Dünya 18:05 17.07.2017

İŞİD-in viran qoyduğu şəhərin son görüntüləri (FOTOLAR)

İraqın ən böyük bölgəsi olan Mosul İŞİD terror qrupundan azad ediləndən sonra şəhərin son vəziyyəti fotolara həkk edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, şəhər azad olunandan 1 gün sonra çəkilən fotolarda toz-dumanın Mosulun üzərindən çəkilmədiyi görünür. Ərazinin böyük hissəsi xarabalığa çevrilib. Şəhərin mərkəzi olan Köhnə Şəhər isə ən çox zərər görən ərazidir.

Diqqəti çəkən digər məsələ isə İŞİD-dən qalan hərbi texnikadır. Yük maşınlarında gizlədilən texnika terror qrupunun öz istehsalıdır və qeyri-ənənəvi görünüşə sahibdir.

Canlı bomba maşınlarının içində xüsusi bölmələr, güllənin qarşısını almaq üçün polad lövhələr yerləşdirilib.

İnsanlar isə pis vəziyyətdə çadırlarda yaşamağa davam edir. Çadır düşərgələrində 170 ailənin olduğu bildirilir.

Qeyd edək ki, İraq höküməti 2014-cü ildən bəri İŞİD-in nəzarətində olan Mosulu ötən ilin oktyabrında azad etmək üçün hərbi əməliyyatlara başlamışdı. Təxminən 1 həftə əvvəl isə şəhərin terrorçulardan tamamilə təmizləndiyi elan edildi. Növbəti hədəf isə Telafer bölgəsinin İŞİD üzvlərindən azad etməkdir.

Gülşən
Qaynarinfo.Az