Sənət 12:11 14.09.2016

İnsanın cinsi yanğısını məziyyətə çevirmək bacarığı

Ziqmund Freydin sublimasiya nəzəriyyəsi barədə

Ürəyimizin dərinliklərində, bəsit təhtəlşüurumuzda arzusunda olduğumuz elə dəhşətli şeylər var ki, daim onların təhdidi altındayıq. Könlümüzdən işi başımızdan eləmək, nəyisə oğurlamaq, başqalarına zərər vurmaq, ümidsizləşmək, ya da tabu sayılan, ən üzdən iraq formalarda sekslə məşğul olmaq istəyi keçə bilər. Ancaq aramızda çox az sayda adamlar belə şeylərə təşəbbüs göstərirlər. Biz bir qayda olaraq, enerjimizi adətən faydalı şeylərə həsr edirik, yaxşı insan olmağa, ətrafımızdakılara kömək etməyə çalışırıq.  

Psixoanalizin atası Ziqmund Freyd bizim bunları nəyə görə etdiyimizi biləndə cuşa gəlmişdi və insanların primitiv, eqoist, dağıdıcı enerjilərini yaxşı tərəfə istiqamətləndirmə qabiliyyətlərini xüsusi terminlə ifadə etmişdi. O, bu prosesi sublimasiya adlandırırdı (almanca - Sublimierung). Freydin ağlına bu ideya 19-cu əsrdə yaşamış görkəmli alman şairi Henrix Haynenin məşhur və nəfis “Harz səfəri” səyahət kitabını oxuyarkən gəlib. “Harz səfəri” kitabında Hayne, Yohan Fridrix Diffenbax (1792-1847) adlı əfsanəvi alman cərrahıyla keçirdiyi görüşdən bəhs edir. Diffenbax uşaqlığında hədsiz eqoist və sadist imiş, küçə itlərinin quyruqlarını kəsməyi sevir və bundan hədsiz zövq alırmış. Lakin yetkinliyində o, hərtərəfli fədakar və möhtəşəm bir cərrah kimi ad çıxarır, rekonstruktiv və plastik cərrahiyədə ilkin kəşflərə imza atır.

 

Freyd hiss etmişdi ki, bu təkamül – bıçaqdan sadistcəsinə istifadə edib digərlərinə ziyan vuran insandan, ondan nəyisə düzəltmək üçün istifadə edən insana çevrilmək prosesi – sadə bir təsadüf ola bilməz. Və o belə bir fikir irəli sürürdü ki, bir vaxtlar yayğın davranış qaydası olan ziyankar və qorxunc meyl zamanla tamam başqa istiqamətdə inkişaf etməyə başlayır, mənfi güc özünü müsbət bir əzmkarlıq kimi göstərir. Freyd incəsənət, siyasət və elm sahələrindəki bir çox uğurların təməlində bu kompensasiya arzusununun dayandığını iddia edirdi.  Misal üçün, məşhur polis detektivi özünü təhtəlşüurunda yatan müəyyən qeyri-məqbul istəklərindən qorumaq üçün bu işi görə bilər və ya bir siyasətçi əvvəllər yol verdiyi azğın, tamahkar təcrübəsini sublimasiya etməkdən ötrü bədbəxt yoxsulların mənafeyi uğrunda mübarizə apara bilər.  

Freyd,  Leonardo da Vinçi haqdakı essesində (Eine Kindheitserinnerung des Leonardo da Vinci, 1910) da Vinçinin uşaqlığında hədsiz cinsi fəallığıyla seçilən bir xilqət olduğunu və onun bu cinsi fəallığını sonradan elmi araşdırmalara və incəsənətə sublimasiya etdiyi iddisıyla çıxış edir. Freydin sözlərinə görə, qadağa sayılan seksual həzz yanğısı (anasına və digər oğlan uşaqlarına yönələn) Leonardo da Vinçidə böyük sayğınlıq  və sarsılmaz “hər şeyi bilmək yanğısı” kimi öz əksini tapmışdı.

Sublimasiya nəzəriyyəsi olduqca ümidvericidir, çünki bu, bizim istəklərimizin bir çoxunun mümkünsüz olduğunu isbat edir. Qəzəblənməyə və xalis nihilizmə sonsuz sayda səbəblər olduğu halda, Freyd bizim kompensasiya axtarmaq və özümüzü alternativ şeylərlə təmin etmək bacarığımızı qeyd edir. O, öz əsərində bizim adətən kifayət qədər diqqət ayırmadığımız faktı (hər nə qədər absurd səslənsə də), bizim hamımızın həyata körpə kimi başladığımız gerçəyini təkrar-təkrar vurğulayır. Həyatımızın bu mərhələsində biz yalnızca təcili həzz və təminat istəyirdik. “İstəklərimiz” ilkin formalarında o yöndəydi ki, gərək kimsə qayğımıza qalsın, gərək daim sevgiylə əhatə olunaq. Həyatımızın bu dövründə inanırdıq ki, əgər istədiyimizi dərhal almasaq, bu fəlakət olacaq və biz öləcəyik (bu yanaşma əsəb sarsıntısı keçirən körpələrin çığırtılarında və fəğan etmələrində öz əksini tapır). Düşünürdük ki, dünya bizim ətrafımızda fırlanır və başqalarına qarşı xoşməramlı ola bilmərik. Sağlam yetkin insanlara çevriləndən sonra isə, biz özümüzün orijinal narsist istəklərimizi daha etik və faydalı alternativlərlə əvəz edə bildik. Amma Freydin tamamilə haqlı olaraq əlavə etdiyi kimi, bununla belə, biz heç bir zaman sublimasiyanı tamamilə həyata keçirə bilmədik. Biz hələ də ürəkdən istədiyimiz şeylərdə xəyal qırıqlığına uğramaqda davam edirik, əksər vaxt da seks məsələsində. Müntəzəm olaraq biz məmnuniyyətlə yatacağımız insanlarla rastlaşırıq, ancaq bunu heç cür edə bilmirik. Ancaq bu enerji hələ də öz-özünə yoxa çıxıb getmirsə, deməli, bizim dərin xəyal qırıqlıqlarımızı başqa şeylərə - yaradıcı cəhdlərə, elmi ixtiralara, zəiflərə qayğı göstərməyə çevirmək gücümüz var. 

Freydin fikrincə, yayğın məmnuniyyətsizlik hissi qaçılmazdır: bizim istəklərimiz sistemli şəkildə reallıqla uzlaşmır. Lakin sublimasiya bizim üçün doğrudan da faydalı seçimdir. Onun köməyilə həsəd hissi səy göstərməyə, yaralı eqoizm xoşməramlı və qədirbilən olmaq qabiliyyətinə, seksual rədd isə filmə və romana çevrilə bilər. Freydin gördüyü kimi, psixoanaliz bir sahə kimi ondan ötəri dizayn edilib ki, biz öz məmnuniyyətsizliklərimizi daha produktiv edək, özümüzdən çıxmayaq, fəaliyyəti dayandırmayaq, əksinə özümüzün bəzi gizli və möhtəşəm kədərlərimizdən ilham alaq. Gözəl həyat o deyil ki, sən istədiyin hər şeyi əldə edirsən. O, ikinci ən yaxşı şeylərə nail olduğumuz, maksimal təsəvvür qabiliyyəti ilə xəyal qırıqlıqlarını daxili azadlığımızla yönləndirdiyimiz bir yerdir; həyat elə bir yerdir ki, - Freydin bizə göstərdiyi kimi – gərək yaxşı sublimasiya edəsən. 

Alain de Botton

Tərcümə etdi: Cavid Ramazanlı 

Qaynarinfo.Az