İdman 17:02 07.09.2019

Ərinin oyununu izləməyə gedən qadın stadiondan qovuldu

İranda futbolçunun xanımı stadionda çıxarılıb.

Qaynarinfo xəbər verir ki, hadisə "Saypa" - "Qol Qohar” oyununda baş verib.

Bu yay Hollandiyanın "Kambuur” klubundan "Qol Qohar”a keçən Kevin Yansenin xanımı komandanın "Saypa" ilə oyununu izləməyə yollanıb. 27 yaşlı hollandiyalı futbolçunun həyat yoldaşı VİP tribunada oturub. Lakin fasilədə ondan arenanı tərk etmək tələb olunub. Futbolçunun xanımı ikinci hissəni klubun stadiondakl ofisindən izləmək məcburiyyətində qalıb.

Qeyd edək ki, İranda 1979-cu ildə baş verən İslam İnqilabından sonra qadınların bir çox hüquqları kimi, stadiondan oyun izləmək hüququ da alınıb. Yasaq ilk dəfə ötən il aradan qaldırılıb və qadınlar Asiya Çempionlar Liqasının oyununa buraxılıb. Bir müddət əvvəl 6 qadın kişi geyimində stadiona girdiyi üçün həbs olunmuşdu. Yerli liqaların belə yubanmasına səbəb olan bu olaydan sonra FIFA İrana xəbərdarlıq edərək qadınların stadionlara buraxılmamasının ali futbol qurumunun dəyərlərinə ziddi olduğunu qeyd etmişdi.

Bu günlərdə ölkənin idman nazirinin köməkçisi Cəmşid Tağızadə bildirib ki, qadın futbol fanatları Kambociya ilə oyunda stadiona buraxılacaq: "Qadınlar 10 oktyabrda Kambociya ilə keçiriləcək dünya çempionatının seçmə mərhələ oyununda Azadi stadionuna buraxılacaqlar".