(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə hazırlanıb.)
Dövlətçilik tarixi, milli adət-ənənələrin, elm və mədəniyyətin təbliği Azərbaycanın zəngin irsini gələcək nəsillərə çatdırmaq və onu dünya səviyyəsində tanıtmaq üçün əhəmiyyətli bir vasitədir. Təbliğ vasitəsi olaraq 3 əsas istiqamət seçilir. Dövlətçilik tarixi, milli adət-ənənələr, elm və mədəniyyət...
Azərbaycanın qədim dövlət qurumları, əsas dövlətçilik ənənələri, müstəqillik mübarizəsi, müasir dövlət quruculuğu, xalqın zəngin mədəni irsi, toy-düyün, bayramlar, folklor, əxlaq kodeksləri və digər ənənələri, eləcə də elm və mədəniyyət sahəsindəki nailiyyətləri, tanınmış alimləri, yazarları, bəstəkarları və incəsənət xadimlərinin hər biri gələcək nəslə tanıdılmalıdır.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan dövlətçilik tarixinin, eyni zamanda milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi sayəsində hər bir şəxs ciddi surətdə çalışmalıdır:
"Bu istiqamətdə, xüsusi ilə də təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində böyük nəticələrin əldə olunması mümkündür. Bunun üçün tarix, mədəniyyətlə bağlı fənlərin tədris proqramlarına salınması vacibdir. Həm orta, həm də ali məktəblərdə Azərbaycan tarixinin təbliğ edilməsi təhsil müəssisələrində ən aşağı siniflərdən başlayaraq dərs saatlarının artırılması və bununla bağlı şagirdlərin əlavə biliklərə yiyələnməsi sistemində əsas prioritet məsələlərdən biri olmalıdır”.
Deputat hesab edir ki, gənclərin tarixi bilməsi gələcəyin qurulması üçün birmənalı dəstəkdir:
"Eyni zamanda milli adət-ənənələrimizin də gələcək nəsillərə çatdırılması istiqamətində də ciddi addımlar atılmalıdır. Milli mentalitet, milli adət-ənənə və s. bunlar da olduqca vacib məsələlərdəndir. Bunun üçün öncə muzeylər, kitabxanalar inkişaf etdiliməlidir. Yəni var olanlar bir qədər də zənginləşdirilməlidir və istər muzeylərin, istərsə də fəaliyyətdə olan mədəniyyət mərkəzlərinin ziyarət edilməsi, şagirdlərin kütabxanalara üz tutması da təşviq olunmalıdır. Bunlar ən vacib məsələlərdən hesab olunur. Bu istiqamətdə hər kəsin üzərinə düşən vəzifələr var. Vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, tədris müəssisələri də bu təşviqdə əsas rol oynamalıdırlar”.
Arzuxan Əlizadəyə görə, bütün bunlar eyni zamanda müasir dövrün tələblərinə uyğun aparılmalıdır:
"Həm tariximiz, həm mədəniyyətimiz, milli adət-ənənələrimizlə bağlı məlumatların yerləşdirilməsi üçün internet resursları da yaradılmalıdır. Çünki bu gün internet əsridir. Gənc nəsil daha çox vaxtını internetdə keçirir. Onlar sosial şəbəkələr üzərindən bilgilər əldə etməyə meyillidir deyə müxtəlif platformalarda yeni elektron internet resurslarının yaradılmasına ehtiyac var. Bu sahələrdə məlumat bazalarının elektron resurslara daxil edilməsi və onların əlçatan olması üçün təbliğat vasitəsi kimi gənc nəslin həmin bilgilərə yiyələnməsinin təşviq edilməsi olduqca əhəmiyyətlidir”.
Arzuxan Əlizadə bütün bunların kompleks yanaşma tələb etdiyini də vurğulayıb:
"Həm təhsil, həm mədəniyyət sahələri olduğundan hər iki - Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin də üzərinə böyük öhdəlik düşür. Bütün bu sadalanan və sadalanmayan tədbirlərin həyata keçirilməsi üçün də dövlət dəstəyi qaçılmazdır. Eyni zamanda özəl sektora da təklif etmək olar ki, prosesdə dövlətə dəstək olsun. Çünki bu Azərbaycan tarixi və milli adət-ənənələrin gələcəyə ötürülməsi ilə bağlı məsələlərdə hər bir şəxs imkan daxilində buna dəstək olmalıdır. İstər özəl, istərsə də dövlət sektoru bərabər prosesdə yaxından iştirak etməlidir ki, nəticələr effektiv olsun”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır
Şərhlər