaq başqa söhbətim var. İndi tələsirəm. Getməliyəm. Axşam üstü sizə gələcəyəm.
Elmin əlindən tutub onu saxladı.
- Getmə! Dur, danışım hər şeyi. Bura bir çinli gəlibsə o da mənim dostum olub. Səninlə bu söhbəti etmək məni boğaza yığdı. Heç belə gözləmirdim. Sənə bir sirr açım. Mən o çinlini bir dəfə evinə ötürmüşəm. Sən demə, o, bizim qonşu olub. Özü də azərbaycanlı idi. Sadəcə, məni qarmon ifaçısı Eldar kimi tanıyırdı. O "çinli-azərbaycanlı” oğlan ölüb!
-Sən nə danışırsan? Onunla cəmi iki cümləlik söhbət etmisən, özü də bilmədiyin dildə. Mənə yuxularını danışma! Bir günlük qonaq gəlmişəm, burnumdan gətirmə! Özü də bizim Feysbukda dostluq göndərdiyimiz adam qız idi.
-Bir dəqiqə gözlə! Onun məndə məktubları var. Oxuyaram, diqqətlə dinləyərsən. Mən o məktubları hələ də saxlayıram. Mən o məktubları azı iyirmi dəfə oxumuşam. Başına gələnləri danışmışdı. İsətəsən, oxuyaram. Bax, oxusam, diqqətlə dinlə ha! Qulaq as! Qulağın söhbətlər eşitsin.
Əslində Vüqar onu orada qoyub getməyə elə də həvəsli deyildi. Elminin bir ayda iki dəfə polis şöbəsinə aparıldığından, kənddə haqqında danışılanlardan xəbərdar idi. Amma Elmini bu cür əsəbi görüb onunla belə söhbətlər etməkdən çəkinirdi. Qapını bağlayıb, yenidən ağacların yanına qayıtdı. Əlini stola söykəyib, Elminə diqqətlə baxdı. Elə bil, ondan qorxurdu.
-Danışmazdan əvvəl sualıma cavab ver, görüm, səni Gülər söhbətinə görə niyə polisə aparmışdılar? Neçə ildir, kəndə gələ bilmirəm, hərə bir söz deyir. Özün danış görüm, nə olub? Üz-gözündə yanıq izləri var. O düzdür ki, səni özünü yandırdığın üçün tutublar? Axı, Gülər indi də deyir ki, bu düzdür. Onu neçə vaxtdır görmürdün. Nə istəyirdin ondan? Sən durmadan niyə özünü öldürmək istəyirsən? Dərdin nədir, danış bilək də.
-Hər işim belədir. Onsuz da mənə heç kim qulaq asmır. Heç olmasa sən dediklərimə diqqətlə qulaq as. Mən ona heç nə etməmişdim, görəndə çox dəyişmişdi. Mənə yaxınlaşıb salamlaşdı. Sən bir mənə dediklərinə bax! "Səni nə vaxtsa görəcəyimə inanmazdım. Sən hələ də kənddə ev tikirsən?” Bu sözlər məni çox qorxutdu. Necə yəni inanmazdım? Məgər mən də onunla bərabər böyüməmişəm? Bu nə deməkdir? Ondan xahiş etdim ki, başımdan qaynar su töksün. Bir neçə dəfə dedim, eşitmədi. Mən ondan sonuncu dəfə bir də xahiş etdim. Yenə qulaqardına verdi. Axırda özüm onun gözünün qarşısında başıma qaynar su tökdüm və o, qışqırdı. Gedib məndən polisə şikayət etdi. Guya mən onu şərləmək istəyirdim. Guya mən onu şərləyib neçə illər yığdığı pulu, var-dövləti əlindən almaq istəyirdim. Polisə də hər şeyi olduğu kimi danışmışdım. Mən eləcə bilmək istəyirdim – Nigar yaşayır, ya mən?
-Ağlına gələni danışma! Bədbəxt! Sənin xəbərin var neçə yaşındasan? Bu danışdıqların özünə xoş gəlir? Birincisi, başından qaynar su tökməmisən, özünə od vurmusan qızın gözünün qabağında. İkinci, onunla dalaşmısan, guya o səni öldürmək istəyir. Elə olduğu kimi də danışmışdılar. Bilirəm ki, sən belə etmisən.
Vüqar danışdıqca Elmin əl-qol atırdı. Başının üstündə olan budaqlarda qalan son yarpaqları da bir-bir qoparıb barmaqları ilə ovurdu. Vüqar isə elə hey danışırdı:
-Arada gəl, səni şəhərdə gəzdirim, başın açılsın. Neçə dəfə kəndə zəng vurdum ki, səni göndərsinlər şəhərə. Bir neçə gün qulluğunda durum. Yaxşı, o çinlinin məktublarından danış görüm. Bilirəm ki, danışmasan, əlçəkən deyilsən. Onun azərbaycanlı olduğunu haradan bilmisən? Çox gülməli adamsan! Doqquz ildir, tanımadığın bir çinlinin arxasındasan.
-Yaxşı, s...dir buradan! Qulaq asma. Danışmıram. Danışmayacam!
Vüqar ayağa durdu.
-Danış dedim! Qudurma! Burnundan gətirərəm hər şeyi. Özün kimi ikinci biri gəlməyəcək dünyaya. Ağlına pox! Bu da dost olub başıma. İki kəlmə söz deyən kimi məni söyür. Hər şeyi elə burada, yerindən tərpənmədən danışacaqsan. Mənə de görüm, məktubu harada göndərib sənə?
-Bilmirəm. Ondan çox məktub gəlib. Məktubları mənə yazmayıb. Kiməsə yazıb. İlk məktubunda başına gələnləri danışanda bildim ki, mən onunla tanışam. Danışaram. Gör, o Azərbaycan dilində nələr yazıb. O məktubu yazanda bilmirdi ki, Eldar mənəm. O məni tanımırdı. Çünki neçə ildir, onunla danışıram, amma hələ də mənim üzümü görməyib.
-Bizim Eldar adlı qonşumuz yoxdur. Bunu başa düşmürəm. Sən Eldarı haradan çıxarmısan?
-Bəs mən nə deyirəm? Sənə Eldar adlı qonşudan danışan oldu? Eldar olmayıb. Eldar elə mənəm.
-Bir dəqiqə dayan görüm. Yenə hər şeyi qatdın bir-birinə. Sən məktubu aç oxu.
-Məndə məktub çoxdur, ondan gələn ilk məktubu oxuyaram.
Elmin cibindən əski parçasına bükülmüş bir bağlama və qələm çıxardı. Qələmi yenidən cibinə qoydu. Bu zaman Vüqar ona baxıb güldü. Məktubları elə onun özünün yazdığını düşündü.
***
-Bu çinlinin mənə göndərdiyi məktubun ilk cümləsidir. "Heç kim məni dinləmək istəmirdi”. Görürsən? Bu, ondan gələn məktubun ilk cümləsidir. Mən ilk dəfə oxuyanda çaşıb qalmışdım. Onun bizim dildə danışa bildiyini heç ağlıma gətirməzdim. Ona görə də iki-üç dəfə oxudum bu cümləni. İndi qulaq as hamısını, bir-başa oxuyuram. Sözümü kəsmə.
Çinlinin ilk məktubu:
"Salam. Mən ilk dəfə öləndən sonra başıma gələnləri sizə danışmaq istəyirəm. Bu məktubu sizdən başqa kiminsə oxumasını istəmirəm. İki il bundan əvvəl evimizdə heç kim məni dinləmək istəmirdi. Bir dəfə məni dinləmədiklərini görüb özümü öldürdüm. Ciddi deyirəm. Özümü öldürdüm. Bizdən iki küçə aralıda yaşayan Eldar adlı qarmon ifaçısı var idi. Öləndən bir il sonra onunla qapımızın ağzında qarşılaşdım. Eldar məni görüb qaçdı. Mən də onun arxasınca qaçdım. Dayanmadan. Gedib ona çatanda gördüm, nəfəsi kəsilir, sözünü toparlayıb ağzından çıxara bilmir. Çatan kimi dedim: "Bu nə hərəkətdir, Eldar?!”
O susdu. Amma mən susmaq fikrində deyildim. Onun məndən qaçmasını, məni yormasını başa düşə bilmirdim. Qışqırdım: "Bu nə hörmətsizlikdir! Məni görüb qaçırsan. Arxanca bu qədər gəlmişəm. İndi də üzümə baxıb susursan. Sualımı cavabsız qoyursan.”
Eldar bir az sakitləşəndən sonra mənimlə danışmaq qərarına gəldi. Sonuncu dəfə məni televizorda yeni çəkilmiş filmdə gördüyünü, rolumu yaxşı oynadığımı dedi. Sonra qonşulardan mənim İtaliyaya getdiyimi eşidib. Üstündən bir il keçəndən sonra isə özünün də dəqiq bilmədiyi, baş açmadığı ölüm xəbərimi alıb.
Sonra mən başıma gələnləri danışdım. Dedim ki, elə məni də təəccübləndirən budur. Ömrümün sonuna az qalmışdı. Tezliklə öləcəkəyimi bilirdim. Düz bir ay bunun üzərində çalışdım. Xəyal qurdum. Öləndən sonra harada, necə yaşayım deyə öz həyatım haqqında planlar qurdum və özümü öldürdüm. Bu özü bir filmə bənzəyirdi. Xəyallarımda düz qırx üç il yaşamalı idim. İlk bir ili İtaliyada olmacağım düzdür. Orada nə etdiyimi, necə etdiyimi xəyallarımda özüm-özümə də göstərməmişdim. Eldara dedim ki, ona görə sən də heç nə bilmirsən. Qonşular da, mən də. İndi heç özüm nə etdiyimi bilmirəm. İtaliyadan sonra mən bir-iki günlük kəndə - evimizə qayıtmalı idim. Qayıtdım, amma qapımızın qarşısına çatanda yaddaşım pozuldu. Elə orada da qaldım. Bütün xəyallarım, həyatım buradaca donub qaldı. Eldara dedim, indi fikir versən görərsən, yenə də öz qapımızın astanasındayam. Nə edəcəyimi bilmirdim. Ondan mənə kömək etməsini xahiş etdim. Yalvardım. Dedim, mən öz evimizə qayıtmaq istəyirəm.
Bunları Eldara deyəndən sonra o heç nə demədi. Qolumdan tutub məni evimizə ötürdü. Qapımızdan içəri girəndə Eldar gözdən itdi. Həyətimizdə olan ağacların altında gözlərini düz mənə zilləyən bir qadın gördüm. O qadını sonuncu dəfə lap əvvəllər – uşaqlığımda görmüşdüm. Onda neçə yaşım olduğunu dəqiq xatırlaya bilmədim. Bəlkə də, altı-yeddi yaşlarında olardım. Yanına getdim. Üzünə xeyli baxdım. O da məni təəccüblə izləyirdi. Bu təəccübdən hiss elədim ki, məni lap yaxşı tanıyır. O, oturduğu stuldan ayağa duranda saçlarını külək üzünə çırpdı. Bir neçə saniyəlik üzünü görə bilmədim. Sanki üz-gözünü tük basmış bir heyvan görürdüm. Bu an yadıma bir əhvalat düşdü. Çox tanış idi.
Onda hələ uşaq idim. Yenə ağlıma gəlmir, altı, yeddi, ya on yaşım olardı. Məncə, hələ məktəbə getmirdim. Bir dəfə məni hansısa kəndə aparmışdılar. Yuxumda dayanmadan qarışqa yeyirdim. Hər gün yuxudan duranda anam üz-gözümün qan içində olduğunu görürdü. Çox qorxurdu, bəzən saatlarla ağlayırdı. Ona yemədiyim qarışqalardan danışırdım. Deyirdim, gecələr yerimin içində çoxlu qarışqalar olur. Mən həqiqətən onlarla bacarmırdım. Əsəbləşib yeyirdim gecələr. Bəzilərini çeynəyə bilmədiyim üçün, üz-gözümü cırıb bayıra çıxırdılar. Amma deyəsən, anam mənim danışdıqlarıma inanmırdı.
Qonşuluqda olan bir qadın məni kənddə kiçik bir evə apardı. Otağa girəndə bir qadın gördüm, bu Eldar məni evimizə ötürəndən sonra həyətimizdə gördüyüm qadın idi. O təxminən otuz-otuz beş yaşlarında olardı.
Qonşumuz üzünü o qadına tutub tez-tez təkrarlayırdı:
-Sənin də bəxtin belə gətirib. Hər kəs ailə qurası deyil ki, bu da sənin taleyindir.
Axırıncı dəfə qonşumuzdan bu sözləri eşitdim, deyirdi, al bu usağı. Uşaq həsrətli bəxtəvər. Götür, gör niyə belə edir, dərdi nədir? Hər gecə üz-gözünü cırmaqlayır. Deyir ki, yeyə bilmədiyim qarışqalardır, üzümü cırıb qaçırlar. Sənin əlindən pis iş gəlmir. Sınanmış adamsan”.
Qonşumuz məni orada qoyub getdi. Gecə düşəndə qadın məni anadangəlmə soyundurdu. Başqa bir otağa apardı. Yerdə qaynayıb buğu burum-burum göyə qalxan su dolu vanna vardı. Mənə dedi, burada dur. Otaqdan çıxdı. Geri qayıdanda gördüm ki, o da anadangəlmə lütdür. İri, bozarmış giləli döşləri göz alırdı. Bədəni dümağ idi. Bir az beli bükülmüşdü. Aşağı hissəsini görəndə üşürgələndim. Elə bilirdim, qarışqalar çıxacaq. İndiki ağlım olsaydı, bilərdim ki, orada gördüyüm sadəcə, tük basmış cinsiyyət orqanıdır. Başımdan su töküb tez-tez nəsə deyirdi. Su çox qaynar idi. İlk dəfə qışqırmaq istədim. Amma qorxumdan səsim çıxmadı. Öz dilimizdə deyirdi, amma o qədər tez deyirdi ki, mən heç nə başa düşmürdüm. Məni yuyurdu. Özünə də arada su tökürdü. Titrəyə-titrəyə bədənində əllərimi gəzdirdim. O qədər titrəyirdim ki, dişlərimin səsinə qulağım batırdı. Eyni məni yuduğu kimi özünü də yuyurdu. Axırıncı dəfə öləndə məni o cür yumuşdular.
Sonradan bir neçə il o qadını, qarışqa yuvasına bənzətdiyim cinsiyyət orqanını düşündüm. Gündə beş-altı dəfə düşünürdüm. Böyüdükcə yadımdan çıxdı.
Eldar məni qapımızdan ötürəndən sonra mən keçmişdə olanları yadıma sala bilimdim, amma gələcək haqqında bir saniyə belə düşünə bilmirdim.
***
Vüqar məktubu axıra qədər oxumasını istəmədi.
-Sən nə danışırsan? İndi deyirsən ki, bunları o çinli yazıb? Dəqiq onun sənə göndərdiyi məktubu oxuyursan?!
Bunları deyə-deyə Vüqarın yadına düşdü ki, Elmini uşaq vaxtı onun anası bir-iki dəfə falçı yanına aparıb. Elə Vüqarın özünü də o qadının yanına aparmışdı, amma bunları demədi. Heç nə olmamış kimi ona yenidən sual verdi:
-Bəs, sən niyə Eldar olduğunu deyirsən? Başım çıxmadı, bu axmaq söhbətləri necə, haradan çıxarırsan?
-Bax! Sən çinlinin başına gələnləri axıra qədər dinləmədin. Bütün oxumuş adamlar belədirsə, mənimki sizinlə tutuşmaz. Mən Eldar olduğumu oradan bilirəm ki, bu hadisə öz başıma gəlib. İki il bundan qabaq mən yolunu azmış bir insanı öz evinə ötürmüşəm. Sən yox idin onda. Çinlinin bu məktubunu oxuyanda çox sevinmişdim. Demək, mən onunla tanış olmuşam. Demək, mən də onunla eyni dünyada yaşayıram. Sonra o itdi. Mən qaldım tək. Məktubları çinli mənə göndərməyib. Sadiq də öldü, bildin?
- Sənin özün yolunu tez-tez azırsan. Başqasını necə evinə ötürə bilərsən? Elə sənin özünü tez-tez evinizə ötürürlər. Bildim, bildim. Sadiq də öldü. Cavan uşaq idi, heyf. Eşitdim, biabırçılıq olub. Sənin danışdıqların bir yana, daha o çinlidən danışma. Onsuz da bunu o cür oxudun ki, kənardan baxan elə bilər, o Eldar da sənsən, çinli də. Bu nə söhbətdir? Danış görüm, niyə Sadiqin yas yerindən səni polisə aparıblar? Özünü niyə evinizin damından atmısan?
- Görürsən? Bu kənddə hamı yalançıdır! Uzaqda qalırsan deyə sənə hər şeyi yalan danışırlar. Mən danışaram, olanları diqqətlə özümdən eşidərsən. Sonra nə baş verdiyini dəqiq bilərsən. Dəfn günündən qabaq axşamtərəfi Sadiqgilə getmişdim. Hələ Sadiqin ölüm xəbəri kəndə təzə yayılmışdı. Həyətlərində bir-iki adamla görüşəndən sonra tualetə girdim. Burada qeyri-adi nə var ki?! Həmişə getdiyim ev, girdiyim tualet idi. Qapını açıb, çıxanda gördüm beş-altı qadın təəccüblə mənə baxır. Bir-ikisi öz aralarında nəsə danışırdı. Düşündüm, yəqin içəridə nəyisə unutmuşam. Adamlar üzümə uzun-uzadı baxanda özümü itirirəm. Sonra öz-özümə dedim ki, bu nə fikir idi gəldi ağlıma? Tualetdə nəyi unuda bilərdim ki, insanlar üzümə belə təəccüblə baxsınlar? Heç nəyi! Uzağı şalvarımı çəkməyi unuda bilərdim. O da ki, mümkün deyil. Yenidən qapını açıb içəri girdim. Bu dəfə gözüm tualetin divarına yapışıb qalmış yekə bir kəpənəyə ilişib qaldı. Üstündə hər cür həşarat var idi. Elə bil, kəpənəyi görən yeganə canlı mən idim. Bunların heç nə vecinə deyildi. Biri o tərəfə gedir, biri bu tərəfə. Gördüklərim haqqında xeyli fikirləşdim. Mənə baxan qadınları da unutmuşdum.
Sonra yadıma bir şey düşdü. Biz uşaq olanda səni atangil şəhərə aparmışdı. Onda bunları sənə danışacağım günləri sayırdım, amma sən gələndə yadıma düşdü ki, Sadiq bunu kiməsə danışmamağımı xahiş edib. İndi Sadiq ölüb, danışa bilərəm. Sadiq demişdi ki, bir gün anasını yataqda görüb. Yorğanın altında ayaqlarını yuxarı qaldırıb, gözlərini yumub tit-tir əsirmiş. Qəribə səslər çıxarırmış. Elə bilib anası ağlayır. Amma səsi bir az fərqli çıxırmış deyə çaş-baş qalıb. Gizlindən onun üstünə tullanıb. Sadiq düşüb anasının ayaqları arasına. Bu zaman anası necə qışqırıbsa, Sadiq qorxudan ağlamağa başlayıb. Anası onu dərhal sakitləşdirib, dəsmal gətirməyə göndərib. O dəsmalı gətirəndə görüb ki, anasının yatdığı yorğan-döşək, özünün isə beldənaşağı hissəsi qan içindədi. Anası lüt imiş. Sadiqə yekə, qanlı bir bıçaq verib. Deyib apar bunu dərəyə, zibilliyə at. Bundan sonra anası həmin gün beş-altı dəfə bir sellofan veribmiş ki, apar, bunu zibilliyə at. Anası yataqdan çıxa bilmirmiş. İki gün sonra anası ölüb. Sadiq deyirdi, hər dəfə o sellofanları aparanda görürmüş ki, içindən qanlı əskilər çıxır. Anası öldüyü gün evlərinə polis gəlib. Sadiq polisə anası öləndə ağlaya-ağlaya atasına dediklərini danışıb. Anası atasına tez-tez deyirmiş ki, "məni sən öldürdün. Sən məni adam yerinə qoysaydın, başıma bunlar gəlməzdi”. Elə son sözləri də bu olub. Sadiqin atasını polisə aparanda hamı deyib ki, anasını bıçaqlayıb. Səhər açılanda kənddə söhbət yayılıb, hansısa həkim deyib ki, Sadiqin anasını atası necə deyim bilmirəm, orasından bıçaqlayıb. Başa düşdün harası? Orası da orası. Çinlinin qarışqa yuvasına oxşatdığı yer. Deməyə də utanıram. Qabağına bıçaq soxub dedilər. Guya həkim də bunu haradansa oxuyub. Amma Sadiq deyirdi ki, anasını o özü öldürüb. Qarnına tullananda bıçaq ona girib. Heç mən də baş açmadım, anası yorğanın altında bıçaqla nə edirmiş?
-Sən nə danışırsan? Anası yorğanın altında nə edirmiş? Deməyə utanırmışsan... Guya danışdıqlarından bilmirsən nə edirmiş? Sadiqin anası Sadiq doğulandan altı ay sonra ölüb. Atası da heç vaxt həbsdə olmayıb. Əgər sən bizim qonşu Sadiqdən danışırsansa, o, biz uşaq olanda bizdən böyük idi deyə heç yanımıza da gəlimirdi. Gəlib bunları necə danışıb? Mənə bu söhbətlər maraqlı deyil. Ağlına gələni danışma. Mənə de görüm, necə olub ki, sən yas yerindən qaçıb, özünü evin damından atmısan?
-Bu belə olmayıb. Danışıram, arxasına qulaq as. Onsuz da danışdıqlarıma inanmırsan. Tualetdə yekə kəpənəyin üstündə yeriyən həşaratlara baxıb, Sadiqin mənə danışdıqlarını düşünürdüm. Birdən qulağıma gələn səs məni düşüncələrimdən ayırdı. Bir nəfər var gücüylə qışqırırdı, tez ol başına dönüm, tez ol, get, dovğanı qarışdır, de ki, halalın olsun. Savabdır vallah. Aşbazlar dedilər, mütləq qapıda olan adamlar bunu etməlidir.
Kim idisə yəqin oğluna deyirdi. Bu söhbəti eşidib, necə güldümsə, özüm öz səsimdən utandım. Bu dəfə bayıra çıxıb görsəydim, kimsə mənə təəccüblə baxır, səbəbini bilərdim. Yas düşmüş qapıda tualetə girib, ayaq üstə qəhqəhə çəkirdim. Ayıb iş idi. Bayıra çıxan kimi gözüm həmin qadınları axtardı. İkisini gördüm. Bir az rəngləri dəyişmişdi. Biri əlini qarnına sıxıb bərk-bərk ovurdu. Hərdən başını qaldırıb, ürkək-ürkək ətrafa baxırdı. Elə bil, hansısa sirrinin üstünün açılmasından qorxurdu.
Yavaş-yavaş bağa getdim. Gördüm, aşbazlar əllərini sinələrində çarpazlayıb, sırayla dovğa qarışdıran insanlara baxırlar. Yenə gülmək tutdu məni. Yaxınlaşıb dedim ki, olar sizə bir söz deyim? İkisi də birdən dedi: "Olar, oğlum niyə olmasın?” Dedim, nə vaxtsa sizin kimi aşbazlar özləri düzüb-qoşub bunları. İri gövdəsi, başı kəsilmiş ağaca oxşayan gülərüz, kök aşbaz dedi: "Nəyi a bala?”
Dedim, bunu kimsə oturub fikirləşib ki, dovğa kimi həssas bir yeməyi bişirmək əziyyətlidir. Bir də gördün, beş qazan dovğa bişirmək lazım oldu. Bunu necə edək? Necə edək ki, bu əziyyətdən xilas olaq? Kimsə bunları xeyli fikirləşib. Axırda da gördüyünüz mənzərə ortaya çıxıb. Gərək siz o adam kimdirsə, ona hər gün "çox sağ ol” deyəsiniz. Bunları deyib yenə güldüm.
Birinci, nə demək istədiyimi başa düşmədilər. Sonra deyəsən, ikisinə də birdən çatdı. Necə ürəkdən güldülərsə, düşündüm, bu dəfə məni qovacaqlar oradan.
Elmin gözlərini Vüqara zilləyib dodaqlarını çeynəyirdi. Vüqar onun danışmadığını görüb özü dilləndi.
-Arxasını danış da...
-Bəs, bayaqdan danışdıqlarım nədir? Deyəsən, sən nə dediyimi başa düşmədin?! Niyə gülmədin? Bayaqdan gülməyini gözləyirəm.
-Başa düşdüm. Amma belə ağıllı bir söhbəti sənin elədiyinə inanmadım. Həm də mənə əsas məsələ lazımdır. Ağlına gələni danışırsan. Əsas danış görüm, sən nə etmisən ki, kənddə hamı sənin haqqında danışır. Qol-başın da qırılıb. Səni polisə aparıblar.
-Hamısı yalandı. Ayağım qırılıb, o da ağacdan yıxılanda. Heç kim məni polisə zorla aparmayıb. Mən yasdan Sadiqi oğurlayıb evimizin damında gizlətmişdim, sonra necə oldusa Sadiq oradan sürüşüb düşüb. Gedib bunu polislərə də danışdım. İndi arxasını danışıram qulaq as. Üstündən bir saat keçmişdi, yenidən bağa getdim. Bağa gedəndə eşitdim ki, bayaq mənə təəccüblə baxan qadınlardan biri o birinə deyir: "Gərək evə tez gedim. Qarnım imkan vermir”. Onda bildim ki, bu qadınlar mənə niyə təəccüblə baxırmış. Onlar orada tualetə getməyə utanırmış. Ona görə mənim rahatlıqla tualetə girib-çıxmağım onları təəccübləndirirdi.
Bağda aşbazların yanına çatanda onlar özləri üçün söhbət edirdilər. Mən də dinlədim. Biri danışırdı ki, haradasa bir nəfər ölür. Meyiti məzarlığa aparanda tabutdan durub qaçır. Qışqıra-qışqıra deyir: "Mən hələ ölməmişəm”. Qaça-qaça yaşadığı binanın başına çıxıb, özünü oradan atır. Meyiti təzədən məsciddə yuyub, məzarlığa aparırlar.
Bunu eşidəndə mən də başıma gələn bir hadisəni danışdım. Yaxşı düşmüsən əlimə, elə sənə də danışım. Bir dəfə yaxın dostum dedi ki, istəyirəm uşağım bu ölkədə heç kimlə əlaqə saxlamasın. Böyüyüb universitet oxumaq vaxtı gələndə də göndərim onu hansısa Avropa ölkəsinə. Dedi, istəyirəm, məktəbə rüşvət verim dərslərə getməsin. Evdə uşağıma dərs keçməsi üçün müəllim tutum. Dərsləri də evdə oxusun. Onun istəyi çox qəribə idi. İstəyirdi, uşağı evdən bayıra çıxmasın. Evdən bayırda heç kimə etibarı yox idi. İstəyirdi, uşağı dürüst olsun. Ölkədə olan vəziyyətdən xəbəri olmasın. Heç kimdən, heç nədən xəbəri olmasın. O deyirdi, həm də istəyirdi, uşağı indiki dövrün uşaqları kimi ilk olaraq telefonla, kompüterlə yox, daha çox çöldə-bayırda uşaqlarla oynasın. Lap öz balacalığında məhəllə uşaqlarıyla oynadıqları kimi. Çox vaxt təbiətlə əlaqədə olsun, evdə kompüterin qarşısında yox. Amma belə oyunlarda da bütün uşaqlar kimi onun uşağının da zədələnmək ehtimalı vardı. Uşaq zədələnsə gərək həkimlərə aparasan. Onda da evdən çıxmaq məcburiyyətində qalırsan. Beləcə uşaq da bayırda olanları görür. Uzun sözün qısası, bir müddət sonra o, bir həkim tapdı. Həkim ona öz hazırladığı dərmanla kömək edə biləcəyini demişdi. Amma dərmanı onlara verdiyini ailə gizli tutmalıydı. Bunun haqqında kiminsə xəbəri olsa həkimi həbsə atardılar. Bu səbəbdən həkim bir xeyli riskə girdiyini demişdi. Dərman ondan əvvəl yalnız bir dəfə istifadə olunub və gözlənilən nəticəni verib. Həkimlə dostum razılaşıb.
Dərman belə idi ki, uşaq içəndən sonra özü də bilmədən yatacaqdı. Yuxuda əvvəllər gördüyü yerlərə gedəcək, gördüyü insanlarla görüşəcək, sonra da qayıdıb evə gələcəkdi. Bunun üçün uşağı düz bir ay eyni adamlarla, eyni məkanda görüşdürmək, eyni yerlərə özünün gedib-gəlməsini öyrətmək lazım idi. Bunları öyrəndiyi zaman uşağa psixoloji təsir gücü olan bir insan inandırmalı idi ki, hər şey elə bu cür olmalıdır. Uşaq onda altı yaşında olub. Altı yaşına qədər demək olar ki, çox az hallarda evdən bayıra çıxıb. Dərmanı ilk gün evə gələn müəllimin dərsi bitəndən sonra yoxlayırlar. Dərs bitən kimi anası ondan bayıra çıxıb uşaqlarla oynamasını xahiş edir. Uşaq qapının ağzına çatanda ona əlində tutduğu suyu uzadır və içmək lazım olduğunu deyir. Su içəndən sonra uşaq elə qapının ağzındaca anasının qollarında yuxuya gedir. Düz bir saat sonra ayılır. Ayılanda anası ona uşaqlarla nə etdiyini soruşur və dostumun qızı eyni bir ay ərzində oynadığı oyunu, dediyi sözləri, təkrarladığı hərəkətləri danışır. Demək, dərman yaxşı təsir edib. Beləcə hər gün uşaq yuxudan ayılandan iki-üç saat sonra hər şeyi unudur. Sabahkı gün yenidən anası eyni cür edir və qayıdanda nə etdiyini soruşur. Dostumun qızı anasına uşaqlarla oynadıqları oyunları danışırmış. Bir müddət sonra anası nə etdiyini soruşmur. Bir il altı gün keçəndən sonra isə uşaq dərmanı içir, amma yuxudan ayılmır. Nə qədər edirlər ayılmır ki, ayılmır. Nə baş verdiyini anlamırlar. Bundan sonra onların həyatında hər şey dəyişir.
Sən çinlinin məktublarını sona qədər oxumağa qoymadın. Çinli öləndən sonra dostumun qızı ilə qarşılaşıbmış. O görüb ki, uşağın artıq doqquz yaşı var. Yuxudan ayılmadığı gün başına gələnlərdən danışıb. Uşaqlarla oynadığı yerdə birdən ayağı sürüşür, yaxınlıqda olan dərədən baş-ayaq aşır. Eləcə də uşağın yuxuda qorxudan ürəyi partlayıb ölür. Deyəsən, ailəsi bir ay ərzində apardıqları yerdə onun həmin dərəyə diqqətlə baxdığını gözdən qaçırıbmışlar.
Mən bunları gedib dostuma danışdım. Öz uşağının necə öldüyünü bildi. Dostum çinlinin yazdıqlarına inandı. Amma sən burada məni gülə-gülə dinləyirsən!
-Məni güldürən və düşündürən odur ki, sən əzbərdən danışdığın bu söhbətləri haradan çıxarmısan? Elə danışırsan, kənardan baxan elə bilər ki, bunları bütün günü kitablardan oxuyursan. Mənə yas yerində olanları danış.
-Artıq sənin dediklərin maraqlı deyil. İstəyirsən, inan istəyirsən inanma. Amma başıma gələnləri dəqiq bilmək istəyirsənsə, arxasına qulaq as. İmkan ver, axıra qədər danışım. Mən dostumun qızının başına gələnləri aşbazlara danışdım, amma çinlinin uşaq haqqında dediklərini özümdə saxladım. Aşbazlara çinli haqqında nəsə desəydim, gərək hər şeyi başdan danışaydım. Sonra evə getdim. Bilirəm, sənə dəfn günü olanlar maraqlıdır.
Sabahkı gün kənddə hər kəs Sadiqin dəfn mərasiminə yığışmışdı. Kənardan gəlib-gedən insanları izləyirdim. Ağlaşan adamları izləmək məni həyəcanlandırırdı. Mən də bu vahimənin təsirinə düşüb ağladım. Keçən il ölən dostum yadıma düşdü, onunla görüşmək istədim.
-Sənin məndən başqa dostun olmayıb axı...
-Deyəsən, hələ də bayaq danışdığım söhbətə inanmırsan. Axı, iki dəqiqə əvvəl başqa bir dostumun qızının başına gələnləri danışırdım! İmkan ver, axıra qədər danışım. Hə, harada qaldıq? Dostum yadıma düşəndən sonra qəfil ayrıldığım sevgilim yadıma düşdü. Ondan bir söz soruşmaq istədim. Yaxşı, zarafat edirəm, istədim bir az güləsən. Sən bilirsən, mənim heç vaxt sevgilim olmayıb. Bunların heç birini istəmirdim. Sadəcə, yağışdan sonra məhəlləmizdə yaranan gölməçənin birində suya baxıb, öz əksimi görmək və o suyu içmək istədim.
-Sən uşaq vaxtı o gölməçələrdən iyrənirdin axı.
-Düzdür, ömrüm boyu heç vaxt belə bir şey istəməmişdim. Belə bir şey istəyəcəyim ağlıma da gəlməzdi. Xeyli arzularım, məqsədlərim var idi. Birdən-birə bu istəyimin dünyada hamıdan, hər şeydən vacib olması mənə də xeyli qəribə gəldi. Bu istəyimdən sonra mən başa düşdüm ki, yaşamalıyam. Yaşamalıyam. Mən ölmək istəmədim. Başa düşürsən da məni?
İnsanlar tabutu götürüb məzarlığa getmək istəyəndə mən qəfil tabutdan çıxıb qaçdım. Və arxama çevrilib lüt bədənimlə insanlara sarı qışqırdım:
"Mən yaşamalıyam!”
Onlar özlərini elə aparırdılar ki, elə bil, bir ölünün dirildiyini ilk dəfə idi görürdülər. Hələ o aşbazları demirəm. Hamı adımı çəkib ağlaşır, arxamca qaçırdı. Onları çinlinin məktubunda yazdığı tüklü cinsiyət orqanından çıxan qarışqalara oxşadırdım. Elə bilirdim ki, bu dəqiqə kimsə məni əllərinə alıb boz rəngli məmə giləsinə sıxıb dərin bir "ah” çəkəcək.
- Sən elə uşaqlıqdan qarışqalarla yola getmirsən. Bapbalaca bir şeydən qorxursan. Yenə də olanlar haqqında danışmadın. Sadiqin yas yerində sən niyə tabutdan qaçırdın ki? Axı, sən yox, Sadiq ölmüşdü. Qulaq as. Mən eşitmişəm ki, sən tez-tez intihar edirsən. Bunu sənə demək istəmirdim. Sən mənim tanıdığım adam deyilsən. Çox dəyişmisən. Sanki bu danışdıqlarını haradansa oxumusan. İş orasıdır, danışdığın hər şeyin əlaməti səndə var. Belə çıxır ki, oxumamısan, yaşamısan, amma danışdıqların kimi yox. Bunları boş ver. Daha heç nə danışma. Keçək əsas məsələyə! Dünən atanla görüşdüm. Atanla birgə səni aldadan, təhqir edən həkimdən şikayət etmək istəyirik. İstəyirəm, məhkəmədə hər şeyi olduğu kimi danışasan.
Elminin gözəliri qızarmışdı. O ağlamağa başladı. Qəfildən Sadiqin sinəsindən yapışıb, onu bərk-bərk silkələdi.
-Sənə dedim, mən yaşamalıyam! Yaşamalıyaaaaam. Yaşamalıyam.
Sadiq dediklərindən peşman oldu. Onu sakitləşdirməyə çalışdı.
-Bir az sakitləş. Kəndi başımıza tökmə. Döyəsi deyilsən ki, məni. Əlini yaxamdan çək! Sən yaşayırsan və yaşayacaqsan da. Sənin yaşamağına bir söz deyən olmadı.
-Mən məhkəməyə getməyəcəm! Sən bayaqdan mənim danışdıqlarıma inanmırsan, amma öz danışdıqlarını elə bil, qulaqların eşitmir. Birinci, o həkim söhbəti gör, neçə il bundan qabaq olub. İkinci, unutmusan deyəsən, axı, mənim atam həbsdən çıxandan sonra anamın qohumları tərəfindən bıçaqlanıb öldürüldü. Sən indi kimi nəzərdə tutursan? Axı, sən özün atam öləndən sonra mənə dəfələrlə təsəlli vermisən. Kənddə anamın yanında qalmağımı məsləhət görmüsən. Məhkəmədə də danışılası heç nə yoxdur. Bir gün durub həkimə getdim, həkim də məni görən kimi dedi, çıx buradan. Səni bura kim buraxıb? Üst-başına bax. Bu gün-sabah öləcəksən, nə ağılla gəlib girmisən otağıma. Bu sözləri mənim xətrimə dəymədi. Sonra qayıtdım evə. O məni təhqir etməyib, oradan qovmayıb. Siz özünüzdən çıxarmısınız ki, guya həkim məni pis geyimdə gördüyü üçün başından edib. O qapıdan çıxanda geyimim haqqında bircə kəlmə söz dedi, çalış səliqəli geyin, üstündən peyin iyisi gəlməsin! Bu qədər...
Şərhlər