Siyasət 17:02 12.03.2020

İslahatlaırn yeni mərhələsi - siyasi partiyalarla dialoq

"Bütün siyasi qüvvələrin dialoq aparması, bir masa ətrafında anlaşması şərtdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasında "indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır” fikirini şərh edərkən deyib. 

Sədr Azərbaycanda sabitlik üçün ən əsas reseptin barışa söykəndiyini qeyd edib:



"Bütün siyasi qüvvələrin dialoq aparması, bir masa ətrafında anlaşması şərtdir. İqtidar tərəfindən dialoq təklifi çox normaldır. Siyasi arenada öz ölkəsinə bağlı olan, millil demokratik düşərgəni təmsil edən qüvvələrin mahiyyəti də bundan ibarətdir. Biz milli maraqlar üçün istəlinən fədakarlığa getməyə hazırıq. Yəni, milli maraqlar olan yerdə şəxsi və partiya maraqları ikinci yerə keçir. Ölkəmiz müharibə şəraitindədir. Biz ölkəmizin sabitliyini qorumaq, torpaqlarımızın qaytarılması, ölkəmizin güclü qalması üçün daxili birliyə mütləq nail olmalıyıq. Təbii ki, bütün tənqidlər çatışmamazlıqları sivil yolla ortaya qoymalıdır. Yalnız dünyagörüş savaşı olmalıdır və bütün problemlər masa ətrafında həl edilməlidir. Bu gün siyası arenada əksər qüvvələr bu xətti qəbul edirlər. Növbədənkar parlament seçkisində 19-dan çox partiya iştirak etdi. Prezidentin siyasi partiyalarla bağlı dialoq çağırışı çox normaldır. Hesab edirəm ki, normal düşüncəli siyasi qüvvələr prezidentin çağırışına səs verəcək və bu dialoq davamlı olacaq. Siyasi islahatlar deyəndə söhbət kimlərinsə getməsi, kimlərinsə qalmasından getmir. Söhbət hansı düşüncənin hakim olmasından və yanaşmalardan gedir. Bu günə kimi təcrübədə belə şey olmayıb. Artıq müxalifət parlamentin vitse-spiker postunda təmsil olunur, onların nümayəndələri komitə sədrlərinin müavinləri postuna seçilib. Hesab edirəm bunu icra strukturlarında da icra etmək mümkündür. Bu, təkcə hüquqi deyil, həm də məsuliyyət bölgüsüdür. Proporsional seçki sisteminin tətbiqi çox vacibdir”.

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, ölkə Prezidenti İlham Əliyev bu vaxta kimi həllini tapmayan, ən vacib məsələnin həlli ilə məşğuldur:



"Əminəm ki, hakimiyyətin siyasi partiyalarla apardığı iş Azərbaycan dövləti və cəmiyyəti üçün çox uğurlu olacaq. Prezident son çıxışlarında, xüsusi ilə Nazirlər Kabineti və Bakı Dövlət Universitetindəki çıxışlarında Azərbaycanda müxalifətə ehtiyacın olduğunu gündəmə gətirib. Hesab edirəm ki, Prezidentin çıxışları partiyalaşmaya stimul vermək formasında təzahür edir. Mən partiyalaşmanı iki istiqamətdə çox vacib hesab edirəm. Birincisi, biz sovet dövrü partiyalaşmasını görmüşük. Azadlıq, müstəqillik dövründə sovet dövründə fəaliyyəti olmayan, yaxud da qadağan olunan bir sıra təmayüllər, meyillər, ideoloji cərəyanlar partiyalaşma formasını seçdilər. Mən dini partiyaları nəzərdə tuturam. Azərbaycanın yaxın keçmişinə baxanda görürük ki, Azərbaycanda çoxlu miqdarda dini və etnik partiyalar olub. O cümlədən indinin özündə belə dini partiyalar mövcuddur. İkincisi, cəmiyyətdə dünyəviliyin inkişafı üçün partiyalaşma çox vacibdir. Ölkə Prezidenti ilk növbədə onu nəzərdə tutur. Hesab edirəm ki, Azərbaycanda partiyalaşma Qərb istiqamətində inkişaf edəcək. Ölkə Prezidenti cəmiyyətin dinamikasına təsir edəcək ən ciddi bir prosesi hədəf götürüb. İnşallah uğurla da  başa çatdırar”.

Bahar Rüstəmli