Dünya 19:30 31.12.2017

İranda sosial mediaya qadağa qoyuldu: "Telegram" və "Instagram" bağlandı

Kütləvi etiraz aksiyalarının keçirildiyi İranda sosial mediaya qadağalar tətbiq olunmğa başlayıb.

Qaynarinfo xəbər verir ki, hökumət "Telegram" mesenceri və "Instagram"ı bloklayıb. Bu addım aksiyaçıların bir-biri ilə əlaqə saxlaması və etirazların daha geniş kütləyə yayılmasının qarşısını almaq məqsədi ilə atılıb. Qərar ölkənin Milli Təhlükəsizlik Şurası tərəfindən verilib.

İranda 3 gündür davam edən etiraz aksiyaları bütün ölkəyə yayılıb. Artıq iki aksiya iştirakçısı həlak olub. İran hökuməti aksiyaçıların polis tərəfindən vurulmadığını, gərginliyi artıqmaq istəyən xarici agentlər tərəfindən öldürüldüyünü bildirib.

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fazlı aksiyaçıları dövlət əmlakına ziyan vurmamağa çağırıb və "Dövlət əmlakına ziyan vuranlar, sabitliyi pozanlar və qanunları tapdalayanlar məsuliyyətə cəlb olunacaq, hərəkətlərinin cəzasını çəkəcəklər" deyib.