İdman 19:35 02.05.2021

"İnter" 11 ildən sonra İtaliya çempionu oldu

Futbol üzrə İtaliya A Seriyasında "İnter" klubu 11 ildən sonra çempion adını qazanıb.

Qaynarinfo xəbər verir ki, bu, XXXIV turda "Atalanta"nın səfərdə "Sassuolo" ilə 1:1 hesablı heç-heçə etməsindən sonra müəyyənləşib.

Hesabat turunu "Krotone" üzərində 2:0 hesablı qələbə ilə tamamlayan "İnter" xalını 82-yə çatdırıb. Antonio Kontenin baş məşqçi olduğu komanda sona 4 tur qalmış ən yaxın izləyicisi "Milan", "Napoli" və "Atalanta"nı 13 xal geridə qoyub.

Bununla da "Yuventus"un ardıcıl 9 mövsümlük hegemonluğuna son qoyulub. "İnter" isə tarixində 19-cu dəfə İtaliya çempionu adını qazanıb. Sonuncu dəfə bu komanda 2009/2010 mövsümündə Joze Mourinyonun rəhbərliyi altında A Seriyasının qalibi olub. Həmin vaxt "İnter" həm də İtaliya Kuboku və Çempionlar Liqasını əldə edib.