Dünya 10:17 16.10.2017

İraq ordusu Kərkükdə əməliyyatlara başladı

İraq ordusu Kərkükdə yerləşən hərbi baza və neft quyularını İraq Kürd Bölgə İdarəsindən geri almaq üçün əməliyyatlara start verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İKBİ-nin təhlükəsizlik agentliyi bu barədə "twitter" hesabından məlumat verib və İraq ordusu ilə şiə "Həşdi Şabi" qüvvələrinin Kərkükün cənubundakı Təzə Xurmatu bölgəsindən "K1" hərbi bazası və neft quyularını ələ keçirmək üçün əməliyyatlara başladığını bildirib.

İraq prezidenti Heydər Əl İbadi silahlı qüvvələrə Kərkükdəki qüvvələrin təhlükəsizliyini təmin etmək üçün göstəriş verib.

İranın dəstək verdiyi "Həşdi Şabi" qüvvələri də İraq ordusuna dəstək verir. 

Təzə Xurmatu bölgəsində kürd və İraq qüvvələri arasında silahlı qarşıdurmanın yaşandığı bildirilir. İKBİ prezidenti Məsud Bərzaninin sözçüsü Həmin Havrami hadisə ilə bağlı açıqlama verərək Peşmərgə qüvvələrinin türkmənlərə aid "Hummer" maşınlarını yandırdığını, həmçinin bölgəyə irəliləyən İraq ordusunun dayandırıldığını deyib.

Kərkük valisi Nəcməddin Kərim əhalini Kərkükü qorumağa və silahlarını götürüb küçəyə çıxmağa çağırıb.

Məsələ ilə bağlı açıqlama verən ABŞ Müdafiə Nazirliyi "Gərginliyi artıracaq addımlardan uzaq durun. Şiddətin əleyhinəyik. Əsas hədəfimiz İŞİD olmalıdır. İraqın ərazi bütövlüyünü dəstəkləyirik. Referenduma baxmayaraq dialoq ən yaxşı yoldur" cümlələri ilə rəsmi mövqeyini ortaya qoyub.

Qeyd edək ki, İraq höküməti və Muxtar Kürd Vilayəti arasında ötən ay keçirilən müstəqillik referendumundan sonra vəziyyət gərginləşmişdi. İraq höküməti bu addımı qeyri-qanuni elan edib və kürd idarəçiliyini PKK terror qrupunu ərazidə yerləşdirməkdə ittiham edir.

Gülşən

Qaynarinfo.Az