Siyasət 14:08 29.07.2013

İsa Qəmbər Tiflisə gedəcəyi ilə bağlı qərar verdi

İyulun 30-da Müsavat Partiyasının başqanı İsa Qəmbər Tiflisə yola düşür. İ.Qəmbər Tiflisdə Milli Şura sədri Rüstəm İbrahimbəyovla görüşəcək.

Bu haqda Müsavat Partiyasının Divanı qərar qəbul edib.

“Yeni Müsavat” Milli Şura sədri Rüstəm İbrahimbəyovla görüş üçün Milli Şuranın 15 nəfərlik nümayəndə heyətinin Gürcüstan paytaxtına yola düşəcəyi haqqında xəbər vermişdi.

Qeyd edək ki, Milli Şura sədri, demokratik qüvvələrin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycan gəlişi ləngidiyi üçün Milli Şura üzvləri onunla Tiflisdə görüşəcək. Rüstəm İbrahimbəyovun Bakıya gəlişinin yubanması isə onun hələ də Rusiya vətəndaşlığından imtina ilə bağlı müraciətinə müsbət cavab verilməməsi ilə bağlıdır. Milli Şuranın qərarına görə, sədr Bakıya vətəndaşlıq məsələsi həll ediləndən sonra gələcək.

Bu arada Milli Şuranın Tiflisə gedəcək nümayəndələrinin siyahısı artıq dəqiqləşir. “Yeni Müsavat”ın əldə etdiyi xəbərə  görə, Müsavat başqanı İsa Qəmbərlə yanaşı, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Milli Şuranın Komissiya sədrləri Nurəddin Mustafayev, Gültəkin Hacıbəyli, Mehman Əliyev, ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan, Milli Şuranın Seçki Qərargahının üzvləri Zəfər Quliyev, Köçəri Nağıbəyli. AXCP sədri Əli Kərimli pasport probleminə görə ölkəni tərk edə bilmədiyi üçün AXCP-ni Milli Şuranın Tiflis görüşündə partiya sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı təmsil edəcək. KXCP sədri Mirmahmud Mirətlioğlunun verdiyi xəbərə görə, partiya yaxın saatlarda Tiflisə kimin gedəcəyi ilə bağlı qərar verəcək.

Qaynar.info