Video 19:37 13.09.2018

İrandan gətirilən kartofda güvə aşkarlandı (VİDEO)

Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən İran İslam Respublikasından fitosanitar sertifikatla ixrac olunan və "Güllü-80” MMC–nin ünvanına göndərilmiş hər biri 24 min 700 kiloqram tutuma malik iki yük avtomobilində olan kartof məhsulundan götürülən nümunələrdə gövdə nematodu və kartof güvəsi zərərli orqanizmləri aşkar edilib.

Bu barədə Qaynarinfo-ya Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.

Aşkar olunan birinci fakt üzrə zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan və zərərvericidən nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.