Dünya 16:18 22.07.2022

İraq və Türkiyə savaşın astanasında (ŞƏRH)

İyulun 20-də İraqın şimalındakı Parax kəndi yaxınlığında baş verən və insan itkisilə nəticələnən partlayış Bağdadla Ankara arasında ciddi gərginlik yaradıb. Qeyd edək ki, partlayış nəticəsində ilkin məlumata görə, 8 nəfər ölüb, 23 nəfər yaralanıb. 

Rəsmi Ankara hücumun bölgədəki terror təşkilatları tərəfindən həyata keçirdiyini bəyan edib. Bağdad rəhbərliyi isə heç bir sübut göstərmədən Türkiyəni günahlandırmaq yolunu tutub. Onlar hücuma görə Türkiyənin məsuliyyət daşıdığını iddia edirlər. İraq administrasiyasının Türkiyəni ittiham etməsindən sonra baş nazir Mustafa Əl-Kazımi hücumla bağlı araşdırmaya başlayıb və Türkiyənin hücum etdiyinə dair heç bir sənəd və konkret sübut göstərməyib. 

İraq rəsmilərinin Türkiyəni heç bir sübut təqdim etmədən ittiham etməsi fonunda yerli əhali Türkiyə bayrağını yandıraraq gərginliyi artırıb. Ankara hücumda terror təşkilatı PKK-nı günahlandırıb və İraq hökumətini də hücumun araşdırılmasında əməkdaşlığa çağırıb. Buna baxmayaraq, İraq prezidenti Bərham Salih şəxsi "Twitter" hesabında bu hücumu pisləyib və ölkəsinin ərazi bütövlüyünün pozulduğunu bildirib. Bağdad məsələ ilə bağlı BMT-yə şikayət edəcəyini də bəyan edib. 



ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays hücumu yaxından izlədiklərini bildirib. O, deyib ki, mülki əhalinin öldürülməsi qəbuledilməzdir və bütün ölkələr mülki şəxslərin müdafiəsi də daxil olmaqla beynəlxalq hüquqa riayət etməlidir: "Biz İraqın ərazi bütövlüyü, təhlükəsizliyi və sabitliyinə və İraq Kürd Regional Rəhbərliyinə güclü dəstəyimizi davam etdiririk”. 

Gərginliklə bağlı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlama verib. O bildirib ki, hadisənin Türkiyə ilə əlaqəsi yoxdur: "Türk Silahlı Qüvvələrimizdən aldığımız məlumata görə, mülki insanlara hər hansı bir hücum olmayıb". 



XİN şefi İraq hakimiyyətini terror təşkilatı PKK-nın təsiri altında açıqlama verməməyə çağırıb: "Türkiyəyə qarşı irəli sürülən ittihamları, qərəzli bəyanatları rədd edirik. Dünən bu acı xəbəri aldıqdan sonra açıqlama verdik. Bir daha dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik. Biz də lazım gələrsə, yaralıları Türkiyəyə gətirə biləcəyimizi dedik”. 

Hər halda görünən odur ki, İraqda Türkiyə əleyhinə fəaliyyət qızışdırılır. Bu addımın arxasında çox güman ki, İran və Rusiya dayanır. Belə ki, həmin hadisənin Tehranda Türkiyə, İran və Rusiya prezidentlərinin görüşündən sonra baş verməsi heç də təsadüfi sayıla bilməz. Moskva və Tehran Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatı keçirməsinə əngəl olmaq istəyir. İraqın şimalında dinc insanların ölümü ilə nəticələnən partlayış iranpərəstlər üçün sanki göydəndüşmə olub. Onlar bu insidentdən sui-istifadə edərək regionda gərginliyin artmasına, anti-Türkiyə əhval-ruhiyyəsinin güclənməsinə nail olmağa çalışırlar. 

Yaranmış vəziyyət İraqda sünnü-şiə qarşıdurmasına rəvac verə bilərmi? Bu öz növbəsində Türkiyəni əməliyyatlara başlamağa vadar edə bilərmi? 

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan siyasi şərhçi Kənan Rövşənoğlu qeyd edir ki, İraqda baş verən hadisənin məzhəb mövzusu ilə heç bir əlaqəsi yoxdur: 



"Ortada təsdiqlənmiş məlumat belə yoxdur. Kürdlər və İraq rəsmiləri iddia edir ki, Türkiyə ordusunun əməliyyat zamanı atdığı mərmi dinc sakinlərin ölümünə səbəb olub. Bu çox faciəvi hadisədir, istənilən halda dinc sakinlərin ölümü kədər və narazılıq doğurur. Amma hərbi əməliyyatlar zamanı bu cür itkilərdən qaçmaq da mümkün olmur. 

Bu hadisəyə bütün İraq boyunca böyük etirazlar oldu, etirazçılar Türkiyə ordusunun ölkəni tərk etməsini tələb edir. Türkiyə artıq uzun illərdir ki, PKK və bir müddət İŞİD-ə qarşı mübarizə səbəbilə İraq ərazisinə ordu göndərir, xüsusən də şimal ərazilərdə PKK mövqelərini bombalayır. Sonuncu əməliyyat bir ilə yaxındır davam edir. Yəni Türkiyə ordusu onsuz da İraq ərazisindədir. 

Məzhəb  qarşıdurması söhbətinin əsası yoxdur. Çünki motiv məzhəb deyil, siyasi səbəblərdir. İraqın şimalında yaşayan kürdlərdir. Burada hər hansı dini-məzhəbi motiv yoxdur”.

Həmsöhbətimiz yaranmış insidentin xüsusi bir hərbi toqquşmaya gətirib çıxaracağını istisna edir: 

"Bu gözlənilmir. Yəqin ki, bir barışıq və razılıq əldə ediləcək”. 

Rüfət Sultan