Asif Nərimanlı
Siyasət 10:08 20.12.2021

İrəvana verilən 10 erməninin əvəzində nə aldıq?

Asif Nərimanlı

Bakı 16 noyabr sərhəd döyüşlərində saxlanılan daha 10 ermənini İrəvana təhvil verdi: vasitəçi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, erməniləri Bakıdan aparan isə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaardır.

10 erməninin qarşılığında Bakı nə qazandı?

Mina xəritələrinin dəqiq olmasa belə hamısının artıq alınması bu sualı aktuallaşdırır: əslində Bakının istədiyini Brüssel görüşündə aldığını deyə bilərik.
Görüşdən öncə Rusiyanın vasitəçiliyi ilə 10 erməniyə qarşı bütün xəritələr alındı. Aİ-nin Bakıda saxlanılan ermənilərin bir neçəsinin qaytarılmasına vasitəçilik edəcəyi gözlənilən idi və bu, qarşılığında nə veriləcəyi məsələsinə dair suallar yaradırdı. O zaman (dekabrın 14-də: görüş balanmamışdan öncə) bu haqda belə yazmışdıq:

"Aİ-nin vasitəçiliyi ilə Bakıda saxlanılan ermənilərin bir neçəsi İrəvana verilə bilər. Burada əsas məqam Bakının bir neçə ermənini İrəvəna verəcəyi təqdirdə, qarşılığında nə istəyəcəyidir, çünki dəqiq olmasa belə mina xəritələrinin hamısı alınıb: Bakı görüşün nəticələrinin, eləcə də bəyanatların məhz post-münaqişə dövrü ilə bağlı olmasını istəyə və bununla Avropa masasında da münaqişənin bitdiyi reallığını qəbul etdirə bilər”.

Bakı Brüsseldə buna nail oldu: müzakirə edilən məsələlər və görüşün nəticələrinə dair verilən bəyanat birbaşa post-münaqişə dövrü ilə bağlı oldu və Qarabağın adı ümumiyyətlə çəkilmədi; beləliklə, Avropa masasında da münaqişənin bitdiyi reallığı qəbul olundu və bu nəticəyə qarşılıq 10 erməninin qaytarılması ilə siyasi jest edildi.