Dünya 11:17 04.02.2013

İranlı deputatdan Urmiya gölü xəbərdarlığı

İranın Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərini ölkə parlamentində təmsil edən deputat Nadir Qazipur Urmiya gölündəki ekoloji fəlakətdən danışıb.

APA-nın məlumatına görə, N.Qazipur bildirib ki, Urmiya gölünün qurumasının qarşısının alınması Qərbi Azərbaycan vilayətinin əsas problemlərindən biridir: “Araz su anbarından Urmiya gölünə su axıdılması planlaşdırılırdı, hətta bunun üçün dövlət büdcəsindən vəsait də nəzərdə tutulmuşdu. Ancaq İran Energetika Nazirliyindən bildiriblər ki, indiyədək bununla bağlı heç bir iş görülməyib. Halbuki Urmiya gölü ətraf mühitin mühafizəsi üçün çox önəmlidir”.

Onun sözlərinə görə, Urmiya gölünün qurumasının qarşısının alınması üçün bir sıra layihələr mövcuddur və bunlar İran rəsmilərinin Qərbi Azərbaycan vilayətinə səfərləri zamanı siyahıya alınıb: “Bunlardan ən önəmlisi Nazlı və Baranduz sədlərinin tikintisinin dayandırılmasıdır. Belə ki, 2012-ci ilin avqustunda bunların dayandırılması haqda göstəriş verilib. Halbuki Nazlı səddinin 50%-i, Baranduz səddinin isə 40%-i tamamlanmışdı. Hazırda hər iki bəndin tikintisi tamamilə dayandırılıb və hələlik layihə icra edilmir. Bu sədlərin inşasının dayandırılmasının səbəbi maliyyə problemi ilə yanaşı, Urmiya gölündəki ekoloji fəlakətlə də bağlıdır”.

N.Qazipur deyib ki, bir müddət əvvəl Urmiya gölünə su axıdılması məsələsi ilə bağlı toplantı keçirilib və yığıncaqda bütün problemlər öz həllini tapıb: “Bu baxımdan Urmiya gölünün qurumasının qarşısının alınması üçün nəzərdə tutulan layihənin əməldə də icra olunmasını gözləyirik. Lakin İran Energetika Nazirliyi 2013-cü ilin aprel ayından Baranduz səddinin tikintisinin yenidən davam etdiriləcəyini açıqlayıb”.


Qaynar.info