Dünya 18:00 17.01.2022

İrandan geri addım: İƏT-in Səudiyyədəki ofisində işini bərpa etdi (ŞƏRH)

"Bu addım İranın yeni prezidentinin qonşularla əməkdaşlığa üstünlük verməsindən qaynaqlanır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Tehranın 6 illik fasilədən sonra İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanındakı ofisində işini bərpa etməsinə münasibət bildirərkən deyib:

"İranın İƏT-dən çıxması Yəməndə husilərə qarşı Səudiyyə Ərəbistanı və BƏƏ-in hərbi əməliyyatlara başlaması ilə bağlı olub. Ancaq Tehran anlayır ki, ABŞ-ın sanksiyaları fonunda neft və qazla zəngin müsəlman ölkələrilə normal münasibətlər sistemi yaratmaq İranın xeyrinədir”.

Həmsöhbətimiz İranın yeni adminstrasiyasının doğru yolda olduğunu bildirib:

"Dünya artıq o dünya deyil ki, hər qarşına çıxanla Rusiya kimi hərbi yöndə davranasan. Bu yol əslində İranı dalana aparan yoldur. Düşünürəm ki, İranın yeni adminstrasiyası nəhayət ki, bunu anlayıb. Bir neçə ay öncə Terhan Azərbaycana qarşı da çox aqressiv davranırdı. Amma sonda nəticə etibarı ilə yeni prezident Rəisinin qonşularla əməkdaşlığa meyil etməsi üstünlük qazandı. Eyni məsələ bu gün Səudiyyə Ərəbistanı və Yaxın Şərqin digər islam ölkələrilə nünasibətlərdə də baş verməkdədir”.

İranın bu qayıdışında N. Miriyə görə, əsas səbəblərdən biri də regionda ABŞ-ın mövqeyinin zəifləməsidir:

"Belə olan vəziyyətdə İran boşluğu doldurmaq və dünənə qədər ABŞ-ı vazkeçilməz strateji müttəfiq sayan Əl-Riyadla normal münasibətlər qurmağa çalışır. Əl-Riyadla Tehran arasında artıq bir neçə dəfə danışıqlar da aparılıb. Bu, doğru yanaşmadır. Müsəlman ölkələri arasında hər hansı nifaqın olması arzuolunan deyil”.

Rüfət Sultan