Sağlamlıq 09:45 12.04.2018

İnsanda komplekslər təhlükəlidirmi?

Cəmiyyətdə kompleksli insanlarla tez-tez rastlaşırıq. Belələri bəzən özlərini başqaları ilə müqayisə edir, daha sonra özlərində komplekslər yaradırlar. Komplekslər də insanların yaşına, təhsil səviyyəsinə, yaşayış durumuna, cinsiyyətinə görə dəyişir.

Məşhur psixiatrlar, o cümlədən psixoanaliz elminin banisi Ziqmund Freyd qeyd edir ki, bu hiss əsasən uşaqlıq dövründən qazanılan patoloji vərdişdir. Valideynlərin öz övladlarını tez-tez digər uğurlu həmyaşıdları ilə müqayisə etməsi, uğurlarını görə dəyərləndirə bilməməsi, sonradan uşaqlarda özünə inamsızlıq, gücsüzlük, psixoloji narahatlıq yaradır. Bu komplekslər yad situasiya ilə qarşılaşdığında özünü daha çox büruzə verir. Eyni zamanda ailədə həddən artıq sevgi görən uşaqlarda isə üstünlük kompleksi yaranır. Bu cür insanlar özlərini cəmiyyətdən şüurlu şəkildə təcrid edir, tək olmağa meyilli olur, insanlarla çox da ünsiyyətə girmirlər. Çünki həmin insanları özlərinə uyğun bilmirlər. Digərlərindən üstün olduğunu həddindən artıq düşünmə hissi getdikcə eqoistliyə çevrilir, tənhalığa gətirib çıxarır və bəzən də insanların depressiyaya düşməsinə səbəb olur.

Bəs komplekslər nə dərəcədə təhlükəli və ya lazımlıdır?

Araşdırma zamanı məlum olur ki, ilk dəfə kompleks sözünə Freydin və K.Q.Yunqun kitablarında rast gəlinib. Belə ki, Ziqmund Freyd kompleksliyi "şüursuzluq”la əlaqələndirdi. Freydə görə, şüursuzluq instinktlər, affektlər, emosiyalar, ehtiraslardan və onların birləşməsi nəticəsində yaranan emosional qruplar - komplekslərdən ibarətdir. Komplekslər insanın şüuraltında yaranır, sonra isə daha da inkişaf edir. Bunun nəticəsində insanlar çox zaman komplekslərini dərk edə bilmir.

Yunq isə komplekslərin varlığını "Sərbəst assosiasiyalar” metodunu tətbiq edərkən aşkarlamışdı. Bu metodda tətbiq edən, yəni psixoloq tətbiq olunana, yəni pasientə davamlı sözlər deyir, pasient isə bu sözlərin qarşılığında beyninə ilk gələn sözü deməlidir. Yunq bu metodu tətbiq edərkən belə bir situasiya ilə rastlaşır ki, bəzən pasientlər "qarşılıq” sözü deməkdə gecikirlər. Bu haqda özlərindən soruşduqda isə bu gecikmənin səbəbini açıqlaya bilmirlər. Ona görə də Yunq qərara gəlir ki, insanın beynində şüurdan kənar, bir-biri ilə əlaqəli duyğular, düşüncələr qrupu var. Yunq həmin qruplara kompleks adı verir.

Bununla belə psixiatrlar onu da qeyd edirlər ki, komplekslər heç də hər zaman mənfi nəticələrə gətirib çıxarmır. Məsələn, Yunq bildirirdi ki, bəzən komplekslər insanın böyük uğurlara çatmasını təmin edə bilir. Amerikalı psixoanalitik Alfred Adler də qeyd edirdi ki, birmənalı şəkildə natamamlıq kompleksi pisdir demək olmaz. Çünki komplekslər normal və təbii insani hissdir. O, hətta öz fikrini belə bir aforizmlə əsaslandırdı - "Hərtərəfli insan olmaq üçün natamamlıq kompleksi olmalıdır”.

Mövzu ilə bağlı psixoloq Azad İsazadə "Yeni Müsavat”a danışdı: "Sözsüz ki, hərəmizin müxtəlif kompleksləri var. Söhbət ondan gedir ki, bu komplekslər bizim həyat tərzimizə necə təsir edir. Əgər mənfi təsir edirsə, onu mənfi kompleks adlandırırıq. Amma bəzən komplekslər uğurlara da yol aça bilir. Ona görə də komplekslərin olması normaldır və bəzən heç ona fikir də vermirik. Yəni  insan öz komplekslərini yaxşı tanıyırsa, həyatda uğur qazanır, yaxşı peşə seçir və sairə. Əgər komplekslərimiz bizi idarə edirsə, o zaman biz ondan asılı oluruq və həmin kompleks mənfi kompleks adlanır. Sözsüz ki, natamamlıq kompleksinin mənfi cəhətləri çoxdur. Adətən elə kompleks dedikdə natamamlıq kompleksini nəzərdə tuturuq. Bu zaman insanlar peşəkarlara müraciət edərək bu kompleksdən azad ola bilirlər”.
 
Mənbə: Yeni Müsavat