Video 17:34 28.11.2018

İranda etiraz: "İndiki İrəvan İran xainlərinin nəticəsidir" (VİDEO)

"Belə işlər milli birliyə qarşı yönəlib. Bu, fitnədir və məqsədyönlü şəkildə həyata keçirilib. Azərbaycan əhalisi belə təhqirlərə düzgün cavab verməlidir".

Bu sözləri Təbriz, Azərşəhr (Tufarqan) və Uskünün (Üşkaya) millət vəkili Zəhra Sai Tehranın "Azadi” stadionunda "Perspolis” - "Traktorsazi" qarşılaşması zamanı "Perspolis” tərəfdarlarının işğalçı Ermənistana dəstək nümayiş etdirməsinə münasibət bildirərkən deyib. 

O, şovinistlərin bu addımını kəskin qınayıb: "Gənclər və idman nazirindən istəyəcəyəm ki, bu məsələni izah etsin. Qaneedici cavab verməyəcəyi təqdirdə məsələni parlamentdə qaldıracağam. Mərkəzi şəhəri Təbriz olan Güney Azərbaycan İranın həssas dönəmlərində xüsusi rol oynayıb. Bu, inqilab dönəmi və 8 illik müharibə zamanı da belə olub. Azərbaycan idman sahəsində də böyük uğurlara imza atıb. "Traktorsazi" klubu həmin uğurların bir nümunəsidir. Rəhbərin dediyi kimi, "Azərbaycan İranın başıdır” və hər zaman İrana xidmət edib. Hətta iqtisadi və mədəni sahələrdə də öncül olub. Azərbaycan İranda şiəliyin də beşiyidir. Bütün hallarda ölkədə qövmləri aşağılamaq qəbuledilməzdir, bu, böyük Azərbaycan millətinə də şamildir”.

Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnejad isə özünün Tvitter səhifəsində hadisəyə münasibət bildirərkən "Artsax” yazılı bannerin nümayiş etdirilməsinin irqçilikdən irəli gəldiyini qeyd edib: "191 il əvvəl bizim əcdadlarımızın bütün canfəşanlığına baxmayaraq, bəzi mərkəzdə oturanların xəyanəti nəticəsində İrəvan Türkmənçay müqaviləsi əsasında İrandan qoparıldı. Sonralar isə neftlə dolu olan Bəhreyn bir güllə atılmadan İrandan qoparıldı. İndi o xainlərin nəvələri bu bayraqla əcdadlarının İrəvan və Bəhreynin İrandan qoparılması ilə bağlı xəyanətlərini tarixdən silməyə çalışırlar”.

Qeyd edək ki, "Perspolis” - "Traktorsazi" görüşü zamanı "Perspolis”in şovinist fars tərəfdarları Azərbaycan-türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndirib, eləcə də Qarabağın "əsl adının” "Artsax” olduğunu bildirərək, əllərində pankartlar qaldırıblar.

Polis heç bir müdaxilə etməyib.
 
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!