İsgəndər Həmidovla bağlı həbs olunanlar haqda son xəbər

İsgəndər Həmidovla bağlı həbs olunanlar haqda son xəbər

Vəkil Yavər Hüseynin müdafiə etdiyi Azərbaycan Xalq Hərəkatının (AXH) fəalları İlyas Abdullayev və Yavər Mikayılov ilə görüşünə hələ də icazə verilməyib. Onlar mayın 18-də saxlanılıb.

Vəkil deyib ki, onların Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlandığını güman etməyə əsas var.

BMCMİ fəalların orada olduğunu inkar edir, ancaq vəkilin sorğusuna da rəsmi cavab verilmir. Ötən gün vəkil Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edərək saxlanılan şəxslərin taleyinə aydınlıq gətirilməsini xahiş edib, ancaq bu qurumlardan da cavab ala bilmədiyini deyib.

Mayın 22-də vəkil hüquqlarının bərpası və onun müdafiə etdiyi şəxslərlə görüşə buraxılması üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

AXH son günlər daha bir neçə fəalının saxlanılması ilə bağlı məlumatlar yayıb. Qurum fəallarının saxlanmasının Bakı meriyasına mayın 25-də mitinq keçirməklə bağlı müraciəti ilə əlaqəli olduğunu iddia edir.

"Hələ müraciətə cavab verilməyib. Əksinə AXH-nin yerli şöbə sədrlərinin, yerli fəalların həbsi prosesi başlayıb” , AXH bildirir.

Mayın 22-də isə AXH-nin bir qrup fəalı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısına toplaşaraq saxlanılan yoldaşlarına dəstək olmaq istəyib.

"Bu zaman hərəkatın çoxsaylı üzvü saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb” , Gələcək Azərbaycan Partiyasının rəhbəri Ağasif Şakiroğlu Amerikanın Səsinə bildirib.

Rəsmi qurumlar AXH fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb. Rəsmi Bakı isə bir qayda olaraq insanların siyasi baxışlarına görə təqib olunmadığını bildirir.

Azərbaycan Xalq Hərəkatı 2019-cu il yanvarın 26-sı təsis olunub. Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə təsis edilən quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lideri İqbal Ağazadə), Demokrat Partiyası (lideri Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.

Mənbə: AmerikanınSəsi

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR